Assosiativ saziş Şərq Tərəfdaşlığı proqramını inkişaf etdirmək üçün əlverişli vasitədir

 

Sənəddə Ermənistanın işğalçılıq siyasəti yürütdüyü qeyd edilmişdir

 

 Azərbaycanla Avropa İttifaqı arasında assosiativ saziş üzrə danışıqlar 2010-cu ilin 15 iyul tarixindən başlanmışdır. Son danışıqlar isə 2011-ci ilin oktyabrında Bakıda keçirilmiş, müzakirələr aparılmış, müəyyən məsələlər ətrafında razılıq əldə olunmuşdur. Nəhayət, Avropa Parlamenti bir neçə gün öncə Strasburqda keçirilən sessiya çərçivəsində assosiativ saziş üzrə Azərbaycan-Avropa İttifaqı danışıqlarına dair qətnamə qəbul etmişdi. Siyasi analitiklərin fikrincə, bu mühüm sənədin qəbul edilməsi Azərbaycan üçün çox böyük irəliləyişlərə səbəb olacaq.

Avropa Parlamentinin bu məsələ ilə bağlı keçirilən toplantısında qurumun Xarici əlaqələr komitəsi adından finlandiyalı deputat Anneli Jaatenmakinin bu ilin 27 mart tarixində hazırladığı qətnamə layihəsi və assosiativ danışıqların gedişi ilə bağlı qətnamə layihəsi müzakirə edilib. Xatırladaq ki, Ermənistan ilə də assosiativ saziş üzrə danışıqların gedişinə dair oxşar qətnamə qəbul edilmişdir. Ona görə də hər iki ölkə üzrə hesabatın eyni gündə müzakirəsində məqsəd qurumun Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Avropa Parlamentinin daha fəal olduğunu nümayiş etdirmək olub.

Azərbaycanla bağlı müzakirələrdə çıxış edən Anneli Jaatenmaki ölkəmizin Avropa İttifaqının çox mühüm tərəfdaşı olduğunu bildirib: "Azərbaycan bu gün Aİ ölkələrini enerji ehtiyatları ilə təmin edir. Azərbaycanla assosiativ saziş üzrə danışıqlar aparmağımız hər iki tərəf üçün əhəmiyyətlidir və burada hər iki tərəfin maraqları qorunur. Biz ümid edirik ki, apardığımız danışıqlar çərçivəsindəki tövsiyələrimiz regiona sabitlik gətirə biləcək və Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, bu münaqişədən hər iki dövlət əziyyət çəkir. Təəssüf ki, ATƏT-in Minsk qrupu tərəfindən aparılan hazırkı danışıqlar nəticəsində münaqişənin həllinə nail olunmayıb. Bununla belə, münaqişənin həlli istiqamətində danışıqların daha da intensivləşəcəyinə ümid edirik. Hesab edirəm ki, Minsk qrupu bu istiqamətdə öz səylərini daha da artırmalıdır. Eyni zamanda, münaqişə tərəfi olan Azərbaycan və Ermənistan da bu istiqamətdə səylərini artırmalı və yekun sülh razılığının əldə olunmasına daha çox maraq göstərməlidirlər". O sonra  əlavə edib: "Daha vacib bir məqam isə Azərbaycanın bu il "Eurovision" yarışmasına ev sahibliyi etməsidir. Bir çoxları bu musiqi müsabiqəsini Azərbaycanda boykot etməyə çağırır, amma hesab edirəm ki, bu, düzgün çağırış deyil. Digər tərəfdən, belə bir yarışma çərçivəsində avropalı gənclərin bir yerdə olması, bir-biri ilə mədəni mübadilələr aparması da çox vacibdir".

Cənubi Qafqaz ilə bağlı Avropa strategiyasının öz əksini tapdığı sənəddə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanın əldə etdiyi uğurlar qeyd olunmuşdur. Qətnamədə ölkəmizin enerji təminatçısı və tranzit ölkə kimi əhəmiyyəti xüsusi vurğulanır. Avropa qonşuluq siyasəti çərçivəsində də ölkəmizin əməli fəaliyyəti yüksək qiymətləndirilir. Bildirilir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Avropa İttifaqı ilə ölkəmiz arasında məsləhətləşmələrin keçirilməsinə də əlverişli şərait yaradır. Qətnamədə vurğulanır ki, Avropa İttifaqı Azərbaycan ilə Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır: "Lakin həll olunmamış problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda sabitliyi sarsıdır, inkişafa əngəl törədir. Bu münaqişə Avropa qonşuluq siyasətinin tam inkişafına maneçilik törədir".      

Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Stefan Füle də gündəlikdəki məsələ ilə bağlı çıxış edərək fikirlərini bildirmişdir. O, bu yaxınlarda Bakıda olduğunu, həmçinin Brüsseldə Ermənistan prezidenti ilə görüşdüyünü sessiya iştirakçılarının diqqətinə çatdırmışdır: "Bu gün bizim Cənubi Qafqaz ölkələri, xüsusən də Azərbaycan və Ermənistanla münasibətlərimiz ilk sırada olan məsələlərdəndir. Mən hər iki ölkənin rəsmiləri ilə keçirdiyim görüşlərdə iki başlıca mesaj verdim. İlk olaraq onu deyim ki, biz bu iki ölkə ilə aramızdakı münasibətləri daha da genişləndirməyə hazırıq. 2010-cu ilin iyulunda başladığımız danışıqlar çərçivəsində Azərbaycanla bağlı artıq 5 plenar iclas keçirmişikbu müddət ərzində müəyyən irəliləyişlərin olduğunu da qeyd etməliyəm. İqtisadi islahatlara dair 28 paraqrafdan ibarət sənədin 13 paraqrafı artıq Azərbaycanla razılaşdırılıb. Bundan başqa, siyasət, təhlükəsizlik, ədliyyə və azadlıqlar sahəsində də müəyyən müsbət nəticələr əldə olunub. Hesab edirəm ki, hər iki ölkə ilə Avropa İttifaqı arasında assosiativ saziş üzrə aparılan hazırkı danışıqlar olduqca vacibdirbizim bu ölkələrlə münasibətlərimizin dərinləşdirilməsində böyük rol oynayır. Bu sazişlər "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində hər iki ölkə ilə bir sıra ikitərəfli əlaqələri inkişaf etdirmək üçün bir alətdir. Aİ sülh danışıqları ləng getdiyi üçün öz narahatlığını dəfələrlə ifadə edib. Hər iki ölkəni Madrid prinsipləri üzrə razılığa gəlmək üçün bu istiqamətdəki səylərini artırmağa çağırırıq. Bundan başqa, cəbhə xətti boyu baş verən hadisələr də bizi çox narahat edir. Aİ qarşılıqlı etimadın bərpa edilməsi və gücləndirilməsi üçün hər bir dəstəyi göstərməyə hazırdır".

Sazişdə vurğulanır ki, işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmayacağı, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına geri dönməyəcəkləri təqdirdə assosiativ saziş həyata keçirilə bilməz. Sənəddə ermənilərin hərbi təcavüzü nəticəsində yüz minlərlə qaçqının hüquqlarının pozulduğu göstərilmiş, bunun qeyd-şərtsiz, dərhal təmin olunması tələb edilmişdir. Ən vacib məqamlardan biri də Dağlıq Qarabağda referendum keçirilməsinin hüquqi cəhətdən mümkün olmadığının vurğulanmasıdır. Ermənistana aid olan qətnamədə bu ölkənin işğalçılıq siyasəti yürütdüyü qeyd edilirbunun Avropa qonşuluğuna zidd olduğu, "Şərq Tərəfdaşlığı" proqramına xələl gətirdiyi aşkar ifadə olunur. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyəti - hərbi manevrlər, hərbi texnikanın və şəxsi heyətin yenilənməsi kimi faktlar qeyd olunur. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında aparılan qanunsuz məskunlaşdırma siyasəti də qətnamədə öz əksini tapmışdır. Qeyd olunur ki, münaqişə beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllini tapmalıdır. BMT və digər nüfuzlu təşkilatların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli üçün qəbul etdikləri bütün qərar və qətnamələr dərhal yerinə yetirilməlidir. Avropa Parlamenti toplantıda Ermənistanı Dağlıq Qarabağa nizami ordu hissələri göndərməyi dayandırmağa çağırmışdır. Sənəddə bir çox məsələlərə toxunulub. Onlardan biri də Ermənistanın enerji sektorunun inkişafı ilə bağlıdır. Bildirilir ki, Ermənistan enerji sektorunu Avropa Ətraf Mühit Standartları və ESPOO Konvensiyasına uyğun şəkildə həyata keçirməlidir.

Sessiyanın sonunda Avropa Parlamentinin deputatları hər iki ölkə ilə assosiativ saziş üzrə müzakirələri davam etdiriblər. Əsasən demokratiya, insan hüquqları, mətbuat azadlığı, eləcə də Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası və digər Avropa institutları arasındakı münasibətlər müzakirə mövzusu olub.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 24 aprel.- S. 10.