Kitablar milli mədəniyyətin
dirçəliş resursudur
Ümumdünya Kitab və Müəlliflik hüququ Günü münasibətilə Müəllif Hüquqları Agentliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə növbəti dəfə Muzey Mərkəzində beynəlxalq konfrans keçirib.
Tədbirin məqsədi kitabın və müəlliflik hüququnun mədəni irsdə əhəmiyyətini bir daha xatırlatmaq, davamlı iqtisadi inkişafda, informasiya cəmiyyətinin formalaşmasında rolunu diqqətə çatdırmaq, yaradıcı şəxslərə cəmiyyətin münasibətini bildirmək və mədəni ənənələrimizin qorunub saxlanmasının vacibliyini diqqətə çatdırmaqdır.
Tədbiri açan Müəllif Hüquqları Agentliyinin sədri professor Kamran İmanov bildirib ki, Ümumdünya Kitab və Müəlliflik hüququ Gününün UNESKO-nun 1995-ci il noyabr ayının 15-də Parisdə keçirilmiş 28-ci sessiyasında elan olunmasında məqsəd dünya əhalisinin, xüsusilə gənclərin kitaba marağının artırılmasına, bəşəriyyətin sosial və mədəni tərəqqisində əvəzsiz xidmətləri olmuş şəxslərin əməyinin layiqincə dəyərləndirilməsinə, əqli mülkiyyətə və onların müəlliflərinə hörmət hissinin aşılanmasına yönəltməkdir. 1996-cı ildən başlayaraq hər il respublikamızda da Ümumdünya Kitab və Müəlliflik hüququ Günü xüsusi qeyd edilir.
O da vurğulanıb ki, UNESKO 2012-ci ildə Ümumdünya Kitab və Müəlliflik hüququ Gününün kitab və tərcüməyə həsr olunmasını tövsiyə edib. Ona görə də builki tədbir "Yaradıcıdan-kitaba, müəllifdən-müəlliflik hüququna" devizi altında keçirilir. Məşhur Volterin kəlamı ilə desək, "onlar ocaqlarımızdakı oda bənzəyirlər: onu qonşudan götürüb, özümüzdə yandırıb, digərlərinə veririk və beləliklə, onlar hamıya məxsusdur".
Onu da qeyd edək ki, Müəllif Hüquqları Agentliyinin xətti ilə bir sıra beynəlxalq və yerli əhəmiyyətli tədbirlər layihədən icraya keçib. Müasir poliqrafiya-nəşriyyat bazası yaradılıb ki, bu da dövlətin adıçəkilən sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 30 dekabr tarixli sərəncamına əsasən, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri ana dilimizə çevrilərək nəşr edilib. Həmçinin Azərbaycan ədəbiyyatı inciləri dünya, o cümlədən Avropa məkanına çıxarılıb, beynəlxalq kitab sərgilərində yüksək mükafata layiq görülübdür. Konfransda maraqçəkən faktlardan biri də ölkənin ümumi daxili məhsulunda əqli mülkiyyətə əsaslanan sənayenin payının 2005-ci ildəki 2 faizdən ötən il 4,5 faizə yüksəlməsidir. Agentlik xüsusi metodika ilə müəyyən edib ki, ÜDM-nin həcminin artmasının əsas səbəbləri (siyasi sabitlik və qanunvericiliyin tətbiqinin gücləndirilməsi, əlverişli investisiya mühitinin yaradılması) sırasında əqli mülkiyyət faktoru da mühüm rol oynayır.
Konfransda mədəniyyət və turizm
nazirinin birinci müavini Vaqif Əliyev,
UNESKO üzrə Azərbaycan Respublikası Milli
Komissiyasının birinci katibi
Günay Əfəndiyeva, Mədəniyyət
və Turizm
Nazirliyinin sektor müdiri Lətifə Məmmədova, Soloniki Aristotel Universitetinin dekanı, professor,
Yunanıstan Elmlər Akademiyasının fəxri üzvü, TVİNNİNQ layihəsinin eksperti Lambors Kotsiris, bir sıra
qeyri-hökumət təşkilatlarının və nəşriyyatların
nümayəndələri iştirak ediblər.
Azərbaycan.- 2012.- 24 aprel.- S. 11.