Prezident İlham Əliyev
Sumqayıt Texnologiyalar Parkında polimer məhsulları istehsalı zavodunun genişləndirilməsi işləri
ilə tanış olmuş, ağır
maşınqayırma və dəqiq emal mərkəzləri
zavodlarının açılışında iştirak etmişdir
Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında (STP) polimer məhsulları istehsalı zavodunun genişləndirilməsi işləri ilə tanış olmuş, ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışında iştirak etmişdir.
Dövlət başçısına məlumat verildi ki, 17 zavoddan ibarət olan STP-də respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Bu sənaye nəhənginin istifadəyə verilməsi nəticəsində yüzlərlə yeni iş yeri açılmışdır.
Prezident İlham Əliyevə STP kabel zavodunun tikintisinin üçüncü mərhələsi çərçivəsində yüksək gərginlikli kabellərin izolyasiya xətlərinin quraşdırılacağı qüllə barədə məlumat verildi. Bildirildi ki, burada 500 kilovoltluq güc kabellərinin iki izolyasiya xətti yerləşəcəkdir. Bu layihə MDB məkanı və Yaxın Şərqdə yalnız Azərbaycanda reallaşdırılır. Qüllənin yeraltı hissəsi 40 metr dərinlikdədir. Ümumi uzunluğu 124,5 metr olan qüllənin tikintisinə 2009-cu ilin sonunda başlanmışdır. Tikinti işləri və avadanlığın quraşdırılması 2012-ci ilin sonunadək başa çatdırılacaqdır.
Prezident İlham Əliyev avtobusla STP-nin ərazisini gəzdi. Bildirildi ki, dövlət başçısının tapşırıqlarına əsasən, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması məqsədi ilə park ölkəmizin sənaye nəhənglərindən birinə çevrilməkdədir.
Dövlət başçısı polimer məhsulları istehsalı zavodunun genişləndirilməsi işlərindən sonrakı vəziyyəti ilə tanış oldu.
Bildirildi ki, 2009-cu ildə zavod istehsala başlayan zaman burada cəmi beş xətt var idi. Genişləndirmə işlərindən sonra bu xətlərin sayı artırılaraq ümumilikdə 25-ə çatdırılmışdır. Müxtəlif təyinatlı boruların istehsalı üzrə ixtisaslaşan zavod hazırda nəinki respublikamızın, o cümlədən regionun ən perspektivli müəssisələrindəndir. Peşəkar kadrların çalışdığı bu müəssisədə ölkəmizdə və beynəlxalq bazarda kəskin ehtiyac duyulan qaz, su, kanalizasiya və digər məqsədlər üçün istifadə olunan alüminium təbəqəli çoxqatlı polietilen və polipropilen borular istehsal edilir.
Qeyd edildi ki, zavodun ümumi ərazisi 2,8 hektardır. Hazırda burada 400 nəfər işlə təmin edilmişdir. Zavod sutkada 396 ton polietilen boru istehsal etmək gücünə malikdir. Burada quraşdırılan yeni xətlərdə diametri 16 millimetrdən 800 millimetrədək olan borular istehsal etmək mümkündür. Zavodun məhsulları müasir tələblərə cavab verir. Polietilen borular yüksək təzyiqə davamlı olmaqla yanaşı, korroziyaya uğramır və onlara 50 il zəmanət verilir. Buradakı xətlərin hər biri saatda 1300 kiloqram polietilen boru emal etmək gücünə malikdir. Zavodda diametri 50 millimetrdən 250 millimetrədək olmaqla istehsal edilən drenaj boruları, həmçinin qızdırıcı xətlərin çəkilməsi üçün nəzərdə tutulan polipropilen borular da ən müasir tələblərə uyğun şəkildə, yüksək keyfiyyətlə istehsal olunur.
Diqqətə çatdırıldı ki, zavodda Almaniya istehsalı olan və ən son texnoloji yeniliklərə cavab verən avadanlıq quraşdırılmışdır. Bunun sayəsində müəssisədə yüksək keyfiyyətli və rəqabətə davamlı məhsul istehsal edilir. MDB-də bənzəri olmayan bu zavod daxili tələbatı tam ödəməklə yanaşı, məhsullarını bir sıra xarici ölkələrə də ixrac etməyi nəzərdə tutur. Müəssisənin idarə edilməsi tam avtomatlaşdırılmışdır. Gələcəkdə zavodun fəaliyyəti daha da genişləndiriləcəkdir. Yaxın günlərdə burada diametri 1200 millimetr olan kanalizasiya borularının istehsalına da başlanılacaqdır. Xammalı Almaniyadan alan zavod polipropilendən stadionlar üçün tamaşaçı oturacaqları və xüsusi sifarişlə bir sıra digər məhsullar istehsal etmək imkanına malikdir.
Müəssisənin fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.
* * *
Azərbaycan Prezidenti STP-nin ağır maşınqayırma zavodunun açılışında da iştirak etdi.
Diqqətə çatdırıldı ki, tikintisinə 2010-cu ildə başlanan müəssisə xammalı Rusiya, Türkiyə və digər ölkələrdən alır. Ümumi sahəsi 4,5 hektar olan zavodda dünyanın bir sıra aparıcı şirkətlərinin avadanlıqları quraşdırılmışdır. Zavodda 900 nəfər işlə təmin olunmuşdur.
Müəssisədə yaradılan şəraitlə tanış olan dövlət başçısına məlumat verildi ki, burada elektrik stansiyalarının inşası üçün metal konstruksiyalar və müxtəlif hissələr istehsal edilir. Zavodda, həmçinin 10, 110, 220 və 330 kilovoltluq elektrikötürücü xətlərin dayaqları hazırlanır. Burada, həmçinin energetika avadanlığının təmiri həyata keçiriləcəkdir.
Qeyd edildi ki, zavodun illik
istehsal gücü 50
min tondur. Bu cür
gücə malik zavod Cənubi Qafqazda yalnız Azərbaycandadır. Gələcəkdə müəssisənin fəaliyyətinin
daha da genişləndirilməsi
nəzərdə tutulur.
Zavod məhsullarını xarici
bazarlara çıxarmağı
da planlaşdırır.
* * *
STP-nin dəqiq emal mərkəzləri zavodunun açılışında
da iştirak edən Prezident İlham Əliyevə məlumat verildi ki, müəssisə maşın və mexanizmlərin işlək
detallarının dəqiq
emalı və hazırlanması sexindən
və bu sexin tərkibində olan pəstah, xüsusi təyinatlı avadanlığın işlək
hissələrinin emalından
və avadanlığın
işlək detallarının
dəqiq emalı sahələrindən ibarətdir.
Pəstah sahəsində detalların
hazırlanması üçün
lazım olan materiallar universal frez və torna dəzgahları
vasitəsilə müvafiq
ölçülərə gətirilir. Xüsusi təyinatlı
avadanlığın işlək
hissələrinin emalı
sahəsində isə
hidroturbin, alternativ enerji qurğularının
hissələri yüksək
dəqiqliklə və
keyfiyyətlə istehsal
olunur. Avadanlığın işlək detallarının
dəqiq emalı sahəsində müxtəlif
ölçülü valların,
reduktor hissələrinin
hazırlanması həyata
keçirilir. Zavoddakı bütün
"CNC" markalı torna
və frez dəzgahları Yaponiya istehsalıdır. Bu avadanlıq
əslində yüksək
dəqiqliyə malik üç, dörd və beş
oxlu emal mərkəzləridir. Mükəmməl kompyuter proqramları ilə təchiz olunmuş bu dəzgahlar eyni anda bir neçə
əməliyyatı həyata
keçirməyə imkan
verir.
Bildirildi ki, zavodda dünyanın
inkişaf etmiş ölkələrinin aparıcı
şirkətlərinin istehsal
etdiyi 58 dəzgah quraşdırılmışdır. Bu dəzgahlarda energetika, maşınqayırma və
neft sənayesi sektoruna aid bir çox detalların emalı mümkündür.
Burada, həmçinin plastik injektorlu qəliblərin, ştampların layihələndirilməsi,
hissələrin emalı,
yığımı yerinə
yetirilir. Zavodda kabel istehsalı üçün müxtəlif
ölçülü kalibrlər,
matrisa və s. istehsal olunur. Müəssisədə, həmçinin STP-nin polimer məhsulları
istehsalı və kabel zavodları üçün də müxtəlif ölçülü
detallar hazırlanır.
Zavod İsveçrə, İsveç
və Almaniyanın tanınmış şirkətləri
ilə əməkdaşlıq
edir. Gələcəkdə fəaliyyətini genişləndirəcək bu
müəssisənin işçiləri
bir sıra ölkələrdə ixtisasartırma
kurslarında iştirak
edirlər. Daxili bazardakı
tələbatı ödəyən
zavod məhsullarını
xarici ölkələrə
də ixrac edəcəkdir.
Zavodun fəaliyyəti ilə tanış olan dövlət başçısı müvafiq
tapşırıq və
tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2012.- 25 aprel.- S. 1.