“Rossiyskaya qazeta”: Azərbaycan möhtəşəm şou
hazırlayır
"Rossiyskaya qazeta"nın 24 aprel tarixli nömrəsinin qoşa səhifəsi bütünlüklə "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində olan Azərbaycana həsr edilmişdir. Qoşa səhifədəki ilk material Aleksandr Karavayevin "Öz yerində" adlı məqaləsidir. Məqalə bu sözlərlə başlanır: "Mahnı müsabiqəsində Azərbaycanın qələbəsi qanunauyğundur".
"Eurovision" Azərbaycan üçün nə deməkdir?", - deyə soruşan müəllif özü bu suala belə cavab verir: "Bu, hər şeydən əvvəl milli uğur hissidir. "Eurovision" kimi ziddiyyətli pop-media mədəniyyəti fenomenində qalib gəlmək bacarığı elə bir duyğu yaradır ki, ölkə müasir Qərb mədəniyyəti ilə ayaqlaşır. Azərbaycanlılar üçün bu tədbir həm də öz musiqi mədəniyyətinin brendi kimi çox vacibdir".
Müəllif fikirlərini əsaslandırmaq üçün izah edir ki, AZƏRBAYCAN sözünün yazılışına diqqətlə fikir versək, görərik ki, bu sözdə "caz" sözünün bütün hərfləri vardır, Azərbaycan musiqisini diqqətlə dinləyəndə başa düşmək olar ki, mayası muğam sənəti olan bu musiqi öz parlaq melodiyasına, ciddi harmoniyasına, oynaq ritminə, sərbəst improvizə ruhuna görə Amerika cazı ilə çox oxşardır.
A.Karavayevin fikrincə, ölkənin kütləvi mədəniyyət sahəsində uğurları Azərbaycanın müxtəlif ölkələrin elitaları tərəfindən beynəlxalq siyasi mənada qəbul edilməsinə dolayısı ilə təsir göstərir.
Qoşa səhifənin mərkəzində yerləşdirilmiş "Öz məşəlini alovlandır!" sərlövhəli material "Eurovision-2012" müsabiqəsinin təşkilat komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın "Trend" agentliyinə müsahibəsindən bir parçadır. Mehriban Əliyeva həmin müsahibədə ölkənin mahnı müsabiqəsinə necə hazırlaşması, "Baku Crystall Hall" barədə söhbət açır.
Mehriban xanım Əliyeva bu müsahibədə deyir: "İştirakçıların, qonaqların, tamaşaçıların əksəriyyəti üçün bu, bizim ölkə ilə ilk görüş olacaqdır və mən əminəm ki, qarşıdakı müsabiqə çox adamın Azərbaycanı daha yaxşı tanımasına, onun tarixi və mədəniyyəti ilə tanış olmasına kömək edəcəkdir". Mehriban xanımın fikrincə, "Eurovision"a hazırlığın səviyyəsi və keyfiyyəti barədə əsl fikri yalnız müsahibə başa çatandan sonra söyləmək olar.
Qoşa səhifədə "Eurovision-2012"-nin icraçı prodüseri Adil Kərimlinin "Yüksək dəqiqlik formatında" adlı məqaləsi də dərc edilmişdir. Bu məqalənin "Bakı super-şou hazırlayır" rubrikasında verilməsi hər şeydən xəbər verir. Məqalədə beynəlxalq mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün görülmüş tədbirlər sadalanır, qarşıdakı möhtəşəm şounun texniki təminatından bəhs edilir.
Şəhla Məmmədovanın "Düsseldorfda möhtəşəm qələbə" adlı materialında qədim Odlar Yurdunun nümayəndələrinin 2008-2011-ci illərdə "Eurovision" müsabiqələrində iştirak etməsi, sonuncu müsabiqənin bizim Nigar Camal-Eldar Qasımov duetinin müzəffər qələbəsi ilə başa çatması haqqında söhbət açılır.
Qoşa səhifənin ikinci yarısı Xəzər Axundovun "Yüksək standartlar üzrə" adlı materialı ilə açılır. Bu materialı oxuyanda aydın olur ki, ölkənin nəqliyyat və kommunikasiya sistemləri qonaqları qəbul etməyə hazırdır.
Bu səhifədə Samirə Kazımovanın "Möcüzənin yaranması" adlı reportajında müsabiqənin ən dəyərli obyekti - "Baku Crystall Hall" sarayı barədə məlumat verilir. Bu sarayın polad konstruksiyası 36 üzlü kristalı imitasiya edir. Konstruksiyanın üzərində düzülmüş lampalar Azərbaycanın üçrəngli bayrağının rəngləri ilə sayrışır. İsveçrənin "Nussli İnternational AG" şirkətinin əməkdaşı Harold Doşun fikrincə, bu möhtəşəm zalın inşa edilməsi prosesində ən qeyri-adi və ağlasığmaz fakt "Baku Crystall Hall" sarayının bu qədər qısa müddətdə tikilməsidir. Bu, əsl möcüzədir.
Qoşa səhifədə son akkord "Eurovision" mahnı müsabiqəsinin Azərbaycanı təmsil edəcək budəfəki iştirakçısı Səbinə Babayevaya həsr edilmiş "Vokal istedadlı hüquqşünas" adlı məqaləsidir. Səbinə ELL-NİKKİ duetinin uğurunu təkrarlamaq ümidindədir.
AzərTAc
Azərbaycan.- 2012.- 25 aprel.- S. 2.