İordaniya Azərbaycanın haqq işini dəstəkləyir

 

 Aprelin 24-də Milli Məclisin sədri Oqtay Əsədov İordaniya Haşimilər Krallığının Senatı sədrinin birinci müavini Abdurrauf Əl Ravabidənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, O.Əsədov bildirmişdir ki, Azərbaycan və İordaniya arasındakı mövcud dini və mədəni köklər, tarixi yaxınlıq xalqlarımızı bir-birinə sıx bağlayır. Ölkəmiz İordaniya ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. İkitərəfli münasibətlərimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm rol oynadığını vurğulayan sədr Prezident İlham Əliyevin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu ənənəni müvəffəqiyyətlə davam etdirdiyini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, dövlət başçılarının görüşləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər gələcək əməkdaşlığımız üçün etibarlı zəmin yaratmışdır.

Milli Məclisin Sədri siyasi dialoqla yanaşı, iqtisadi sahədə də münasibətlərin daha da dərinləşməsi üçün geniş imkanların olduğunu demiş, bu baxımdan Hökumətlərarası Komissiyanın və səfirliklərin müsbət rol oynaya biləcəklərini vurğulamışdır.

Milli Məclisin Sədri ölkəmizin İordaniya ilə parlamentlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, hər iki ölkə parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Deputatlarımız Parlamentlərarası İttifaqda, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqında birgə səmərəli fəaliyyət göstərirlər. Nüfuzlu beynəlxalq qurumlarda tez-tez görüşür, fikir mübadiləsi aparırlar. Dostluq qruplarının qarşılıqlı səfərləri parlamentlərarası əməkdaşlığın inkişafına öz müsbət töhfəsini verə bilər.

O.Əsədov ölkəmizin son dövrdə əldə etdiyi nailiyyətlər barədə  danışaraq bildirmişdir ki, bu gün dinamik inkişaf edən Azərbaycanın an ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Biz problemin həllində İordaniyanın Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk. İnanırıq ki, beynəlxalq birliyin səyi nəticəsində münaqişə tezliklə öz ədalətli həllini tapacaqdır.

Milli Məclisin Sədri bu ilin yanvarında İƏT Parlament İttifaqının İndoneziyada keçirilən tədbirində Xocalı soyqırımının tanınmasını yüksək qiymətləndirmişdir. Bildirilmişdir ki, bunun ardınca Pakistan Senatı da soyqırımı aktını tanıyan qətnamə qəbul etmişdir. Biz İƏT Parlament İttifaqının tövsiyəsinə əməl edərək digər müsəlman ölkələri, o cümlədən İordaniya Senatı tərəfindən də belə bir qərarın  qəbul olunacağına ümidvarıq. Qeyd edilmişdir ki, artıq Latın Amerikasında - MeksikaKolumbiya parlamentlərində bu cür qərarlar qəbul edilmiş, Avropa parlamentlərində bu məsələ ilə əlaqədar müzakirələr gedir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən İordaniya Haşimilər Krallığı Senatı sədrinin birinci müavini Abdurrauf Əl Ravabidə ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını bildirmişdir. Qeyd edilmişdir ki, oxşar mədəniyyəti, tarixi bölüşən xalqlarımız arasında əlaqələrin daha da inkişafı günün tələbidir. Bizim münasibətlərimiz qədim tarixi köklərə söykənir. Azərbaycana səfərdən məqsəd də əməkdaşlığımızın daha da dərinləşməsi barədə müzakirələr aparmaqdır.

Qonaq əməkdaşlığın inkişafında parlamentlərin özünəməxsus rol oynadığını ifadə edərək deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulamışdır. O, İordaniya xalqının Azərbaycanın uğurlarına sevindiyini və ölkəmizdə gördüyü inkişafdan məmnun qaldığını söyləmişdir. Qonaq bu inkişafı dövlətimizin başçısının yeritdiyi müdrik məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirmişdir.

Söhbətdə regional münaqişələrdən söz açan Abdurrauf Əl Ravabidə ölkəsinin Azərbaycanın haqq işini dəstəklədiyini vurğulayaraq Dağlıq Qarabağ probleminin tezliklə sülh yolu ilə həllinə inamını ifadə etmişdir.

Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Ərəstun Cavadov, İordaniya Senatı sədrinin müavini, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin sədri Mərvan Əl Humud və digər rəsmi şəxslər iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 25 aprel.- S. 3.