Azərbaycan və
Ukraynanın prokurorluq orqanları arasında əməkdaşlıq
məsələləri müzakirə olunmuşdur
Aprelin 24-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Ukrayna Prokurorluğunun Hərbi Prokurorluqlar Baş İdarəsinin rəisi Yuri Viytevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan və Ukrayna arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da dərinləşməsi və inkişaf etdirilməsində ölkələrimizin maraqlı olmaları və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən söhbət açan baş prokuror qonaqlara ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, prokurorluğun, o cümlədən hərbi prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin həyata keçirilməsi və köklü islahatların aparılması, eyni zamanda kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti, həmçinin respublika Hərbi Prokurorluğu orqanlarının strukturu, fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.
Respublikamızda aparılan məhkəmə-hüquq islahatları barədə məlumatlı olduğunu bildirən Yuri Viytev hər iki ölkənin hərbi prokurorluqları arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, iş təcrübəsi və məlumat mübadiləsinin, həmçinin istintaq işinin səmərəliliyinin artırılması məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini vurğulamış, eyni zamanda təmsil etdiyi təşkilatın Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini xüsusi qeyd etmişdir.
Görüşdə hərbi prokurorluq orqanları arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanmış, tərəfləri maraqlandıran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.
Görüşdə Ukraynanın Azərbaycandakı
səfiri Aleksandr Mişşenko və respublikanın hərbi
prokuroru Xanlar Vəliyev iştirak etmişlər.
Azərbaycan.- 2012.- 25 aprel.- S. 3.