Dubay nümayəndə heyəti Qəbələdə bir sıra müəssisələrin fəaliyyəti və bölgənin turizm imkanları ilə tanış olmuşdur

 

Dubay Əmiri Administrasiyasının rəhbəri, Dubay İnvestisiya Korporasiyasının icraçı direktoru Məhəmməd Əl Şaybaninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Qəbələ rayonunda bir sıra müəssisələrin fəaliyyəti, bölgənin turizm imkanları ilə tanış olmuşdur.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Qəbələ Konserv Zavodunda qonaqlara məlumat verilmişdir ki, müəssisədə müasir standartlara cavab verən avadanlıq quraşdırılmışdır. Zavodda müxtəlif növ meyvə püreləri, şirələr, turşular, mürəbbələr, cemlər, konsentratlar istehsal edilir. Müəssisənin məhsulları dünyanın 35-dən çox ölkəsinə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilir.

Qəbələ Piano Fabrikinin fəaliyyəti ilə tanışlıq zamanı Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də qeyri-neft sənayesinin inkişafına böyük diqqət göstərildiyi bildirilmiş, ölkəmizdə ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal müəssisələrinin yaradıldığı diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Qəbələ Piano Fabriki də belə müəssisələrdəndir. Regionda analoqu olmayan və beynəlxalq standartlara tam cavab verən fabrikdə dünyada məşhur olan "Beltmann" markalı pianolar istehsal edilir. Fabrikdə ildə 1000 ədəd piano istehsal edilirfabrikin yüksək keyfiyyətli piano və royallarına böyük tələbat vardır.

Dubay nümayəndə heyəti Qəbələdə beşulduzlu hotellər sistemi - "Qafqaz Riverside", "Qafqaz Recort", "Qafqaz Sport" hotelləri, rayonda yaradılmış müasir turizm infrastrukturu, füsunkar təbiəti ilə də tanış olmuş, onlara bölgənin turizm imkanları barədə geniş məlumat verilmişdir.

Dubay nümayəndə heyətinin üzvləri Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu vurğulamış, ölkəmizdəki dinamik sosial-iqtisadi inkişafdan, müasir texnologiyaya əsaslanan müəssisələrin yaradılmasından məmnunluqlarını ifadə etmişlər.

Məhəmməd Əl Şaybani Azərbaycanda bütün sahələrin, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etdiyini qeyd etmiş, yaradılmış müəssisələrin rəqabətə davamlı və müasir texnologiyalar əsasında qurulduğunu, ölkəmizin geniş turizm imkanlarının olduğunu vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 25 aprel.- S. 3.