Azərbaycanın bölgələrini təmsil edən jurnalistlər Türkiyəyə yola düşmüşlər

 

Azərbaycanın bölgələrində fəaliyyət göstərən jurnalistlərin Türkiyəyə səfəri təşkil edilmişdir.

Mətbuat Şurasının, "Zaman-Azərbaycan" qəzetinin, "Dialoq-Avrasiya" Birliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin, Qazeteçilər və Yazarlar Vakfnin Azərbaycandakı nümayəndəliklərindən məsul şəxslərin, eləcə də ölkəmizin 10 şəhər və rayonunda fəaliyyət göstərən yerli qəzetlərin baş redaktorlarının, rəsmi qəzetlərin və informasiya agentliklərinin bölgə müxbirlərinin təmsil olunduğu nümayəndə heyəti aprelin 24-də qardaş ölkəyə yola düşmüşdür.

Əvvəlcə Mətbuat Şurasında jurnalistlərlə görüş keçirilmişdir. Şuranın sədr müavini Umud Rəhimoğlu KİV nümayəndələrinə səfər proqramı barədə məlumat vermiş, bölgə jurnalistlərinin qardaş ölkəyə səfərinin ənənəvi olaraq hər il təşkil edilməsində əsas məqsədin Türkiyə və Azərbaycan KİV-ləri arasında təcrübə mübadiləsi, onların bilik və bacarıqların qarşılıqlı şəkildə bölüşməsi və jurnalistlərin biri-birini tanıması olduğunu bildirmişdir.

Azərbaycanlı jurnalistlər səfərdən əvvəl  Bakıda fəaliyyət göstərən "Zaman-Azərbaycan" qəzetində, Qafqaz Universitetində, Bakı Özəl Türk Liseyində, "Dialoq-Avrasiya" Birliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Azərbaycan nümayəndəliyinin ofisində olmuş, onların fəaliyyəti, maddi-texniki bazası, uğurları ilə tanış olmuşlar.

Nümayəndə heyəti dördgünlük səfər proqramı çərçivəsində Ankara, Konyaİstanbul şəhərlərinin media qurumlarını ziyarət edəcək, Türkiyə mətbuatı ilə yaxından tanış olacaqlar. Bundan əlavə, Türkiyə Böyük Millət Məclisinin deputatları ilə görüşlərin keçirilməsi, tarixi abidələrlə tanışlıq nəzərdə tutulur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 25 aprel.- S. 3.