Xalq qəhrəmanı Sultan bəyin 140 illik yubileyi qeyd edilmişdir

 

Ağcabədi rayonu ərazisindəki Taxtakörpüdə yerləşən Laçın Rayon İcra Hakimiyyətində xalq qəhrəmanı Sultan bəyin 140 illik yubileyi qeyd edilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı büstünü və şəhidlərin xatirə kompleksini ziyarət etmiş, önünə çiçək dəstələri qoymuşlar.

Sonra  rayon icra hakimiyyətinin inzibati binasının  foyesində Sultan bəy və Xosrov bəy qardaşlarının həyat və qəhrəmanlıq yollarından bəhs edən fotostendə baxış keçirilmiş, iştirakçılara "Xalq qəhrəmanı Sultan bəy" kitabı, "Laçın" qəzetinin  Sultan bəyin 140 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı təqdim olunmuşdur.

Tədbirdə xalq qəhrəmanı Sultan bəyin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Sultan bəy haqqında videofilm nümayiş etdirilmişdir.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov son illər Prezident İlham Əliyevin dəstəyi ilə Laçın rayonunun 85 illik, rayonun qocaman təhsil ocaqlarından olan Minkənd məktəbinin 120 illik yubileylərinin keçirilməsinin, bu gün isə Sultan bəyin anadan olmasının 140 illiyinin qeyd olunmasının hər bir laçınlı tərəfindən razılıqla qarşılandığını bildirmişdir.

XX əsrin əvvəllərində erməni daşnaklarının azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları, tarixi torpaqlarımızda Ermənistan dövlətinin yaradılmasından söhbət açılaraq bildirilmişdir ki, uzun illər üzərinə qadağalar qoyulan, arxivlərdə məxfi saxlanılan həqiqətlərin öyrənilməsinə imkan verilməmiş, xalqımızın başına gətirilən müsibətlər, qırğın və talanlar barəsində məlumatlar dünya ictimaiyyətinə çatdırılmamışdır. Ötən əsrin sonlarında dövlət müstəqilliyimiz ikinci dəfə bərpa edildikdən sonra keçmişin obyektiv mənzərəsi, tariximizin  qaranlıq qalmış bir çox səhifələrinin yenidən öyrənilməsinə imkan yaranmışdır. Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin 1997-ci il dekabrın 18-də və 1998-ci il martın 26-da imzaladığı fərmanlar azərbaycanlıların ermənilər tərəfindən deportasiya və soyqırımlara məruz qalmasına hüquqi-siyasi qiymət verilməsi baxımından ilk rəsmi sənəd olmuşdur. Ulu öndər Heydər Əliyev tərəfindən başlanmış bu tarixi missiya bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan həqiqətləri olduğu kimi beynəlxalq aləmdə geniş surətdə təbliğ olunur, ata-baba torpaqlarımızı xarici havadarların köməyi ilə işğal edən erməni millətçilərinin mənfur siyasəti dünya ictimaiyyətinə cəsarətlə çatdırılaraq daim ifşa olunur.

Tədbirdə "Xalq qəhrəmanı Sultan bəy" kitabının müəllifi, tarix elmləri doktoru Şikar Qasımov, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, Milli Məclisin deputatı Aqil Abbas, Ağcabədi və Xocavənd rayon icra hakimiyyətlərinin başçıları  Şahin Məmmədov və Eyvaz Hüseynov çıxış edərək, XX əsrin əvvəllərindəki ictimai-siyasi hadisələrdən, erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətindən, xalq qəhrəmanı Sultan bəyin 1918-1919-cu illərdə Qarabağdakı yaşayış məntəqələrimizin qaniçən Andranikin daşnak ordusundan mühafizə olunmasında müstəsna xidmətlərindən danışmışlar.

Məlumat verilmişdir ki, Sultan bəy Sultanov 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (Laçın rayonunun Kürdhacı kəndində) anadan olmuşdur. Şuşa qəza məktəbində ibtidai, Gəncə gimnaziyasında orta təhsil almış, Sankt-Peterburq Hərbi Akademiyasına daxil olmuşdur. Lakin təhsilini yarımçıq qoyub geri, doğma Laçına qayıtmışdır. Sultan bəy doğma yurdunda heyvandarlıqla və meşəçiliklə məşğul olmuş, yağ-pendir zavodu tikdirmişdir.

Sultan bəyin milli qəhrəmana çevrilməsi 1905-ci ildə ermənilərin xalqımıza qarşı təcavüzü ilə bağlıdır. Azərbaycan türklərinə qarşı qırğınlar törədən ermənilərə qarşı mübarizə aparan dəstələrdən birinə Sultan bəyin atası Əlipaşa bəy başçılıq etmişdir. Onun ən yaxın köməkçisi böyük oğlu Sultan bəy olmuşdur.

1918-1920-ci illərdə Sultan bəyin başçılıq etdiyi özünümüdafiə dəstələri Zəngəzur və Qarabağ bölgələrindəki müsəlman kəndlərinin mühafizə olunmasında müstəsna xidmətlər göstərmiş, Zabux dərəsində mühasirəyə alınan Andranikin ordusunun əsas hissəsi məhv edilmişdir. Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilmişonlardan 600 nəfəri əsir alınmış, İrana keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında məhv edilmiş, Zəngəzurda onlarla kənd erməni quldur dəstələrindən təmizlənmişdir.

Andranikin daşnak ordusunun Sultan bəy tərəfindən sarsıdıcı zərbə alaraq məğlubiyyətə uğraması ilə onun Qarabağı, sonra isə Gəncəni tutmaq, S.Şaumyanın bolşevik-daşnak hərbi hissələri ilə birləşərək Şimali Azərbaycanda erməni hakimiyyətini qurmaq planı iflasa uğramışdır.

Diqqətə çatdırılmışdır ki, Sultan bəyin və onun qardaşı, Qarabağın general-qubernatoru Xosrov bəyin xalqımız qarşısında xidmətləri misilsizdir. Onlar yalnız Zəngəzur və Qarabağın deyil, Kəlbəcərin, Basarkeçərin və digər ərazilərimizin də erməni quldurlarından qorunmasında hünər və qeyrət göstərmişlər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mühacir həyatı yaşayan Sultan bəy əvvəlcə İrana, 1923-cü ildə Türkiyəyə getmiş, 1955-ci ildə Qars vilayətinin Köçqoy kəndində dünyasını dəyişmişdir. Sultan bəy mühacirətdə olarkən ailəsi müsibətlərlə qarşılaşmış, 1937-ci ildə həyat yoldaşı, üç oğlubir qızı Qazaxıstana sürgün edilmiş və 1956-cı ilədək sürgün həyatı yaşamışlar.

Yubiley mərasimində çıxış edən Sultan bəyin nəvəsi, Bakı Metropoliteninin baş mühəndisi, Azərbaycan Respublikasının əməkdar mühəndisi Elbrus Muradov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

Rayonun ümumtəhsil məktəblərində "Sultan bəy erməni işğalçılarına qarşı mübarizə aparmış xalq qəhrəmanıdır" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin, qəhrəmanın 140 illik yubileyi münasibətilə rayonda təşkil olunmuş atçılıq və taekvondo idman növü üzrə yarışların qaliblərinə diplom və digər mükafatlar verilmişdir.

Tədbir Taxtakörpü ərazisindəki Heydər Əliyev parkında respublikanın tanınmış musiqiçilərinin iştirakı ilə konsert proqramı ilə davam etdirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 25 aprel.- S. 3.