Azərbaycanla İordaniya arasında əlaqələr yüksələn xətlə inkişaf edir

 

Dünən Azərbaycanda səfərdə olan İordaniya Haşimilər Krallığı Senatı sədrinin birinci müavini Abdurrauf ər-Ravabidənin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər.

Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ərəstun Cavadov qonaqlara Azərbaycanın sosial-iqtisadi inkişafı, beynəlxalq əlaqələri, Avropaya inteqrasiyası barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycan ilə İordaniya arasında münasibətlər möhkəmlənir, əməkdaşlığın əhatə dairəsi genişlənir. İşçi qrupunun rəhbəri vurğulayıb ki, iki ölkə arasında əlaqələrin inkişafında dövlətlərimizin başçılarının rolu böyükdür.

"Azərbaycan ilə İordaniya arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Dövlət başçıları İlham Əliyev və II Abdullahın dostluq münasibətləri bütün sahələrdə, eləcə də parlamentlərimiz arasında əməkdaşlığın inkişafı üçün geniş zəmin yaradır". Bu fikirləri isə Abdurrauf ər-Ravabidə söyləyib. Senatın sədr müavini Azərbaycana səfərlərindən məmnun qaldıqlarını bildirib. O deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf edib: "Bunu Bakıya düşən andan hiss etmək mümkündür. Səfərimizin məqsədi də parlamentlərarası əlaqələrin inkişafına və beynəlxalq əməkdaşlığa dair məsləhətləşmələr aparmaqdır".

Sonra işçi qrupunun üzvləri Astan Şahverdiyev, Çingiz Qənizadə, qonaqlardan Mərvan əl-Humud, Səfər əl-Huneyta, Təlal əl-Madi və başqaları ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyünün əhəmiyyəti, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə fikirlərini bölüşüblər.

Söhbət zamanı dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolu xüsusi qeyd edilib, qanunverici orqanlar arasında əməkdaşlığın vacibliyi vurğulanıb. Qeyd edilib ki, 4 il əvvəl İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti yaradılıb. Hazırda 300-dək üzvü olan bu cəmiyyət mədəniyyət sahəsində əlaqələrin inkişafında mühüm rol oynayır. Azərbaycanda da belə bir qurumun yaradılması vacib hesab olunur.

 

 

Azərbaycan.- 2012.- 25 aprel.- S. 4.