Tədqiqatlar Azərbaycanın alternativ və bərpa olunan enerjidən istifadə üzrə dünyada ən əlverişli ölkə olduğunu göstərir

 

Aprelin 24-də Bakıda Beynəlxalq Ekoenergetika Akademiyasının təşkilatçılığı ilə "Azərbaycan 2020: Bərpa olunan enerji və davamlı inkişaf" mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, Avropa İttifaqının (Aİ) dəstəyi ilə Energetika Sahəsində İslahatlara Dəstək Proqramı üzrə "Alternativ və bərpa olunan enerji mənbələri və enerjidən səmərəli istifadə sahələrində qanunvericiliyin təkmilləşdirilməsi və onun Aİ qanunvericiliyinə uyğunlaşdırılması" layihəsi çərçivəsində keçirilən beynəlxalq konfransda bərpa olunan enerji mənbələrinin inkişafı sahəsindəki qanunvericilik, sosial və ətraf mühit məsələləri müzakirə edilir.

Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev konfransı açaraq, Azərbaycanda energetika sahəsində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, ölkəmizdə bu sahə üzrə 33 qanun qəbul olunmuşdur. Akademiya tərəfindən qanunvericilik araşdırılmış və bərpa olunan enerji sahəsinin inkişafı üçün 17 təklif irəli sürülmüş, 20 adda normativ sənəd işlənilərək təqdim olunmuşdur.

Sonra tədbirdə Azərbaycan Respublikası sənaye və energetika naziri Natiq Əliyev, Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov çıxış edərək alternativ və bərpa olunan enerjidən istifadənin əhəmiyyətini vurğulamış, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışmışlar. Qeyd olunmuşdur ki, heç bir ölkə enerji problemlərini həll etmədən inkişaf edə bilməz. Əgər 1973-cü ildə dünyada təxminən 6 milyard 100 milyon tona kimi şərti yanacaq istifadə olunurdusa, hazırda bu rəqəm iki dəfə artaraq 12 milyard 200 milyon tona çatmışdır. Bunun tərkibində əsasən neftqaz məhsulları üstünlük təşkil edir. Neft məhsullarının istehsalı təxminən 2 milyard 100 milyon tondan 4 milyard tonadək, qaz istehsalı isə iki dəfə artmışdır. Bu istehsalın çoxalması, eyni zamanda, zəhərli qazların havaya buraxılmasını da iki dəfə artırmışdır.

Bildirilmişdir ki, neft, qaz, kömürbaşqa ilk enerji mənbələri tükənməz olmadığı üçün bəşəriyyət qarşısında böyük bir problem dayanır. Məhz bu səbəbdən alternativ enerjiyə maraq getdikcə artmaqdadır. Vurğulanmışdır ki, ənənəvi mənbələrdən neçə illər bundan qabaq da istifadə olunurdu. Ancaq indiki müasir dövrdə yeni texnoloji avadanlığı nəzərə alsaq, bu sahədən tam başqa bir səviyyədə istifadə etmək daha uğurludur. Hazırda dünyada ümumi elektrik enerjisi istehsalının tərkibində alternativ və bərpa olunan enerji təxminən 5 faiz təşkil edir. Ancaq elə ölkələr də var ki, onların iqtisadiyyatında bu, təxminən 30-40 faiz təşkil edir.

Diqqətə çatdırılmışdır ki, bu gün Azərbaycan çox böyük iqtisadi göstəricilərə malikdir. Respublikamız ötən 20 ildə neft hasilatını 5,5 dəfə, qaz hasilatını isə 6 dəfə artırmışdır. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə bu gün alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı da vacib məsələ kimi qarşıya qoyulmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri  üzrə Dövlət Agentliyi yaradılmışdır. Agentlik bu gün uğurla fəaliyyət göstərir. Artıq bir sıra işlər görülmüş, qarşıda isə yeni layihələr vardır. Bu sahədəki tədqiqatlar və işlər müstəqillik illərində, maliyyə imkanları yarandıqca daha sürətlə həyata keçirilməyə başlanmışdır. Azərbaycan 2020-ci ilədək alternativ və bərpa olunan enerjidən istifadə sahəsində 10 faizdən də yüksək nəticə əldə edə bilər. Aparılan tədqiqatlar respublikamızın alternativ və bərpa olunan enerjidən istifadə üzrə dünyada ən əlverişli ölkə olduğunu göstərmişdir. Külək, günəş, kiçik çaylar, geotermal sular, bioqazs. mənbələr respublikamızda çox geniş istifadə oluna bilər. Qeyd edilmişdir ki, Azərbaycanda 2020-ci ilədək alternativ və bərpa olunan enerjinin inkişafı üzrə Dövlət Proqramının hazırlanması üçün maliyyə vəsaiti də ayrılmışdır və proqram bu yaxınlarda təqdim olunacaqdır.

Qeyd edilmişdir ki, konfransda irəli sürülən təklif və tövsiyələr ümumiləşdirilərək müvafiq dövlət qurumlarına göndəriləcəkdir.

İşini plenar iclaslarda davam etdirən konfransda "Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri və enerjidən səmərəli istifadə sahələrində qanunvericiliyinnormativ bazanın işlənməsi", "Təmiz davamlı enerji mənbələri", "Yaşıl bina", "Bərpa olunan enerji - UNECE regionunda davamlı inkişaf vasitəsi" və digər mövzularda çıxışlar dinlənilmişdir.

Konfransda İsveçrə, Rusiya, Almaniya, Fransa, Türkiyə və  Sloveniyadan mütəxəssislər, eləcə də əlaqədar dövlət qurumlarının, beynəlxalq təşkilatların, şirkətlərin, xarici səfirliklərin və QHT-lərin nümayəndələri iştirak edirlər.

 

 

Azərbaycan.- 2012.- 25 aprel.- S. 4.