İordaniya
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həllinə tərəfdardır
"İordaniya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır". Bu fikri Azərbaycanda səfərdə olan İordaniya Haşimilər Krallığı Senatı sədrinin birinci müavini Abdurrauf ər-Ravabidə dünən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşdə səsləndirib.
Komitənin üzvü Rasim Musabəyov Azərbaycan ilə İordaniya arasındakı dostluq əlaqələrinin tarixindən danışaraq qeyd edib ki, hər iki ölkəni bir-birinə bağlayan bir neçə mühüm cəhət var: "Dövlətlərimizin başçılarının səyi nəticəsində ölkələrimiz arasındakı münasibətlər daha da genişlənib. Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdulla ölkələrimizi modern xətlə inkişaf etdirirlər. Parlamentlərimiz yaranmış bu cür əlverişli şəraitdən istifadə edərək əməkdaşlığı daha da genişləndirməlidirlər".
Abdurrauf ər-Ravabidə bildirib ki, İordaniya Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Səfərin məqsədi də bu barədə danışıqlar aparmaqdır. Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və s. məsələlər barədə fikir mübadiləsi aparılıb, deputatlarımızın beynəlxalq tədbirlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında eyni mövqedən çıxış etmələrinin vacibliyi vurğulanıb.
Senat sədrinin müavini eyni zamanda vurğulayıb ki, İordaniya xalqı da Azərbaycan xalqı kimi sülhün tərəfdarıdır və münaqişələrin dinc yolla həllində maraqlıdır. İordaniya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Azərbaycan.- 2012.-
25 aprel.- S. 4.