Midhət Teymur oğlu Abasov

 

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış alim, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Midhət Teymur oğlu Abasov 2012-ci il aprelin 23-də ömrünün 86-cı ilində vəfat etmişdir.

Midhət Abasov 1926-cı il iyulun 31-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1943-1949-cu illərdə ali təhsilini Azərbaycan Sənaye İnstitutunun Neft-mədən fakültəsində almış, 1949-1952-ci illərdə isə həmin institutun aspiranturasında oxumuşdur.

Əmək fəaliyyətinə 1949-cu ildə "Azneft" İstehsalat Birliyinin Qaradağ Neft Trestində mədən ustası kimi başlayan Midhət Abasov 1952-1953-cü illərdə Azərbaycan Sənaye İnstitutunda assistent, 1953-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasında neft ekspedisiyasının yeraltı hidrodinamika laboratoriyasında kiçik elmi işçi, böyük elmi işçi, rəis müavinilaboratoriya rəhbəri, 1958-1960-cı illərdə isə Azərbaycan ElmiTədqiqat Neftçıxarma İnstitutunda laboratoriya rəisi işləmişdir. O, 1960-cı ildən etibarən elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyası ilə bağlayaraq, burada 2003-cü ilədək Dərin NeftQaz Yataqları Problemləri İnstitutunda laboratoriya müdiri, elmi işlər üzrə direktor müavinidirektor vəzifələrini tutmuş, 2003-cü ildən ömrünün sonuna qədər Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun baş elmi işçisi olmuşdur.

Midhət Abasov 1976-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının  Yer Elmləri Bölməsinin akademik-katibi, 1990-1997-ci illərdə akademiyanın vitse-prezidenti vəzifələrində çalışmışdır. O, 1989-cu ildə 12-ci çağırış SSRİ Ali Sovetinə xalq deputatı seçilmiş, 1991-1992-ci illərdə isə Azərbaycan Respublikasının dövlət katibi işləmişdir.

Midhət Abasov 1953-cü ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü, 1984-cü ildə keçmiş SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Midhət Abasov 650-dən artıq elmi məqalənin, 16 monoqrafiyanın müəllifidir. O, bir sıra beynəlxalq elmi forum, konfranssimpoziumlarda iştirak etmişdir. Alimin rəhbərliyi ilə 21 elmlər doktoru və 40 elmlər namizədi hazırlanmışdır.

Tanınmış alim Midhət Teymur oğlu Abasovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

 

 

İlham Əliyev, Artur Rasizadə, Oqtay

 

 Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Mahmud Kərimov, Fatma Abdullazadə, Xoşbəxt Yusifzadə, Arif İsmayılzadə, Akif Əlizadə, İbrahim Quliyev, Tofiq Nağıyev

 

 

Azərbaycan.- 2012.- 25 aprel.- S. 4.