İordaniya Haşimilər Krallığı Azərbaycanı öz torpaqları uğrunda ədalətli mübarizəsində dəstəkləyir

 

İordaniya Haşimilər Krallığı Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda ədalətli mübarizəsində rəsmi Bakını dəstəkləyir.

AzərTAc xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığının Senatı sədrinin birinci müavini Abdurrauf ər-Ravabidə demişdir.

Abdurrauf ər-Ravabidə bildirmişdir ki, İordaniya nümayəndə heyətinin səfərinin məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsidir.

A.Ravabidə qeyd etmişdir ki, İordaniya sülhsevər dövlətdir. Biz hər hansı ölkələr arasında münaqişə olmasını istəmirik. Biz bütün münaqişələrin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Ona görə də İordaniya Haşimilər Krallığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıdır. Biz zor gücü ilə başqalarının torpaqlarının işğal olunmasının əleyhinəyik və bunu qətiyyətlə pisləyirik.

Xocalı faciəsinə münasibət bildirən qonaq soyqırımının tanınması üçün bu məsələnin əvvəlcə hər iki ölkənin parlamentləri arasında müzakirə edilməli olduğunu bildirmişdir.

"Beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilmiş Azərbaycanın inkişafı məni sevindirir"  deyən qonaq ölkəmizin son illərdə inkişafını, regionda və beynəlxalq arenada mövqeyinin möhkəmləndiyini də vurğulamışdır.

 

 

Azərbaycan.- 2012.- 25 aprel.- S. 4.