Avropa Birliyi Azərbaycana
dəstək, Ermənistana isə siyasi təzyiq
nümayiş etdirir
Strasburqda qəbul edilən qərar əldə
olunan nəticələrin yüksək
zirvəsi sayıla bilər
Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qəbul olunan qətnamə Azərbaycanın diplomatiyasının növbəti uğurlarından hesab olunur. Xatırladaq ki, assosiasiya müqaviləsi Avropa Birliyinin Azərbaycan və Ermənistanla apardığı danışıqların regionu daha təhlükəsiz etməsini, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir vasitəsini, həmçinin Avropa Birliyinin dəstəyi ilə insan hüquqları sahəsində demokratik islahatların həyata keçirilməsini nəzərdə tutur.
Qətnamədə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və Azərbaycanın nəzarətinə qaytarılması vurğulanır. İlk dəfədir ki, Avropa Parlamenti Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları işğaldan azad etməsini, həm hərbi, həm də fiziki kontingenti çıxarmasını assosiasiya sazişi üçün şərt olaraq ortaya qoyur. Avropa Birliyi hesab edir ki, əməkdaşlıq sülhə töhfə verəcək.
Bu məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz politoloqlar da deyirlər ki, qəbul edilən qətnamə Azərbaycan hökumətinin apardığı uğurlu xarici siyasətin parlaq təzahürüdür.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirir ki, Avropa Birliyi ilə Cənubi Qafqaz ölkələri arasında ən yüksək əlaqə və böyük iqtisadi dövriyyə Azərbaycanladır. Bu təşkilat keçmiş SSRİ ölkələri arasında ən normal münasibətləri Azərbaycanla qurub. Deputatın sözlərinə görə, Avropa Birliyi ilə Azərbaycan arasında belə bir qətnamənin qəbulu da təqdirəlayiq hesab olunmalıdır: "Avropa Birliyi ilə Azərbaycan əlaqələri getdikcə güclənir. Çünki Azərbaycan beynəlxalq layihələrdə iştirak etməklə yanaşı, mötəbər toplantılara, yarışlara da ev sahibliyi edir və Avropaya inteqrasiya prosesində ən qabaqcıl ölkədir. Hətta Avropa Birliyi ATƏT-in Minsk qrupunda Fransanı əvəzləmək istəyini də bəyan etmişdi".
S.Novruzovun fikrincə, Azərbaycanın ardıcıl olaraq apardığı uğurlu xarici siyasət, BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi Avropanın diqqətini çəkməyə bilməz. Deputat qeyd edir ki, Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri var. Bu dəfə isə Avropanın ən nüfuzlu qurumu olan Avropa Birliyi də bu məsələyə laqeyd qalmadı. Deputat hesab edir ki, bu cür uğurlar davamlı olmalıdır. Çünki Azərbaycan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində aktiv fəaliyyət göstərir və bundan sonra Avropanın ən böyük layihələri də Azərbaycan vasitəsilə həyata keçiriləcək: "Azərbaycanın xarici diplomatiyası, həyata keçirdiyi layihələr Avropanı haqq-ədalətə qiymət verməyə məcbur edir. Eyni zamanda, Avropa ölkələri bu yolla Ermənistanı düşdüyü blokadadan, iqtisadi tənəzzüldən qurtarmaq istəyirlər. Avropa Birliyi hesab edir ki, Cənubi Qafqazda sülh bərqərar olmasa, Azərbaycandan başqa digər dövlətlər ciddi ağır zərbələr alacaq. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqazın çox sürətlə inkişafına təkan verə bilər".
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Aydın Mirzəzadənin sözlərinə görə, Avropa Parlamentinin Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qəbul etdiyi qətnamə gözlənilən idi. Çünki ildən-ilə Avropada Azərbaycanla bağlı informasiyanın həcmi artmaqdadır və bu informasiya Ermənistandan fərqli olaraq, təbliğat xarakterli olmayıb, Azərbaycandakı real işin göstəricisidir: "Azərbaycan dünya üçün açıq olub, Avropanın qanunları ilə yaşayır və Avropa dəyərlərinə uyğun Şərq zənginliyini özündə birləşdirən bir dövlətdir. İldən-ilə Azərbaycanda əhalinin sosial vəziyyəti yaxşılaşır, demokratik dəyərlərin qorunması üçün tədbirlər görülür. Beynəlxalq aləmdə ölkəmizin nüfuzu kifayət qədər yüksəkdir". Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi nəticəsində ölkəmizin artıq Avropa üçün arzuolunan bir tərəfdaş hesab edildiyini deyən deputatın fikrincə, bütün bunlar konkret olaraq Avropanın nəzərindən yayınmır və Avropa Parlamentinin üzvləri tez-tez Azərbaycanda olurlar. Bu baxımdan qəbul edilən qərarda Azərbaycanla bağlı obyektiv məqamlar daha qabarıq şəkildə öz əksini tapıb.
A.Mirzəzadənin fikrincə, bu, Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatların qərarlarında əksini tapan ilk qətnamə deyil. Bundan əvvəl də bir çox beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Azərbaycandakı reallıq dəfələrlə göstərilib: "Ancaq Strasburqda qəbul edilən qərar bu sahədə əldə olunan bütün nəticələrin ən yüksək zirvəsi hesab oluna bilər. Avropa Parlamenti Ermənistanı işğalçı dövlət adlandırdı, bu ölkənin qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını tələb etdi. Eyni zamanda, Ermənistandan Azərbaycan qaçqınlarının geri qaytarılmasına şərait yaradılması tələb edildi", - deyən deputat bildirir ki, Avropada güclü dayağı olan erməni diasporunun olduğu şəraitdə Avropa Parlamentinin bu formada qərar qəbul etməsini, Ermənistana qarşı belə sərt ifadələrin səslənməsini gözləmək bir qədər çətin olub. Əksəriyyət hesab edirdi ki, ənənəvi olaraq bəzi təşkilatlar kimi Avropa Birliyi də Azərbaycan və Ermənistana eyni münasibət sərgiləyəcək: "Ancaq Azərbaycan daha çox Avropaya sürətli inteqrasiya etdikcə, Ermənistan Avropa və dünya dəyərlərindən uzaqlaşdıqca, fərq daha çox hiss olunur və Avropa Parlamenti bu vəziyyəti dəyərləndirməyə bilməz. Reallıqlar və iki ölkə arasındakı fərq həddən artıq qabarıq şəkildə müşahidə olunur. Əgər Avropa Birliyi bu reallığı inkar etmiş olardısa, Avropa cəmiyyətində bir qurum kimi nüfuzdan düşə bilərdi". Aydın Mirzəzadə bildirir ki, Azərbaycan gündən-günə özünün inkişafı, mədəniyyəti ilə Avropanın tərkib hissəsinə çevrilməkdədir və Avropa Parlamentinin qəbul etdiyi qətnamə Avropa Birliyinin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu göstərir. Qəbul edilən qərar Azərbaycana verilən yüksək qiymət və dəstək Ermənistana qarşı obyektiv siyasi təzyiq hesab oluna bilər. Çünki Ermənistanın tutduğu mövqe Avropanın mövqeyinə maneədir: "Bu dövlət işğalçıdır və regional layihələrdə iştirak etmir. Bu ciddi mesaj isə gündən-günə güclənəcək və Ermənistan bu vəziyyətdə ya özünü təcrid edilmiş, dünya qanunlarından kənar bir əraziyə çevirməlidir, ya da dünyanın tələblərinə əməl etməlidir".
Bu məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov isə deyir ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə işğalçı Ermənistanı məyus edib. İlk dəfədir bu təşkilat Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları işğaldan azad etməsini, həm hərbi, həm də təşkilat kontingentini çıxarmasını assosiasiya sazişi üçün şərt olaraq ortaya qoyur. Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazın Avropaya tam inteqrasiyasına mane olan ən mühüm problem olduğunu hesab edir: "Bu qətnamə ermənilərə daha bir zərbə hesab oluna bilər. Avropa Parlamentinin qəbul etdiyi qətnamə bir daha Ermənistana öz xülyasından əl çəkmək mesajını verdi". Deputat deyir ki, indi Ermənistan vəziyyətdən çıxış yolu axtarır.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2012.- 25 aprel.- S. 5.