AŞ Nazirlər Komitəsinin sədri
Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin
ümdə vəzifə olduğunu bildirmişdir
Azərbaycan
torpaqlarının işğaldan azad olunması ümdə vəzifədir.
Bu fikri Avropa Şurası Parlament Assambleyasının (AŞ
PA) yaz sessiyasının birinci iş günündə Avropa
Şurası Nazirlər Komitəsinin
sədri Devid Lindinqton azərbaycanlı deputat Rafael
Hüseynovun ona ünvanladığı suala cavabında səsləndirmişdir.
AŞ PA-nın yaz sessiyasının ilk iş
günündə Nazirlər Komitəsinin fəaliyyətdə
olan sədri, Böyük Britaniyanın xarici işlər
naziri Devid Lindinqton rəhbərlik etdiyi qurumun qış
sessiyasından ötən dövrdə gördüyü
işlər barədə hesabat vermişdir. Ənənəvi
olaraq daha sonra Nazirlər Komitəsi sədri ona ünvanlanan
sualları cavablandırmışdır.
Azərbaycan
nümayəndə heyətinin üzvü Rafael Hüseynov sədrə belə bir sualla müraciət
etmişdir: "Cənab nazir, sizə dəfələrlə
burada təkrarladığımız bir problemlə
bağlı növbəti dəfə oxşar sualı verdiyimə
görə üzr istəyirəm. Bu sual nəticəli cavab
olana qədər davam edəcəkdir. Bu sualla bir daha ona
görə müraciət edirəm ki, mənim seçicilərim
arasında çoxlu qaçqınlar və məcburi
köçkünlər var ki, onlar 20 ildir Ermənistanın
Azərbaycana təcavüzü nəticəsində faciəli
həyat yaşamağa məcburdurlar. Azərbaycanda bir milyona
yaxın insan var ki, onlar bizdən, o cümlədən Avropa
Şurasından ənənəvi, standart, heç bir praktiki
nəticəsi olmayan cavablar eşitməkdən yorulmuşlar.
Onların sadə bir tələbi vardır. Onlar Azərbaycanın
Ermənistan tərəfindən işğal olunmuş 20 faiz ərazisinin
azad edilməsini, öz doğma yurd-yuvalarına
qayıtmağı arzulayırlar. Real nəticəyə mane
olan isə daha çox kənardan idarə olunan və Avropa
Şurası qarşısında əsas öhdəliklərindən
birini yerinə yetirməkdən boyun qaçıran Ermənistandır.
Halbuki 11 il əvvəl Avropa Şurasına qəbul edilərkən
Ermənistan bu problemi sülh yolu ilə həll edəcəyini
öhdəlik olaraq götürmüşdür. Nazirlər
Komitəsi öz səlahiyyətləri çərçivəsində
Ermənistana bu istiqamətdə hansı konkret təsirləri
göstərə bilər?"
Nazirlər
Komitəsinin sədri bildirmişdir
ki, bu sualı hər dəfə qaldırmağa ehtiyac
vardır, problem son dərəcə vacibdir və onun həlli
yolu tapılmalıdır. Doğrudur, bu problemin həlli ilə
bilavasitə məşğul olan ATƏT-in Minsk qrupudur. Lakin
Avropa Şurasının da öhdəsinə çox iş
düşür. Bizim vəzifəmiz tərəflər
arasında anlaşmanın əldə olunması
üçün münasib şərait formalaşdırmaqdan
ibarətdir. Bu da unudulmamalıdır ki, Azərbaycan və Ermənistan
quruma eyni vaxtda qəbul ediliblər və öhdəlik də
bundan ibarətdir ki, məsələ sülh yolu ilə həll
edilməlidir. Zənnimcə, Avropa Şurasının Nazirlər
Komitəsi də problemin həllinə maksimal dərəcədə
təsirini göstərməlidir.
Azərbaycan
nümayəndə heyətinin digər üzvü Qənirə
Paşayeva da Nazirlər Komitəsinin
sədrinə sual verərək demişdir: "Cəmi bir
neçə gün sonra, may ayında Ermənistan tərəfindən
Azərbaycanın Şuşa şəhərinin və
Laçın rayonunun işğalının 20-ci ili tamam olur.
Artıq 20 ildir ki, yüz minlərlə azərbaycanlı
qaçqın və məcburi köçkünün, o
cümlədən şuşalıların və
laçınlıların öz doğma torpaqlarına
dönməsinə Ermənistan tərəfindən imkan
verilmir. Cənab nazir, nə üçün Ermənistana
işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi
və haqları 20 ildir ki, Ermənistan tərəfindən
tapdalanan yüz minlərlə
azərbaycanlı qaçqın və məcburi
köçkünlərin öz evlərinə dönməsi
üçün AŞ-nin rəsmi İrəvana təsir və
təzyiq mexanizmləri işə salınmır?
Nazirlər Komitəsinin sədri
bildirmişdir: "Siz tamamilə haqlısınız ki,
öz evinə dönə bilməyən yüz minlərlə
qaçqın və məcburi köçkün ailəsi
bundan çox əziyyət çəkir. Üstəlik,
onların öz evlərinə dönmək hüququ
vardır. Avropa Şurası Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsində ATƏT-in
Minsk qrupu ilə eyni səlahiyyətləri
bölüşmür. Mən hesab edirəm ki, Minsk qrupu
çərçivəsində hər iki ölkənin rəsmiləri
kəskin bəyanatlardan yayınaraq münaqişənin həlli
yollarının tapılması üçün səylərini
artırmalıdırlar. Həll yolları nə qədər tez tapılsa, qaçqın və
məcburi köçkünlərin evlərinə dönə
bilməməsi üçün çəkdiyi əziyyətlər o qədər
tez başa çatar və onlar öz torpaqlarına qayıda
bilərlər".
Azərbaycan.- 2012.- 25 aprel.- S. 5.