Avropa Şurasında Ermənistan növbəti dəfə ifşa edilmişdir

 

Ermənistanın ciddi müqavimətinə baxmayaraq, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında qurumun bürosu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətini davam etdirməsi barədə qərar qəbul etmişdi. AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun yaz sessiyasının ilk iş günündə hazırladığı və assambleyanın katibliyinə təqdim etdiyi bəyanat da məhz həmin xüsusi komitənin fəaliyyətini davam etdirməsi ilə əlaqədardır. Lakin bəyanat çərçivəsində R.Hüseynov yalnız Dağlıq Qarabağ üzrə alt komitə haqqında mülahizələrlə kifayətlənməmiş, növbəti dəfə Ermənistanın öz ölkəsi daxilində və Avropa Şurası çərçivəsində yeritdiyi riyakar siyasəti ifşa edən ciddi məqamlara toxunmuşdur.

Bəyanatda deyilir: "Avropa Şurası ailəsindəki üzv dövlətlərin bu qurumdakı fəaliyyət dövrləri müxtəlifdir. Hansısa ölkələr lap yarandığı vaxtdan bu təşkilatdadır, bəzi ölkələr 10, 20, 30 illik staja malikdirlər, bəzi üzvlər də sıralarımızda lap yenidirlər. Lakin kimin Avropa Şurasında nə vaxtdan üzv olmasından asılı olmayaraq, hamımız üçün eyni olan şərtlər vardır. Bu şərtlərin ən mühümü və birincisi ondan ibarətdir ki, bütün üzvlər bu təşkilat qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməli, Avropa Şurasının nizamnaməsindən irəli gələn tələbləri danışıqsız icra etməlidirlər. Bu, bir aksiomadır, amma təəssüf ki, son illərdə bəzən elə xoşagəlməz vəziyyətlərlə qarşılaşmalı oluruq ki, aksiomanı da isbat etmək ehtiyacı ortaya çıxır.

2005-ci ildə Parlament Assambleyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar uzun və ardıcıl müzakirələrdən sonra 1416 saylı ayrıca qətnamə qəbul edib. Həmin qətnamədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğu, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması faktları birmənalı şəkildə əksini tapıb. Assambleyada bu qətnamənin icrasına nəzarət, problemin həllinə bu təşkilat çərçivəsində mümkün kömək göstərmək üçün xüsusi komitə də həmin kontekstdə yaradılıb. Azərbaycan təcavüzə uğramış, yüz minlərlə insanı qaçqın və köçkünə çevrilmiş zərərçəkən dövlət olsa da, münaqişənin diplomatik vasitələrlə həllinin tərəfdarıdır. Ona görə də Azərbaycan öz tərəfindən Avropa Şurasında Dağlıq Qarabağ üzrə xüsusi komitənin işini davam etdirməsində həmişə maraqlı olub. Lakin Ermənistan hər dəfə bunun ziddinə gedir, Parlament Assambleyası rəhbərliyinin, büronun bu haqdakı qərarına tabe olmaqdan boyun qaçırır. Ermənistan bununla nəyə nail olmaq istəyir, belə ardıcıl intizamsızlığın mahiyyəti, məntiqi nədən ibarətdir?

Niyə Ermənistan bütün hərəkətləri, o cümlədən Avropa Şurası çərçivəsində büronun qərarına riayət etməməsi ilə münaqişənin bitməsində deyil, dərinləşməsində, hərbi əməliyyatların yenidən qızışmasında, bir sözlə, müharibənin başlanmasında maraqlıdır? Çünki bu gün Ermənistan bütün istiqamətlərdə tənəzzül və böhranla üz-üzədir. Ermənistandan çıxıb getmək imkanı olan əhalinin əksəriyyəti son illərdə ölkəni tərk edib. Bu proses intensiv şəkildə davam etməkdədir. Həm də ölkədəki indiki ağır iqtisadi, siyasi, antidemokratik vəziyyəti hər kəsdən əvvəl dünyaya bəyan edən, kömək istəyən bu ölkədəki demokratik qüvvədir. Ermənistan hakimiyyətinin indiki halda xilas yolu, ölkəni sarsıdan, xalqı uçuruma aparan siyasətdən diqqəti yayındırmaq üçün yeganə münasib hesab etdiyi vasitə müharibədir. Əslində, kasıb Ermənistan müharibəyə də hazır deyil və hər şey bu ölkə üçün fəlakətlə nəticələnə bilər. Öz xalqına qarşı belə qəddar mövqe tutmaq, hakimiyyət hərisliyinə günahsız xalqı qurban etmək çox ağır cinayətdir. Ermənistan hər gün buna doğru addım-addım daha da yaxınlaşır, Avropa Şurası çərçivəsində də bunu nümayiş etdirir. Mövqeyimiz bundan ibarətdir ki, Avropa Şurasında bir sıra təxirəsalınmaz tədbirlər görməliyik. Əvvələn, Ermənistandan Avropa Şurasının nizamnamə tələblərini yerinə yetirmək qəti şəkildə tələb olunmalıdır. Ermənistanın Parlament Assambleyası bürosunun Dağlıq Qarabağ xüsusi komitəsinin fəaliyyətini davam etdirmək haqqında qərarını mütəmadi şəkildə boykot etməsi ən kəskin şəkildə qiymətini almalıdır. Büronun qərarlarına Ermənistanın nümayişkaranə şəkildə etinasızlıq göstərməsinə sükutla cavab verilməsi, həmin hərəkətlərə qarşılıq olan cəzanın verilməməsi təşkilatın nüfuzuna xələl gətirən haldır. Gəlin təşkilatımıza, onun ali rəhbər qurumuna hörmətlə yanaşaq, nüfuzumuzu qoruyaq".

Bəyanatın mətni ingilis və fransız dillərində nəşr edilərək yayılmışdır.

 

 

Əsgər ƏLİYEV

 

Azərbaycan.- 2012.- 25 aprel.- S. 5.