ATƏT ilə Azərbaycan arasında əsas fəaliyyət sahələri müzakirə olunmuşdur

 

ATƏT-in Bakı ofisi və Azərbaycan Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə aprelin 24-də "ATƏT-Azərbaycan: prioritetlər və əsas fəaliyyət sahələri" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay tədbirin məqsədindən və təmsil etdiyi qurumun fəaliyyətindən danışmışdır. Bildirilmişdir ki, ATƏT-in Bakı Ofisi rayonlarda da fəaliyyətini artırmağa çalışır, "dəyirmi masa"lar təşkil edir. Hər il qurum ölkəmizdə Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində 90-dək layihə həyata keçirir.

K.Tarqay qeyd etmişdir ki, demokratikləşmə, söz azadlığı, iqtisadiyyat və ətraf mühit mövzularını əhatə edən layihələr Azərbaycan hökumətinə kömək məqsədi ilə həyata keçirilir.

Sonra ATƏT-in Bakı ofisinin Siyasi-hərbi, İqtisadiyyat və ətraf mühit, Qanunun aliliyi, Demokratikləşmə şöbələrinin nümayəndələri Təranə Bağırova, Laura Kondemi, Monika MartinezNikolos Deç təmsil etdikləri şöbələrin fəaliyyəti, Azərbaycanda həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat vermişlər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış və mövzu ilə bağlı müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 25 aprel.- S. 6.