Dünyanı dolaşan səslər

 

Şuşanın işğalından 20 il ötür

 

Musiqi tədqiqatçısı Firudin Şuşinski yazırdı: "İtaliya vokal məktəbi Avropa musiqi tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq musiqi tarixində eyni mövqeyi tutur". Şuşada doğulub, böyüyüb, buradakı musiqi mühitində öyrənənlərin xoş sorağı sonralar Azərbaycanın sərhədlərini də aşdı. Şuşadan gələn ifaçılar milli musiqi sənətinin yeni səhifəsinə məhz öz nəfəslərinin möhürünü vurdular. Füsunkar təbiətli Şuşanın sinəsindən su içənlər, hava alanlar, doğma yurddan pərvazlanaraq böyük vətənin şöhrətini ellərə yaydılar. Milli vokal sənətinin ustadı Bülbül oxuyanda bülbüllər də susarmış

Deyirlər ki, Şuşada gül-gülü çağıran vaxtlarda səkkiz yaşlı bir uşaq baharın gəlişindən ruhlanaraq bülbülün avazına səs verib, amma cavab almayıb. Bülbüllər susaraq bu təzə və gözəl səsə məftunluqla qulaq kəsiliblər. Oxuyan Murtuza Məmmədov olub. Demə, bülbüllər susarmış o oxuyanda. Bu səbəbdən də ata-ananın qoyduğu ad unuduldu. El onu Bülbül kimi tanıdı, sevdi və yaşatdı. Rəngarəng, çoxşaxəli yaradıcı fəaliyyəti ilə Azərbaycan mədəniyyətinin bütün sahələrini əhatə edən Bülbül spesifik Şərq oxuma məktəbindən Avropa vokal məktəbinə keçmiş ilk müğənnimizdir. Vokal sənətinin inkişafı ilə əlaqədar "ilk" sözü bir çox sahədə Bülbülə aiddir. Fikir verin: Bülbül ilk azərbaycanlı vokalçı, vokal sənəti üzrə ilk azərbaycanlı professor, vokalçıların 1933-cü ildə Moskvada keçirilən Ümumittifaq müsabiqəsinin ilk azərbaycanlı laureatıdır. Avropa ifa texnikasının Azərbaycan milli musiqisinə tətbiqi - bu, ancaq Bülbülün xidmətidir. Bülbül yeni operaların yaradılması uğrunda da böyük fədakarlıqla çalışıb. Vaxtilə xarici ölkə bəstəkarlarının Azərbaycan səhnəsində tamaşaya qoyulan operaları son dərəcə böyük ustalıqla və məharətlə italyan dilində ifa edən Bülbülün açdığı yeni cığırlar heç də o dövrdə birmənalı qarşılanmırdı. Bülbül bir tərəfdən heyrətamiz uğurlar qazanırdısa, digər tərəfdən də müqavimətlərlə rastlaşırdı. Amma Bülbül, bütün ziddiyyətli fikirlərin əksinə olaraq, musiqi mədəniyyəti tariximizə öz adını pozulmaz nailiyyətlərlə həkk etdirdi. O, opera səhnəmizdə Azərbaycan musiqisini ilk dəfə simfonizmə qovuşdurmağı bacardı. "Şahsənəm" operasında Bülbülün yaratdığı Aşıq Qərib obrazı dolğun və mükəmməl alındı.

Bülbül xalq mahnılarını da sevə-sevə oxuyurdu: "Yaxan düymələ", "Qara tellər", "Qalada yatmış idim", "Ay bəri bax", "Xumar oldum", "Almanı atdım xarala" kimi xalq mahnıları Bülbülün nəfəsində yeni və misilsiz ifaçısını tapmışdı. Milli operamızın tacı sayılan "Koroğlu"da Bülbül bu xalq qəhrəmanının qiyafəsində səhnəyə çıxdı. 1937-ci ilin ağır repressiyaları at oynatdığı bir məqamda Bülbül qılınca qurşanırdı, saz çalırdı, haqsızlığa üsyan edirdi. Onun səsi və mahnıları zamanın fövqündə addımlayırdı. Böyük məhəbbətlə ifa etdiyi "Ölkəm" romansı Azərbaycan təbiətinin gözəlliyini bütün incəliklərinə qədər insanlara çatdırırdı. Böyük Nizaminin sözlərinə dahi Üzeyir Hacıbəyli tərəfindən musiqi həyatı verilmiş "Sənsiz" romansı illərdir ki, vokal sənətimizin zirvəsində dayanıb. Respublikamızda vokal məktəbinin yaradıcısı kimi bir çox istedadlı ifaçıların yetişməsində gərgin əmək sərf edən Bülbül istedadlı müəllim, tədqiqatçı alim kimi də fəaliyyət göstərirdi. O, 1937-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının professoru olub. Bir fakt da maraqlıdır ki, Bülbül ötən əsrdə incəsənət xadimləri arasında parlament üzvü seçilən ilk şəxsiyyətlərdən biri idi. Dünyasını dəyişənə kimi də deputat olaraq qalıb.

Bülbül ata yurdu Şuşanı çox sevirdi. İmkan tapan kimi tez-tez bu dilbər guşəyə can atardı. Namərd ermənilər isə Bülbülün ruhu dolaşan bu füsunkar şəhəri 20 ildir ki, işğal altında sızladırlar. Daşnaklar böyük sənətkarın ev-muzeyini dağıtdılar. Bülbülün və sənət dostlarının abidələrini atəşə tutdular. İndi Bülbülün lent yazılarına qulaq asanda qəribə bir xiffət keçiririk. İstər-istəməz fikirləşirsən ki, Bülbül özü də elə Vətən deməkdir. Onun səsinin sehrində Şuşa dağlarının vüqarı görünür, zümrüd meşələrin ətri gəlir. Bir məsələdən də təsəlli tapırıq ki, bu böyük sənətkarın Azərbaycan mədəniyyətində saldığı yol övladı, musiqi ifaçısı, bəstəkar Polad Bülbüloğlu tərəfindən ləyaqətlə davam etdirilir.

 

 Qalalıların xoş sorağı

 

 Qeyri-adi və zəngin çalarlı səsə malik olan Rəşid Behbudov nəinki Azərbaycana, eləcə də keçmiş sovet məkanına məxsus ifaçılıq məktəbinin çox görkəmli nümayəndələrindən biri olmuşdur. Bu, faktdır: Rəşid Behbudovdan sonra ikinci elə bir sənətkarımız yoxdur ki, 50-dən artıq xalqın mahnısını öz dillərində ifa etsin. Böyük müğənninin səsinin ahəngində, nəfəsində qəribə bir həzinlik, məlahət vardı.

O, 1915-ci ildə xanəndə Məcid kişinin ailəsində dünyaya gəlmişdi. Atası Məcid Behbudov 1873-cü ildə Şuşada doğulmuşdu. Hələ uşaq yaşlarından onun gözəl səsi eşidənləri heyran qoyurdu. Gənc yaşlarından xanəndəlik etməyə başlayan Məcid Behbudov sonralar Tiflisə köçərək uzun müddət bu şəhərdə yaşadı. Azərbaycan milli vokal məktəbinin görkəmli nümayəndələrindən sayılan Məcid Behbudovun xalq mahnılarının yaşadılmasında, sevilməsində böyük rolu olub. "Mirzə Hüseyn segahı"nın, "Şüştər" və "Çahargah" muğamlarının, eləcə də bir çox xalq mahnılarının mahir ifaçısı sayılan Məcid Behbudovun səsini 1914-cü ildə Riqada "Qrammofon" şirkətində vala yazıblar. Bir çox musiqili tamaşalarda da çıxış edən Məcid Behbudov Təbriz, İstanbul və Sofiya şəhərlərində konsertlər verərdi. Belə bir kişinin ocağında böyüyən övladlar da atalarına layiq oldular.

Rəşid Behbudovun səsi dünyanı heyran qoydu. Qardaşı Ənvər Behbudov 1912-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Uzun illər Rusiyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatrlarda rejissor və bədii rəhbər kimi çalışdı. Məşhur filmlərin quruluşunu verdi. Rusiyanın xalq artisti kimi fəxri ada layiq görüldü. 1966-cı ildən Azərbaycan Opera və Balet Teatrında baş rejissor vəzifəsində işlədi. 1969-cu ildə "Koroğlu" operasının baş rejissoru oldu.

İki qardaşın yeganə bacısı olan Nəcibə Behbudovanın həm teatr sənətinin, həm də kinomuzun inkişafında böyük xidmətləri olmuşdur. 15-ə kimi filmə çəkilən Nəcibə Behbudovanın da özünəməxsus həzin səsi vardı. Uzun illər Musiqili Komediya Teatrında çalışan Nəcibə xanımın səsini eşidənlər onun necə həzin və həvəslə oxuduğunu etiraf edirdilər.

Bir məsələ də var ki, bu üçlük həmişə qalalı - yəni şuşalı olduqlarını iftixarla dilə gətirərdilər. Ötən əsrin sonlarında bədnam qonşularımızın "Qarabağ kartı" ortaya ataraq başladıqları münaqişələr Rəşid Behbudovun da əsəblərini tarıma çəkdi. Xüsusilə də soydaşlarımızın indiki Ermənistandan - əslində dədə-baba torpaqlarından vəhşicəsinə qovulması Rəşid Behbudovu bir vətəndaş olaraq qəzəbləndirmişdi. Həmin vaxt SSRİ Ali Sovetinin deputatı olan Rəşid Behbudov soydaşlarının tapdanmış hüquqlarının müdafiəsi naminə xalqımıza düşmənçilik etmiş Mixail Qorbaçovla üz-üzə gəldi. 1989-cu ilin yayında elə Moskvada ürəyi dayanan Rəşid Behbudovun bu müəmmalı ölümü sirli qaldı.

Əslində, gözəl səs ölmür. Onu gəzdirən, Yer üzünü dolaşdıran varlıq dünyasını dəyişərək haqqa qovuşur. Bu gün Rəşidin səsi yenə də bizimlədir, cismi torpağa tapşırılıb. Allahın altında bütün varlığı ilə ürəkdən sevdiyi, əcdadlarının vətəni olan Şuşadan o böyük müqəddəs cismin Bakıda uyuduğu qəbrinin üstünə bir qucaq dağ çiçəkləri gətirə biləydik. Rəşid Behbudov nikbin ruhlu, həyat eşqli bir sənətkar idi. Oxuduğu bütün nəğmələrdə də bu coşqunluq var. Hətta ən kədərli, həzin şərqilərində də yaşamaq həvəsi duyulur. Bu səbəbdən də onu xatırlayanda xiffətlənməkdən çəkinirsən. Çünki bu yurdun, torpağın dağı, daşı kimi, Rəşidin səsi əbədidir, həmişə bizimlədir!

 

 Məcnunlardan biri

 

 Muğamları, xalq mahnılarını şirin səslə ifa edən Əbülfət Əliyev 1926-cı ilin dekabrında Şuşada anadan olmuşdu. Onun həyata gəlişi ailəyə böyük xoşbəxtlik gətirmişdi. Şuşada elə bir mühit  var idi ki, xüsusilə yayda burada qeyri-adi bir canlanma olardı. Müxtəlif yerlərə səpələnmiş şuşalı musiqiçilər, xanəndələr mütləq yayda buraya gələr, Cıdır düzündə, Bazarbaşı deyilən yerdə musiqili məclislər təşkil edər, çalıb oxuyardılar. Əbülfətin uşaqlığı da məhz belə məclislərdə keçərdi. Seyid Şuşinskini, Xan Şuşinskini, Musa Şuşinskini ilk dəfə Şuşada görən, onların bənzərsiz ifalarına qulaq asan bala Əbülfətin də qəlbi cuşa gələr, pünhani çağlarında zümzümə edərmiş. Atasını çox erkən itirən Əbülfət uzun müddət Şuşada yaşaya bilməyib. Qaryaginə (indiki Füzuli) babasıgilə köçmək məcburiyyətində qalıblar. Onlar burada dörd il yaşayıblar. Sonra isə Ağdama köçüblər. Əbülfət təhsilini bir nömrəli şəhər məktəbində alıb. Məktəbdə oxuduğu illərdə musiqi dərnəyinə yazılıb. Bir gün xor dərsində müəlliməsi hiss edib ki, şirin bir avazla  oxuyan var. Bunu uşaqlar da duyublar. Qəfildən xor oxuyanlar səslərini kəsib, yalnız Əbülfət Əliyev axıradək davam edib. O gündən həm məktəbin, həm də bütövlükdə Ağdam şəhərinin sevimlisinə çevrilən Əbülfət Əliyevi tezliklə müxtəlif tədbirlərə dəvət ediblər. Bakıda radioda ilk oxuduğu mahnı "Şuşanın dağları" olub. Hətta ona "Sağ ol, Əbili, lap Xan kimi oxuyursan", - deyiblər. Taleyini Bakıya əbədi olaraq bağlayan Əbülfət Əliyev Azərbaycan Dövlət Filarmoniyasının solisti olanda 19 yaşı vardı. O, bu səhnəni dövrün tanınmış məşhur müğənniləri ilə birlikdə paylaşardı. Tanrı ona son dərəcə melodik, qəlbə yatımlı səs bağışlamışdı. Elə mahnı, təsnif, bəstəkar nəğmələri var ki, onları ancaq Əbülfət Əliyevin ifasında eşitmişik: "Pəri", "Ey bimürvət", "Saçları burma", "Gəl-gəl", "Xal yanağında", "Tel nazik", "Qara gözlüm" və başqaları. Əbülfət Əliyevin avazındakı rəvanlıq, liriklik, xüsusi zəngulələr başqa müğənnilərin boğazında hiss edilmirdi. Buna görə də xalq artisti Əbülfət Əliyev Azərbaycan xalq mahnı və təsniflərinin mahir ifaçısı olmaqla bərabər, həm də onların inkişaf etməsində xüsusi rol oynamışdır. Müğənninin repertuarında 400-dən artıq xalq və bəstəkar mahnısı vardı. Elə mahnılar da olub ki, Əbülfət Əliyev onu bir neçə variantda lentə, vala yazdırıb. Çox məsuliyyətli bir ifaçı idi Əbülfət Əliyev. Mahnı seçimində xüsusi zövqü vardı. O, yalnız səsinə uyğun gələn, onun bəminə, zilinə yatan nəğmələri ifa edərdi. Fikrət Əmirov, Səid Rüstəmov, Qənbər Hüseynli, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Şəfiqə Axundova, Adil Gəray, Oqtay Kazımov kimi bəstəkarların mahnılarını oxumağı daha çox sevərdi.

Opera səhnəsinin unudulmayan, sevilən, bu gün də arzulanan Məcnunlarından biri xalq artisti Əbülfət Əliyev olub. Mütəxəssislər təsdiqləyirlər ki, Məcnun obrazını yaradan hər bir ifaçının özünəməxsusluğu, istedadı var idi. Amma Məcnun rolunun ilk yaradıcılarından sayılan Hüseynqulu Sarabskidən sonra xanəndə və solist kimi Əbülfət Əliyevin bənzəri yox idi. Məcnunun iztirablarını məlahətli səslə, yanıqlı avazla elə tərzdə çatdırırmış ki, hər kəsin ürəyindən bir fikir keçirmiş: kaş bu səsi Üzeyir Hacıbəyli eşidəydi.

Əbülfət Əliyevin pərəstişkarları dünyanın bir çox ölkəsində vardı. Onun məlahətli səsi tez-tez İrandan, Suriyadan, Livandan, Misirdən, Hindistandan, Almaniyadan və başqa ölkələrdən gələrdi. 1971-ci ildə Moskvada 150-dən artıq ölkədən gələn sənətkarın iştirak etdiyi Ümumdünya Musiqi Konqresində Əbülfət Əliyev Azərbaycan musiqisini yüksək ifaçılıq və bacarığına görə, YUNESKO-nun döş nişanına və diplomuna layiq görülmüşdü. O zaman azərbaycanlı xanəndənin məlahətli səsi Ümumittifaq radiosu ilə bütün dünyaya yayılmışdı.

Ömrünün ahıl çağlarında Qarabağın ermənilər tərəfindən işğal edilməsi onun zərif ürəyini çox sarsıtmışdı. Eləcə "Zabul segah" oxuyardı. Elə son ifası da bu möhtəşəm muğam olub. Deyirlər ki, həmin gün çox yanıqlı və təsirli oxuyub. Əslində, "Zabul segah" Əbülfət Əliyevin qu nəğməsinə çevrilib.

 

 

 Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 25 aprel.- S. 7.