Miniatür Kitab Muzeyi 10 yaşını qeyd
etmişdir
Aprelin 23-də Miniatür Kitab Muzeyinin 10 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir çərçivəsində, həmçinin "Akademik Şəfaət Mehdiyev - dünya şöhrətli alim" və "Əhməd Mahmudov - iqtisad elminin korifeyi" miniatür kitablarının təqdimatı olmuşdur.
AzərTAc xəbər verir ki, muzeyin təsisçisi Zərifə Salahova tədbiri açaraq bu mədəniyyət ocağının yaranma tarixindən danışmış, ümummilli liderimiz Heydər Əliyevin muzeyin inkişafındakı rolunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Bakıda ilk Miniatür Kitab Muzeyi UNESCO-nun qərarı ilə qeyd edilən Beynəlxalq Kitab və Müəllif Hüquqları Günündə - 2002-ci il aprelin 23-də ulu öndər Heydər Əliyevin şəxsi göstərişi ilə açılmışdır.
Z.Salahova demişdir ki, muzeyə 10 illik yubileylə əlaqədar dünyanın bir çox ölkələrindən təbrik məktubları gəlmişdir. Hazırda muzeydə dünyanın 73 ölkəsində nəşr edilmiş 5215 kitab nümayiş etdirilir. Ekspozisiyada mikrokitabların üçü ən nadir nüsxələrdir. Yaponiyanın "Toppan" nəşriyyatının buraxdığı həmin nəşrlərin ölçüsü 2x2 millimetrdir.
Qeyd edilmişdir ki, 10 ildə 144 min 159 nəfər muzeyi ziyarət etmişdir ki, onlardan da 23 mindən çoxu xarici vətəndaşdır. Bu müddət ərzində muzeyin xatirə kitabına 9 mindən çox insan ürək sözlərini yazmış və muzeyin səyi və təşəbbüsü ilə 82 kitab çap edilmişdir.
Muzeydə vaxtaşırı müxtəlif səpkili tədbirlər keçirildiyini söyləyən Z.Salahova demişdir ki, ötən il muzey tərəfindən Heydər Əliyev Fonduna ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı nəşr olunmuş 33 miniatür kitab təqdim edilmişdir.
Tədbirdə akademiklər Abel Məhərrəmov, Ziyad Səmədzadə, Arif Mehdiyev, xalq yazıçısı Çingiz Abdullayev, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və başqaları çıxış edərək belə bir muzeyin təşkilinin əhəmiyyətindən danışmış, onun yaradıcısı Zərifə Salahovanın fəaliyyətini yüksək qiymətləndirmiş, kollektivə yeni yaradıcılıq uğurları arzulamışlar.
Bildirilmişdir ki, Zərifə Salahova miniatür kitabları toplamaqla yanaşı, həm də nəşr etdirir. Muzeyin kolleksiyasını "Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yol", "Şərq dastanları və lirikası" silsiləsi, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Nigar Rəfibəyli, Xəlil Rza Ulutürk və digər söz ustalarının şeir topluları bəzəyir.
Muzeydə "Azərbaycan Prezidenti Heydər Əliyevin 80 illik yubileyi münasibətilə təbriklər", "Yeni Azərbaycan Partiyası", "Vətənə, dövlətə, xalqa sadiqlik andı. Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində nitqi" və ölkəmizdə nəşr olunmuş digər kitabların özünəməxsus yeri vardır.
Vurğulanmışdır ki, "İndiqo" mətbəəsində nəfis şəkildə çapdan çıxmış "Akademik Şəfaət Mehdiyev - dünya şöhrətli alim" və "Əhməd Mahmudov - iqtisad elminin korifeyi" adlı miniatür kitabların müəllifi əməkdar jurnalist İradə Əliyevadır.
Natiqlər hər iki alimin mənalı ömür yolu və zəngin elmi irsindən geniş söz açmışlar.
Tədbirdə çıxış edən Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Zərifə Salahovanı təbrik etmiş və ona yeni yaradıcılıq uğurları arzulamışdır.
Diqqətə çatdırmışdır ki, Belarus ədəbiyyatının xaricdə təbliği sahəsində çoxillik fəaliyyətinə, Belarus ilə Azərbaycan arasında humanitar əlaqələrin möhkəmlənməsinə böyük töhfəsinə görə Azərbaycan "Kitab" Cəmiyyəti İdarə Heyətinin sədri Zərifə Salahova Belarus Prezidenti Aleksandr Lukaşenkonun fərmanı ilə "Fransisk Skorina" medalına layiq görülmüşdür.
Tədbirdə Serbiya Respublikasının Azərbaycandakı səfiri Zolan Vayoviç də Zərifə Salahovanı əlamətdar gün münasibətilə təbrik edərək muzeyin fəaliyyətinə uğurlar arzulamışdır.
Sonda tədbirin
iştirakçıları muzeydəki kitablarla
tanış olmuşlar.
Azərbaycan.- 2012.- 25 aprel.- S. 7.