Filip LEFORT: Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı status-kvo dəyişməlidir
Avropa İttifaqı Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo dəyişməli, problem tezliklə ədalətli həllini tapmalıdır.
Bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort aprelin 25-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdə söyləmişdir.
Oqtay Əsədov qonağa Azərbaycanda həyata keçirilən islahatlar, Avropaya inteqrasiyanın sürətləndirilməsi istiqamətində atılan addımlar barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan "Avropa qonşuluq siyasəti" və "Şərq tərəfdaşlığı" layihələrində fəal iştirak edir. Avropa İttifaqının nümayəndə heyətlərinin tez-tez Azərbaycana səfər etmələri də çox müsbət haldır. Bu, həm əməkdaşlığımızın daha da genişlənməsində, həm də bəzi problemlərin öz həllini tapmasında mühüm əhəmiyyət kəsb edir. Bu yaxınlarda Avronest Parlament Assambleyasının ikinci sessiyası da çox yüksək səviyyədə Azərbaycanda keçirilmişdir. Bu da bizim tərəfdaşlığımızın və hər iki tərəf üçün faydalı əməkdaşlığın bariz nümunəsidir. Nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələr bizim tərəfimizdən çox yüksək qiymətləndirilmişdir. Bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə qəbul edilir və dəstəklənir, Ermənistan işğalçı dövlət kimi tanınır və işğal etdiyi torpaqları azad etməsi tələb olunur. Amma beynəlxalq təşkilatların öz qərarlarının icrasına nəzarət etməməsi təəssüf hissi doğurur. Düşünürük ki, işğalçı kimi tanınmış Ermənistan sülhə məcbur edilməlidir.
Oqtay Əsədov Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı səylərini bundan sonra da davam etdirəcəyinə ümidvar olduğunu bildirmişdir.
Filip Lefort yenidən Azərbaycana səfər etməsindən məmnun qaldığını bildirmişdir. O demişdir ki, Azərbaycan Avropa İttifaqı üçün çox önəmli tərəfdaşdır. Azərbaycanın hərtərəfli inkişafı bizi çox sevindirir və biz önəmli hesab etdiyimiz tərəfdaşımızı dəstəkləməyə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllində kömək göstərməyə hazırıq.
Xüsusi nümayəndə bildirmişdir ki, Avropa İttifaqı da Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda, ədalətli həllində maraqlıdır. Biz artıq bununla bağlı mövqeyimizi açıq şəkildə bəyan etmişik. Avropa İttifaqı bölgədəki mövcud vəziyyətdən ciddi narahatlıq keçirir. Hesab edirik ki, status-kvo dəyişməlidir və münaqişənin yenidən alovlanması yolverilməzdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2012.- 26 aprel.- S. 3.