Valideyn himayəsindən məhrum olmuş uşaqlar təhsil
haqqı ödəməyəcəklər
Dünən Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, iclasda əsasən "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun təkmilləşdirilməsi ilə bağlı növbəti dinləmələr keçiriləcək.
Öncə toplantıda "Pasiyentin hüquqları haqqında" qanun layihəsi müzakirə edilib. Bu qanun pasiyentin hüquqlarının təminatı və qorunmasının, pasiyentin sağlamlığına vurulmuş ziyanın müəyyən edilməsinin hüquqi əsaslarını və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanuna əsasən, tibb işçilərinə ölümün tezləşdirilməsi haqqında (eftanaziya) pasiyentin özünün, onun qohumlarının və ya maraqlarını təmsil edən şəxslərin xahişini yetirmək də qadağan olunacaq. Sənəddə qeyd olunur ki, beyin ölümü faktının konstatasiyası zamanı pasiyentin həyatının saxlanılması vasitələrinin kəsilməsi haqqında qərar yazılı surətdə həkim-məsləhət komitəsi tərəfindən qəbul edilir. Transplantasiya məqsədilə orqan və (və ya) toxumalar çıxarılarkən həyatın saxlanılması vasitələrinin kəsilməsi haqqında qərarın qəbuluna transplantoloqların və donor xidmətinin işini təmin edən və maliyyələşdirən şəxslərin cəlb edilməsinə yol verilmir. Layihəyə əsasən, tibb müəssisəsində dini ayinlərin icrası üçün şərait yaradılmalı, o cümlədən xüsusi ayrılmış yerlər olmalıdır. Pasiyent daxili intizam qaydalarını pozmamaqla xüsusi ayrılmış yerlərdə dini ayinləri icra edə və din xadimi ilə görüşə bilər.
Müzakirələrdən sonra komitə üzvləri qərara gəliblər ki, qanun layihəsi daha da təkmilləşdirilib plenar iclasa tövsiyə olunsun.
Sonra Hadi Rəcəbli bildirib ki, komitə tərəfindən "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna yeni bir əlavə edilməsi nəzərdə tutulub. Bu əlavə ilə bağlı məlumat verən komitə üzvü Sevinc Hüseynova bildirib ki, bundan sonra bu tip uşaqlar dövlət ali və orta ixtisas məktəblərinin ödənişli fakültələrinə təhsil haqqı ödəməkdən azad olunacaqlar. Yəni, onların təhsil haqları dövlət tərəfindən ödəniləcək.
İclasda "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun təkmilləşdirilməsi ilə bağlı işçi qaydasında növbəti dinləmələr keçirilib. Qanunda ərzaq məhsullarının, o cümlədən un və un məmulatlarının, şəkərin, duzun və südün dəmirlə zənginləşdirilməsi ilə bağlı maddə salınmasının vacibliyi vurğulanıb.
Dinləmələrdə çıxış edən YUNİSEF-in Azərbaycan nümayəndəliyinin məsləhətçisi Kventin Conson bildirib ki, bu gün Azərbaycanda qadınlar ərzaq qidalarında onlara lazım olan dəmirin 19,9 faizini, digər əsas vitamin və mineralların isə az qismini qəbul edirlər. Dəmir çatışmazlığı nəticəsində anemiya xəstəliyinin səviyyəsi çox yüksəlib. Bu çatışmazlıq qadın və uşaqlara neqativ təsir göstərir. Ona görə də un, şəkər və südün minerallarla zənginləşdiriliməsi zəruridir. Bu, eyni zamanda ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər.
YUNİSEF-in digər təmsilçisi
Robert Baldvin bildirib ki, ərzaq məhsullarında
vitaminlərin çatışmazlığı zehni və fiziki
sağlamlığa çox mənfi təsir
göstərir. O da ərzaq
məhsullarının minerallarla zənginləşdiriliməsini
zəruri sayıb. Çıxış edənlərin əksəriyyəti
ərzağın zənginləşdirilməsinin bütün dünyada aktual məsələ olduğunu
söyləyərək ölkəmizdə də bu prosesə start verilməsinin
vacibliyini önə çəkiblər.
Azərbaycan.- 2012.- 26 aprel.- S. 3.