Fərdi birdəfəlik
ödəmələrin verilməsi ilə bağlı yaradılmış
Xüsusi Komissiyanın ilk
iclası keçirilmişdir
Azərbaycan Prezidentinin 2012-ci il 14 mart tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi üçün Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyanın ilk iclası keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda nazir Samir Şərifov çıxış edərək fərmanın icrasını təmin etmək məqsədi ilə qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə icrası üçün bütün işlərin vaxtında və keyfiyyətlə həyata keçiriləcəyini, fərmanda qeyd olunduğu kimi, 2012-ci il iyunun 1-dən fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanılacağını, bununla bağlı əhali arasında geniş maarifləndirmə işlərinin aparılacağını qeyd etmiş və müvafiq tapşırıqlar vermişdir.
İclasda Maliyyə, Ədliyyə, Daxili
İşlər, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət
Sosial Müdafiə Fondunun
və Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin Xüsusi Komissiyada təmsil olunan
nümayəndələri də iştirak
etmişlər.
Azərbaycan.- 2012.- 26 aprel.- S. 3.