Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi
yığıncağı keçirilmişdir
Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, ali məktəblərin rəhbərləri, dövlət və ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və elmi ictimaiyyətin nümayəndələri əvvəlcə AMEA-nın ayrı-ayrı bölmə və institutlarının ötənilki fəaliyyətini, yerinə yetirilən elmi tədqiqat işlərini əks etdirən sərgi ilə tanış olmuşlar.
AMEA-nın müvafiq institutlarının, digər elmi tədqiqat müəssisələrinin son bir ildə əldə etdiyi uğurları əks etdirən sərgi iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.
Ümumi yığıncağı açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov AMEA-da il ərzində görülmüş işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, Akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş siyahı tərkibi 50 həqiqi (akademik) və 99 müxbir üzvdən ibarətdir. İclasda 47 akademik və 94 müxbir üzv iştirak edir ki, bu da ümumi sayın üçdə ikisini təşkil edir. Beləliklə, iclas öz işinə başlamağa səlahiyyətlidir.
M.Kərimov demişdir ki, AMEA-nın ötən il aprelin 26-da keçirilmiş illik ümumi yığıncağından sonra Akademiyanın yeddi üzvü dünyasını dəyişmişdir. Bunlar akademiklər Bəkir Nəbiyev, Midhət Abasov, Akademiyanın müxbir üzvləri İnqilab Kərimov, Həmid Mustafayev, Kərim Ramazanov, Azad Nəbiyev və Anar Əlizadədir.
Akademiyanın vəfat etmiş üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AMEA-nın prezidenti qeyd etmişdir ki, illik yığıncağın gündəliyində iki məsələ vardır: Azərbaycan Milli Elmlər Akademiyasının 2011-ci ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilmiş elmi tədqiqat işlərinin əsas nəticələri haqqında hesabat və struktur dəyişikliklərinin edilməsi.
Gündəlik səsə qoyulmuş və qəbul olunmuş, reqlament müəyyənləşdirilmişdir.
Tədbirdə çıxış edən akademik Mahmud Kərimov demişdir ki, Azərbaycan Respublikasında ali elmi-təşkilati qurum olan Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı yalnız elmi-mədəni sferada deyil, bütövlükdə ölkəmizin sosial-ictimai həyatında əlamətdar bir hadisədir. Çünki respublika alimlərinin hesabat ilində əldə etdikləri elmi uğurlar, mühüm elmi nəticələr, tətbiqini tapmış miqyaslı elmi proqram və layihələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən və sürətlə həyata keçirilməkdə olan ölkənin dinamik sosial-iqtisadi və mədəni-mənəvi inkişafının məntiqi nəticəsi və təzahürüdür.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün yüksək səviyyədə qeyd edilməsinin ötən ilin ən əlamətdar hadisəsi olduğunu vurğulayan AMEA-nın prezidenti bildirmişdir ki, ölkə alimləri də bu yubiley tədbirlərinin təşkilində, bir sıra fundamental nəşrlərin hazırlanmasında, müstəqilliklə bağlı dəyərlərin elmi-fəlsəfi baxımdan tədqiqində və təbliğində yaxından iştirak etmişlər.
Bildirilmişdir ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də Prezident İlham Əliyev ölkəmizdə elm sahəsinə, alimlərə göstərdiyi diqqət və qayğını daha da artırmışdır. Azərbaycanda elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul edilmişdir. Bütün bu qərar və sərəncamlar Azərbaycan elminin inkişafında xüsusi xidməti olan alimlərin zəhmətinə dövlət başçısı tərəfindən verilmiş yüksək qiymətin, respublikamız üçün prioritet hesab olunan elm sahələrinin inkişafının stimullaşdırılmasının, gənc alim və tələbələrə böyük qayğının təzahürüdür.
Vurğulanmışdır ki, ötən il Azərbaycanın elmi ictimaiyyəti üçün ən əlamətdar hadisə Prezident İlham Əliyevin 2011-ci il aprelin 26-da AMEA-nın illik ümumi yığıncağında iştirak etməsi olmuşdur. Dövlətimizin başçısı Akademiyanın illik ümumi yığıncağında geniş və dərin məzmunlu nitq söyləyərək AMEA-da Azərbaycan elmi elitasının cəmləşdiyini qeyd etmiş, elmin inkişafının respublikanın tərəqqisində mühüm rol oynadığını demişdir.
Bildirilmişdir ki, yığıncaqda Prezident İlham Əliyev Akademiyanın problemləri ilə də yaxından tanış olmuşdur. Görüşün nəticəsində dövlət başçısının müvafiq sərəncamlarına əsasən, Akademiyanın tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməkhaqları, akademiklərin və müxbir üzvlərin aylıq rütbə maaşları artırılmış, AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əməli addımlar atılmışdır.
Akademik Mahmud Kərimov demişdir ki, dövlət başçısının Azərbaycan elminə yüksək diqqət və qayğısı "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və bu strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının uğurla reallaşdırılmasında mühüm rol oynamışdır. Prezident İlham Əliyevin 2011-ci il 17 yanvar tarixli fərmanı ilə AMEA-nın strukturunda Aqrar Elmlər Bölməsinin yaradılması haqqında Akademiyanın ümumi yığıncağının qərarı təsdiq edilmişdir. Bundan sonra bölmənin yaradılması ilə bağlı digər təşkilati işlər sürətlə həyata keçirilmişdir. Artıq Aqrar Elmlər Bölməsi Akademiyanın tərkibində müstəqil struktur vahidi olaraq fəaliyyət göstərməkdə, respublikamızda aqrar sahədə elmi tədqiqatların daha da gücləndirilməsinə xidmət etməkdədir.
Diqqətə çatdırılmışdır ki, sürətlə dəyişən və inkişaf edən zamanın tələbindən irəli gələrək AMEA-nın elmi fəaliyyətinin, idarəetmə sisteminin, maliyyələşdirilməsinin təkmilləşdirilməsi, prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsi və stimullaşdırılması ilə bağlı islahatlar AMEA-nın daim diqqət mərkəzindədir. Bu baxımdan xüsusi qeyd etmək istərdim ki, elmi-texniki tərəqqinin son dərəcə mürəkkəb inkişaf səviyyəsinə qədəm qoyduğu müasir dövrümüzdə tədqiqatların avtomatlaşdırılmasını, optimallaşdırılmasını, elmi nəticələrin etibarlılığını, dəqiqliyini təmin edən yeni sinif texniki avadanlığın alınması istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.
AMEA-nın prezidenti demişdir ki, ötən ilin əlamətdar hadisələrindən biri də oktyabrda Bakıda "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Beynəlxalq Humanitar Forumun keçirilməsi olmuşdur. Forumun işində 20-dən çox ölkənin siyasi, elmi və mədəni elitasının görkəmli təmsilçiləri, tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlər iştirak etmişlər. Forum çərçivəsində yeddi istiqamət üzrə "dəyirmi masa"lar keçirilmiş, qloballaşma dövrünün humanitar problemlərinə dair Bakı Bəyannaməsi qəbul edilmişdir. Forumun təşkilində və həyata keçirilməsində Akademiyanın alimləri yaxından iştirak etmişlər.
2011-ci ilin mühüm hadisələrindən söz açan alim vurğulamışdır ki, uzun fasilədən sonra yeni normativ-hüquqi baza əsasında respublikamızın elmi tədqiqat və ali təhsil müəssisələrinin doktorantura pilləsinə qəbulun uğurla həyata keçirilməsinə başlanılmışdır.
AMEA-nın çoxsaylı alimləri hər il olduğu kimi, ötən il də respublikanın sosial-iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyan dövlət proqramlarının, qanun layihələrinin, strategiya və konsepsiyaların hazırlanmasında yaxından iştirak etmişlər. Bunların içərisində Genetik Ehtiyatlar İnstitutunun hazırladığı "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Qanunu, həmçinin Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamının tələblərinə uyğun olaraq hazırlanmış "Azərbaycan Respublikası Milli Təhlükəsizlik siyasətinin təminatında elmin iştirakına dair Konsepsiya"nı xüsusi olaraq qeyd etmək lazımdır.
Hesabat ilində Akademiyanın və respublikanın digər elmi tədqiqat müəssisələrinin beynəlxalq elmi əlaqələrinin xeyli genişləndiyini söyləyən Mahmud Kərimov demişdir ki, bu sahədə əvvəlki illərdə qarşıya qoyulan məqsədlərə nail olunmuş, bir sıra xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlıq haqqında ikitərəfli müqavilələr imzalanmışdır. Respublikanın alimləri xaricdə keçirilmiş çoxsaylı beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak etmişlər. Həmçinin Bakıda xarici alimlərin iştirakı ilə bir sıra mühüm elmi konfrans və simpoziumlar təşkil olunmuşdur.
Alim diqqətə çatdırmışdır ki, 2011-ci ildə AMEA-nın elmi bölmələrində və respublikanın digər elmi müəssisələrində mövcud elmi istiqamət və problemlər üzrə geniş elmi tədqiqat işləri aparılmış, mühüm elmi nəticələr əldə edilmişdir.
AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev hesabat ilində Akademiyada görülmüş işlər, əldə edilmiş uğurlar və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etmişdir.
Məruzəçi qeyd etmişdir ki, 2011-ci il respublikamızın sosial-iqtisadi və mədəni-ictimai həyatında, demokratik və hüquqi dövlət quruculuğunda, ümumən milli cəmiyyətimizin sosial tərəqqisində əldə edilmiş bir sıra nailiyyətlərlə əlamətdar olmuşdur. Bu nailiyyətlər hər bir Azərbaycan vətəndaşı kimi, xalqımızın intellektual elitasını təmsil edən alim və ziyalılarda da milli qürur, fəxarət və sevinc hissləri doğurur. Milli cəmiyyətimizdə sosial-iqtisadi və mədəni-mənəvi inkişafa müvafiq olaraq strateji əhəmiyyətli prioritet fəaliyyət sahələrindən olan elm də inkişaf etməkdə, xalqımızın tərəqqisinə getdikcə daha səmərəli şəkildə öz töhfələrini verməkdədir. Bu uğurlar bütün digər amillərlə yanaşı, həm də onunla şərtlənir ki, elmin inkişafı dövlətimizin başçısı İlham Əliyevin həmişə diqqət mərkəzindədir.
2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası öz fəaliyyətini "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və bu Strategiya ilə bağlı Dövlət Proqramının yerinə yetirilməsinə istiqamətləndirmişdir.
Məruzədə qeyd edilmişdir ki, hesabat ilində Akademiyanın elmi müəssisələrində 157 problemə dair 485 mövzusu üzrə 1427 elmi tədqiqat işi aparılmış və 160-a yaxın əsas elmi nəticə alınmışdır. Həmçinin müxtəlif nazirliklər və dövlət şirkətləri nəzdində fəaliyyət göstərən elmi mərkəzlər tərəfindən aparılan tədqiqatlar da əlaqələndirilmişdir.
AMEA-nın akademik-katibi bildirmişdir ki, hesabat ilində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi tədqiqat institutlarında riyaziyyat və mexanika, kibernetika və informasiya texnologiyaları, fizika və astrofizika, energetika və radiasiya problemləri elm sahələrinin prioritet istiqamətləri üzrə 26 problem üzrə 45 əsas nəticə əldə edilmişdir. Bu bölmə üzrə digər elm və təhsil müəssisələrində alınmış əsas nəticələrə gəldikdə isə Milli Aviasiya Akademiyasında 7, Bakı Dövlət Universitetində 6, Azərbaycan Dövlət Neft Akademiyasında 2 və Sumqayıt Dövlət Universitetində 1 əsas nəticə əldə edilmişdir.
Bildirilmişdir ki, 2011-ci ildə Kimya Elmləri Bölməsinin elmi müəssisələri və respublikanın digər müəssisələri neft kimyası və neft emalı, üzvi kimya, fiziki kimya, yüksək molekullu birləşmələr kimyası, analitik kimya, qeyri-üzvi kimya texnologiyasının prioritet istiqamətləri üzrə 27 əsas nəticəyə nail olmuşlar.
Hesabat məruzəsində vurğulanmışdır ki, 2011-ci ildə Yer Haqqında Elmlər Bölməsinin institutları tərəfindən 6 problem üzrə 15 əsas elmi nəticə alınmışdır. Respublikanın digər müəssisələri isə 7 əsas elmi nəticə əldə etmişlər. Bölmə dörd dövlət proqramı üzrə elmi tədqiqat işləri aparmışdır.
Biologiya Elmləri Bölməsi üzrə aparılan tədqiqat işlərinin biologiya, tibb və kənd təsərrüfatı sahəsində fundamental və tətbiqi problemlərin həllinə yönəldiyi vurğulanmışdır. Bölmənin elmi müəssisələrində elmi tədqiqat işləri iki istiqamət üzrə davam etdirilmişdir. Birinci istiqamət Azərbaycanda flora, fauna, torpaq örtüyü və mikroorqanizmlərin biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi, ikinci istiqamət isə canlıların həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsaslarının öyrənilməsini əhatə etmişdir.
Humanitar və İctimai Elmlər Bölməsində hesabat ilində 63 problem üzrə elmi tədqiqat işlərinin yerinə yetirildiyini söyləyən məruzəçi demişdir ki, tarixçi alimlər Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bölgənin tarixi ilə bağlı daha geniş tədqiqatların aparılması tapşırığını rəhbər tutaraq Ermənistanın Azərbaycan torpaqlarına iddialarının əsassız olduğunu təkzibedilməz tarixi sənədlər əsasında sübut edən "Azərbaycan xalçaları - Qarabağ qrupu" və "Azərbaycan xalçaları - İrəvan qrupu" kimi fundamental əsərləri 7 dildə nəşr etdirmişlər.
İl ərzində işıq üzü görən "Heydər Əliyev ideyalarının zəfər yürüşü" adlı monoqrafiya, ikicildlik "Heydər Əliyev", "Azərbaycan tarixi: erkən intibah dövrü (XI əsrin II yarısı-XII əsrin əvvəlləri)", "Şimal-Qərbi Azərbaycan tarixi" adlı fundamental əsərlər də tarixçi alimlərimizin uğuru kimi qiymətləndirilməlidir.
Naxçıvan bölməsinin 6 institutunda 6 problem üzrə elmi tədqiqat işlərinin yerinə yetirildiyini bildirən məruzəçi bildirmişdir ki, bölmə üzrə 10 mühüm elmi nəticə əldə edilmişdir. Bölmənin əməkdaşlarından 4 nəfəri fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, 4 nəfərin elmlər doktoru, 3 nəfərin isə fəlsəfə doktoru dissertasiyaları müzakirədən keçərək müdafiəyə təqdim olunmuşdur. 2011-ci ildə bölmə üzrə 619 elmi əsər nəşr edilmiş, 2 patent alınmışdır.
Məruzədə regional elmi mərkəzlərin fəaliyyəti haqqında da məlumat verilmiş, Gəncə, Şəki və Lənkəran mərkəzlərində əldə edilmiş uğurlardan söz açılmışdır. Bildirilmişdir ki, il ərzində bu elmi mərkəzlərin əməkdaşları neft kimyası, farmakologiya, ekologiya, iqtisadiyyat, tarix, ədəbiyyat və arxeologiya elmləri sahəsində, həmçinin yerləşdikləri bölgələrin təbii sərvətləri, flora və faunası ilə bağlı tədqiqatlar aparmışlar.
Hesabat məruzəsində AMEA-nın Rəyasət Heyətinin və onun nəzdindəki təşkilatların da fəaliyyəti təhlil edilmişdir.
Bildirilmişdir ki, 2011-ci ildə Rəyasət Heyətinin 24 iclası keçirilmişdir. Bu iclaslarda 10 elmi məruzə dinlənilmiş, bir sıra elmi-təşkilati və kadr məsələləri, elmi tədqiqatların həyata keçirilməsi və inkişaf etdirilməsi, AMEA-nın fəaliyyətinin, onun idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yüksəldilməsi məqsədilə bir sıra qərarlar qəbul edilmiş və konkret tədbirlər həyata keçirilmişdir.
2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müəssisələri 61 elmi tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədbirlər həyata keçirmişlər. Bu işlərin 37-sinin tətbiqi başa çatmış, 24 iş isə hesabat ili üçün nəzərdə tutulmuş plan həcmində yerinə yetirilmişdir. Plandan əlavə 9 iş tətbiq olunmuşdur.
Məruzədə AMEA əməkdaşlarının 2011-ci ildə nəşr olunmuş kitab və monoqrafiyaları, dərc edilmiş məqalələrin sayı, bu elm müəssisəsində keçirilmiş elmi konfranslar, Akademiyanın tərkibi haqqında da məlumatlar öz əksini tapmışdır.
Diqqətə çatdırılmışdır ki, Akademiyanın alimləri tərəfindən 2011-ci ildə 493 kitab və monoqrafiya nəşr edilmiş və onlardan 36-sı xaricdə çap olunmuşdur. İl ərzində dərc edilmiş 6148 məqalədən 1910-u xarici jurnallarda işıq üzü görmüşdür.
AMEA-nın elmi müəssisələri tərəfindən ötən il 71 milli patent və 3 xarici ölkənin patentləri alınmışdır. Milli patentləri almaq üçün 65 iddia sənədi verilmişdir.
Vurğulanmışdır ki, 2011-ci ildə doktoranturaya 275 (165 əyani və 110 qiyabi) doktorant qəbul olunmuşdur. Hazırda doktorantların sayı 315 nəfərdir (175 əyani, 140 qiyabi). Əyani doktoranturada 9 nəfər xarici vətəndaşın oxuduğu bildirilmişdir. Ötən il AMEA-ya elmlər doktoru hazırlığı üzrə 43 nəfər (14 əyani və 29 qiyabi) doktorant qəbul edilmişdir.
2011-ci ildə AMEA-nın institutlarından 6 gənc tədqiqatçı Dünya Alimlər Birliyinin təsis etdiyi təqaüd proqramının qalibi olmuşdur.
AMEA-da elmlər doktoru üzrə 16, fəlsəfə doktoru üzrə 19 Dissertasiya Şurasının fəaliyyət göstərdiyini söyləyən məruzəçi beynəlxalq elmi əlaqələrdən də söz açmışdır. Bildirilmişdir ki, ötən bir ildə bir sıra xarici ölkələrin elm müəssisələri ilə əməkdaşlıq haqqında ikitərəfli müqavilələr imzalanmışdır. Hesabat ilində AMEA-nın 800-ə yaxın əməkdaşı müxtəlif xarici ölkələrdə ezamiyyətlərdə olmuş, Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası işinə öz töhfələrini vermişlər.
Hesabatda AMEA-nın maliyyə-təsərrüfat fəaliyyəti və quruma müxtəlif maliyyələşdirmə mənbələrindən daxil olan vəsaitlər barədə də məlumatlar yer almışdır.
Son illər alimlərimizin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət başçısının xüsusi qayğısını qeyd edən məruzəçi bildirmişdir ki, həmişə olduğu kimi, bundan sonra da alimlərimiz Azərbaycan elminin inkişafı və daha böyük nailiyyətlər əldə etməsi üçün əzmlə çalışacaqlar.
Məruzə ətrafında müzakirələrdə AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov, akademik İsmayıl İbrahimov və AMEA-nın Tarix İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək elmi qurumların strukturlarının müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşmüşlər.
AMEA-nın hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab olunmuşdur.
Hesabat yığıncağında AMEA-nın birinci vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik Arif Həşimov gündəliyin ikinci məsələsi - "AMEA-nın strukturuna dəyişikliklər edilməsi haqqında" qərar layihəsi barədə məlumat vermişdir.
AMEA-nın strukturuna edilən bəzi dəyişikliklər səsə qoyularaq qəbul olunmuşdur.
Yığıncağa yekun vuran akademik Mahmud Kərimov demişdir ki, Prezident İlham Əliyevin Azərbaycan elminin inkişafı naminə atdığı bütün addımlar respublikamızın elmi ictimaiyyəti tərəfindən böyük minnətdarlıq və razılıq hissi ilə qarşılanır. Ümidvaram ki, dövlətimizin başçısının elm sahəsinə, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasına göstərdiyi diqqət və qayğıya cavab olaraq, biz də öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə və əzmlə yerinə yetirəcək, dövlət maraqlarını hər şeydən üstün tutaraq elmi fəaliyyətimizi ölkəmizin sosial-iqtisadi inkişafına, milli dövlətçiliyimizin möhkəmləndirilməsinə həsr edəcəyik.
AzərTAc
Azərbaycan.- 2012.- 26 aprel.- S. 4.