Uğurlu xarici
siyasətin banisi
Azərbaycanın özü qədər
əbədi
Ümummilli lider Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın yarıməsrlik bir dövrünü əhatə edən zaman kəsiyi Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə, gerçəkləşdirdiyi konkret işlərlə qırılmaz tellərlə bağlıdır. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir.
Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir.
Heydər Əliyevin müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya nümayiş etdirərək özünü doğruldan, ölkənin milli və dövlətçilik maraqlarının təmin olunmasına uğurla xidmət edən çoxvektorlu müstəqil xarici siyasəti özünün konseptual bazisinə malikdir. Təməl ideyalar əsasında formalaşdırılmış həmin bazis ulu öndər Heydər Əliyev tərəfindən 1993-2003-cü illərdə Prezident olduğu dövrdə yaradılmışdır. Onun zəngin həyat və siyasi təcrübəsindən irəli gələn optimal qərarlar qəbul etmək bacarığı, intuisiyası və uzaqgörənliyi - bütün bunlar xalqın strateji məqsədlərinə xidmət edən intellektual və mənəvi-siyasi arsenaldır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, müəyyənləşdirilmiş, formalaşdırılmış bu daxili və xarici siyasət kursunu Prezident İlham Əliyev bu gün uğurla davam etdirir.
Bu məqalədə biz ulu öndər Heydər Əliyevin xarici siyasət kursunun bəzi konseptual məqamlarına toxunmaq istərdik.
İlk növbədə qeyd edək ki, Heydər Əliyev xarici siyasətinin on ili Azərbaycan tarixinə sülh yolu ilə əldə oluna biləcək maksimal mümkün nailiyyətlər dövrü kimi daxil oldu. Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada yaranmış vəziyyəti yada salsaq, bu sözlərdə heç bir mübaliğənin olmadığı aydın görünər.
SSRİ-nin və onun müttəfiqlərinin soyuq müharibədə məğlubiyyəti beynəlxalq münasibətlərdə böyük dəyişikliklərlə nəticələndi. Qərb cəmiyyəti çərçivəsində Amerika Birləşmiş Ştatları alternativsiz və şəksiz lider dövlətə çevrildi. ABŞ-ın maraq və məqsədləri qlobal səciyyə kəsb etməyə başladı. Qısa zaman kəsiyində mühüm dəyişikliklər baş verdi. Bütün fəaliyyət sahələri sıçrayışşəkilli qloballaşdı. Əksəriyyəti genetik və funksional baxımdan Qərbə bağlı olan dünya siyasətinin transmilli korporasiyalar (TMK), transmilli banklar (TMB) kimi subyektlərinin beynəlxalq proseslərə təsiri hədsiz dərəcədə artdı. Beynəlxalq həyatın yeni subyektləri olan dövlətlərarası və qeyri-hökumət təşkilatları xüsusi inadkarlıqla prosesləri istiqamətləndirməyə başladılar.
Onların fəaliyyəti nəticəsində qlobal təşkilati-siyasi infrastruktur meydana gəldi ki, həmin infrastrukturun əsasında da dövlətüstü iqtisadi tənzimləməni, hərbi-siyasi əlaqələndirməni və hətta siyasi idarəetməni həyata keçirən inteqrasiya strukturları həddindən artıq fəallaşdı. NATO, Avropa Şurası, ATƏT və digər təşkilatlar beynəlxalq münasibətlərin aparıcı və istiqamətverici qüvvəsinə çevrildilər. Yeni dünya nizamının formalaşması prosesi başladı.
Keçid dövrünü yaşayan milli dövlətlər üçün dünyanın yeni siyasi vəziyyəti prioritetlərin dəyişməsi mənasını kəsb etdi. Beynəlxalq strukturlar iqtisadi inkişaf və siyasi quruculuq məsələləri ilə məşğul olmağı tələb etməyə başladılar. Onsuz da həm mühüm geosiyasi məkanda yerləşməsi, həm təbii resurslarla zənginliyi ilə transnasional qüvvələri cəlb edən Cənub Qafqaz regionu dövlətlərin təsir dairəsi uğrunda apardıqları mübarizəni daha da gücləndirdi. Eyni zamanda, milli dövlətlərin öz xarici təhlükəsizliklərini təmin etməklə bağlı problemləri və məqsədləri kifayət qədər biganə yanaşma ilə qarşılaşaraq böyük maraqlar burulğanında kiçildilər, deklarativ bəyanatlardan başqa münasibətə layiq görülmədilər.
Burada beynəlxalq münasibətlərdə ideoloji özünüdərkin xüsusi rolunu qeyd etmək lazımdır. İdeoloji sistemlər dövlətdaxili, beynəlxalq, transmilli, qlobal səviyyələrdə bir-biri ilə toqquşurlar. Bir neçə onillik ərzində ikinci fövqəldövlətin mövcudluğu Qərbə əks güc mərkəzi olmuşdur. SSRİ təkcə ABŞ-ın hərbi və siyasi rəqibi deyil, həm də alternativ siyasi-ideoloji modelin daşıyıcısı idi. O, həm sosialist ölkələri, həm də Qərbin siyasi sistemi daxilində fəaliyyət göstərən subyektlər sırasında çoxsaylı siyasi və hərbi müttəfiqlərinin dəstəyindən faydalanırdı.
Yeni şəraitdə ideoloji özünüdərkin, yəni milli təcrübənin dərk edilməsinin Azərbaycan üçün rolu hədsiz dərəcədə əhəmiyyətli idi, çünki məhz ötən əsrin 90-cı illəri gələcək yolun riskli yeniliyini üzə çıxardı. Həmin illərin əvvəllərində Heydər Əliyevin qarşısında ciddi ideoloji problem dayanmışdı. Həmin problemi sadə yolla bu cür ifadə etmək olar: Qərb dünyasının əsas ideoloji məhsulu olan liberalizmi keçmiş sovet cəmiyyətinin qeyri-Qərb mentallığı ilə necə uyğunlaşdırmalı?
Sonrakı təcrübə bu problemi bütün açıqlığı ilə göstərdi. Postsovet ölkələrində islahatlarla bağlı ideoloji özünüdərk, aradan tez bir zamanda qaldırılması mümkün olmayan bir ziddiyyəti ortaya çıxardı. İslahatların əsas mənasına görə keçidin, yəni liberal demokratiya və bazar iqtisadiyyatı institutlarının yaradılmasının əsas subyekti milli dövlətdir, lakin həmin ölkələrdə biznes-struktur mövcud deyildi. Şəxsi kapital və burjua sinfi ötən əsrin əvvəlindəki inqilabi çevriliş dövründə məhv edilmişdi. Bu səbəbdən də milli dövlət tərəfindən həyata keçirilən liberal islahatların obyektiv nəticəsi islahatların aparıcı qüvvəsi kimi məhz milli dövlətin rolunun artması olmuşdur. İslahatların keçirilməsi zamanı postsovet ölkələrində iki fərqli fəaliyyət məntiqi yaranmışdı: dövlətin simasında "hakimiyyət məntiqi" və biznes-strukturların simasında "qazanc məntiqi". Heydər Əliyevin həyata keçirdiyi islahatların xüsusiyyəti onda idi ki, "hakimiyyət məntiqi" ilə "qazanc məntiqi"nin sintezi dövlət hakimiyyətinin özəl-korporativ hakimiyyət üzərində nəzarəti altında həyata keçirilirdi.
Beləliklə, liberal islahatların əsas yekunlarından birinin həyata keçirilməsi mümkün olmadı, yəni, milli dövlət dərhal liberal dövlətə çevrilə bilmədi; o öz səlahiyyətlərini məhdudlaşdırmadı, iqtisadiyyat və mədəniyyət sahələrindən çəkilmədi.
Bunun səbəblərini axtarsaq müstəqilliyimizin ilk ilində Azərbaycanın yaşadığı proseslərə nəzər salmaq kifayətdir. Liberal cəmiyyətə dərhal keçidin xoşbəxtlik gətirəcəyinə sadəlövhcəsinə və məsuliyyətsizliklə inanan bir illik hakimiyyət Azərbaycanı siyasi-iqtisadi böhran, hərc-mərclik qarşısında qoydu. Erməni separatçılarının azğınlığı ərazilərin işğalı prosesini daha da gücləndirdi. Daxildə hakimiyyətə gəlmək üçün mübarizə aparan müxtəlif dairələr və qruplar vətəndaş müharibəsindən belə çəkinmədilər. Xaricdə müxtəlif qüvvələr öz planlarını həyata keçirmək imkanı qazandılar. Azərbaycanın dünya birliyi və beynəlxalq təşkilatlardan gördüyü isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bu gün də kağız üzərində qalmış 4 qətnaməsi və "Azadlığa Dəstək Aktı"na ədalətsizliyin görünməmiş nümunəsi olan 907-ci düzəliş oldu.
Ölkənin strateji əhəmiyyət daşıyan müəssisə və sahələrinin məhz Azərbaycan kimi müstəqilliyini yenicə qazanmış və çox mürəkkəb geosiyasi məkanda yerləşən zəngin ölkədə dövlətin nəzarətində qalmasının zəruriliyi uzaqgörən və müdrik mövqe olaraq öz yaşarılığını sübut etdi. Nəticədə, özəl kapital Azərbaycanda dövləti ələ keçirə bilmədi. Liberal islahatlara xas olan bu ziddiyyət Azərbaycan Respublikasının daxili və xarici siyasətinin təməlində qalmaqdadır.
Qərb analitikləri tərəfindən dərk olunan bu təzad qeyri-Qərb cəmiyyətlərində islahatların perspektivi ilə bağlı müəyyən şübhə yaratmışdı. ABŞ Dövlət Departamentinin analitiki F.Fukuyama 1989-cu ildə bildirirdi ki, "Qərbin, Qərb ideyasının qələbəsi aşkardır..., liberalizmin heç bir həyatqabiliyyətli alternativi qalmamışdır". Amma 2001-ci ildə o, etiraf edirdi ki, "müasirləşmə nəzəriyyəsi Avropa təmayüllüdür və məqsədlərin müxtəlifliyini nəzərə almır". Bəlli oldu ki, "belə müasirləşmənin əleyhdarlarının ideyaları öz güc və inandırıcılığını saxlayır, nəticədə bir çox insanlar azad bazar iqtisadiyyatına əsaslanmış demokratik cəmiyyətə aparan bəşəriyyət üçün yeganə inkişaf yolunun müdafiəsindən çəkindilər". Fukuyama proqnozlaşdırırdı ki, "liberal demokratiyanın qarşılaşmalı olduğu əsas çətinliklər"ə qeyri-Qərb cəmiyyətlərində dərin səviyyədə - mədəniyyət səviyyəsində, yəni din, mənəviyyat, milli özünüdərk, adət-ənənə sahələrində rast gəlinir.
Əgər Fukuyamanın etiraflarını Azərbaycan reallığına tətbiq etsək, belə bir nəticəyə gəlmək olar: Heydər Əliyev kursu özünün böyük nailiyyətləri ilə bərabər, bir sıra mühüm xüsusiyyətləri ilə fərqlənir. Belə ki, Fukuyamanın qeyd etdiyi liberal müasirləşmənin çətinliklərinə baxmayaraq, məhz Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycan səmərəli dövlətçilik konsepsiyasına, iqtisadiyyatın dirçəldilməsi strategiyasına uyğun olaraq və xalqın sosio-mədəni irsinə əsaslanaraq, liberal demokratiya yoluna qədəm qoydu. Ölkənin ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı, vətəndaşların və dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan dövlətçiliyin və sosial sabitliyin təməli qoyuldu. Dövlət cəmiyyətin bütövlüyünün etibarlı təminatçısına çevrildi. Azərbaycanın gələcəyi üçün məsuliyyəti öz üzərinə götürmüş Heydər Əliyev hədsiz gərgin zəhmət bahasına 1993-2003-cü illərdə yeni milli inkişaf strategiyası formalaşdırmağa müvəffəq oldu. Bu strategiya mədəniyyəttutumlu suverenlik ideyasına əsaslanırdı.
Mədəniyyəttutumlu suverenlik Azərbaycan Respublikasının daxili və xarici siyasətinin özəyi olmuşdur. Bu, xarici siyasət sisteminin prioritetlərinin milli mədəniyyət əsasında, o cümlədən dövlət quruculuğu mədəniyyəti zəminində qurulması deməkdir. Bu gün, 18 il keçdikdən sonra biz deyə bilərik ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı məhdud suverenliyə malik ölkə taleyindən azad olan yeni milli tarixin başlanğıcı oldu.
Heydər Əliyevin daxili siyasəti hansı konseptual məqamlardan ibarət idi? Bu, millətin iqtisadi kapitalının sərbəstləşdirilməsi istiqamətində tədricən islahatlar həyata keçirən güclü dövlətin plüralist tipli demokratiyanın inkişafı və milli mədəniyyətin qorunması ilə sintezidir. Bütün sadalanan məqsədlər və onlarla bağlı dəyər oriyentirləri hər bir milli dövlətin iki fundamental əsasına - inkişafına və təhlükəsizliyə cavab verirdi.
Mədəniyyəttutumlu suverenlikdən danışdıqda aşağıdakıları nəzərdə saxlamaq lazımdır: Heydər Əliyev öz nitqlərinə hər şeydən əvvəl millətin mənəvi dünyasını əks etdirən anlayışları daxil edirdi. Məlum səbəblərdən onun siyasi çıxışlarında bu məqam adətən xüsusi vurğulanmırdı. Başqa sözlə, Heydər Əliyev çox mühüm iş görürdü: o, liberal nitqi öz siyasətinə - vətənpərvərliyə, suverenliyə, dövlətçiliyə uyğunlaşdırırdı. Heydər Əliyev nitqinin bu özünəməxsusluğu ölkədaxili mövzularda daha qabarıq şəkildə gözə çarpırdı. Amma məlum olduğu kimi, xarici siyasət daxili siyasətin davamı olaraq onunla vəhdət təşkil edir və onun ehtiyacları əsasında formalaşır.
1993-cü il iyunun 15-də ilk çıxışında Heydər Əliyev "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin müdafiəsini, gücləndirilməsini və inkişafını" əsas siyasi və mənəvi öhdəlik adlandırırdı. Çıxışın əsas mahiyyətini - "Nə olur-olsun müstəqillik itirilməyəcəkdir", "Azərbaycan Respublikası bundan sonra hər hansı bir dövlətin tərkibinə daxil olmayacaq, başqa dövlətin əsarətinə düşməyəcəkdir" - ideyaları təşkil edir. Heydər Əliyev ali məqsədi açıqlayır - Azərbaycan Respublikasının müstəqilliyi. Müstəqilliyin görünən əsasları ilə yanaşı - torpaqların azad olunması və qorunması - Heydər Əliyev müstəqilliyin mental atributunu, daha dəqiq desək: "vətəndaşların öz ehtiyaclarına uyğun öz dövlətlərini yaratmaq" hüququnu müəyyənləşdirir.
Müstəqillik mövzusu 1993-cü ildən Heydər Əliyevin çıxışlarında daim səslənirdi. O, 1993-cü il iyulun 4-də "Ostankino" teleşirkətinə müsahibəsində bildirirdi: "...Azərbaycan müstəqil dövlətdir və heç vaxt kiminsə vassalı və ya müstəmləkəsi olmamalıdır. ...Mən Azərbaycanı gələcəkdə azad müstəqil dövlət olaraq görürəm".
1993-cü il sentyabrın 14-də mətbuat konfransında Heydər Əliyev respublikanın çətinliklərini möhkəm dövlətçilik dayaqlarının olmaması faktı ilə əsaslandırırdı. Milli müstəqilliyin dönməzliyinə əmin olan Heydər Əliyev problemi "respublikanın öz dövlət siyasətini nə qədər tez həyata keçirmək və beynəlxalq miqyasda çox çətin daxili problemlərini həll etmək üçün öz dövlət və iqtisadi strukturlarını, institutlarını yarada biləcəyində" görürdü. Beləliklə, millətin lideri daxili problemlərin həllini xarici siyasətlə sıx əlaqələndirirdi.
1993-cü il oktyabrın 10-da dövlət başçısı vəzifəsinə başlayarkən Heydər Əliyev birinci dərəcəli praktiki məqsədləri bəyan etdi: "Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət sistemini yaratmaq, dövlət atributlarını möhkəmləndirmək və inkişaf etdirmək, ərazi bütövlüyünü və Azərbaycan Respublikasının tam suverenliyini təmin etmək, ölkəni müharibə vəziyyətindən çıxarmaq".
Hakimiyyətdə olduğu ilk ildə Heydər Əliyev çox vacib bir konseptual məqamı - müasir dünya siyasi sistemində deklarativ deyil, real suverenliyə nail olmağı ön plana çəkərək 1993-cü il sentyabrın 21-də dedi: "Müstəqillik təkcə beynəlxalq təşkilatların bizi tanımasından ibarət deyil... müstəqilliyi inkişaf etdirmək, onu əldən buraxmamaq, bütün sahələrdə (rəhbər prinsip kimi) həyata keçirmək lazımdır".
Heydər Əliyevin suverenlik konseptinin qavrayışının özəlliyini də nəzərə almaq lazımdır. Burada qeyd etməliyik ki, suverenlik anlayışı Heydər Əliyevin anlamında ümumi qəbul olunmuş tutumdan daha dərin məna kəsb edir. Onun leksikonunda suverenlik anlayışı tarixilik kimi bir xüsusiyyətə malikdir. Onun çıxışlarının ümumi konteksti belə deməyə əsas verir ki, "suverenlik" ifadəsi dövlətin və onun siyasi elitasının yeni dünya siyasi arenasında öz tarixi missiyasının yerinə yetirilməsi, daha dəqiq desək, Azərbaycanı siyasi mədəniyyət də daxil olmaqla, milli mədəniyyətə tamamilə uyğun şəkildə müasirləşdirməklə bağlı suveren hüquqları mənasını verir. Əslində, Heydər Əliyev millətin siyasi elitasının müasirləşmək konsepsiyasını kənar imperativ təsirlər olmadan müəyyənləşdirmək hüququ uğrunda mübarizə aparırdı.
Ulu öndərin çıxışlarında müasir Azərbaycan dövlətinin siyasətinin fövqəlsinfi səciyyə daşıdığını göstərən mənəvi tələblər öz əksini tapırdı. Sovet Azərbaycanında şəxsi kapitala imkan verilməməsi təcrübəsindən ötən əsrin 90-cı illərində onun yaradılmasına və təşviqinə keçid Azərbaycan Respublikasında dünya oliqarxiyası ilə saysız-hesabsız tellərlə bağlı olan yeni yaranmış oliqarxiyanın hakimlik edəcəyi kimi başa düşülmürdü. Heydər Əliyevin prinsipial olaraq fövqəlsinfi, antioliqarxik daxili siyasəti Azərbaycan dövlətinin davamlı xarici siyasi oriyentasiyalarının əsası oldu.
Göstərilən xüsusiyyət xarici siyasətin çoxvektorluğunda təcəssümünü tapır. Tarix göstərir ki, postsovet ölkələrində oliqarxik daxili siyasət hakimiyyətə inamda dərin böhrana və "narıncı inqilab"a sürüklənməyə səbəb olur. 2003-cü və 2005-ci illərdə "narıncıların" uğursuzluğunun səbəblərini Heydər Əliyev kursu tərəfindən yaradılmış immunitetdə axtarmaq lazımdır.
Oliqarxlıq ehtirası ilə milli maraqlara xəyanət arasında əlaqə artıq şübhə doğurmur. Dövlətin xarici siyasəti daxili siyasətin davamı, onun təzahürüdür. Xarici siyasət, ilk növbədə, milli dövlətin digər dövlətlərlə milli maraqların müdafiəsi uğrunda mübarizəsidir. Bu maraqlar suverenliyin vəhdət təşkil edən üçcəhətli konsepsiyasında - dövlət suverenliyi, milli suverenlik və xalq suverenliyində birləşmişdir. Bu səbəbdən də dövlətdə birlik nə qədər möhkəm olarsa, dövlətin xarici siyasəti bir o qədər uğurlu olur. Bununla yanaşı, ümummilli maraqların formalaşdırılması mental ənənənin, tarixi təcrübənin mütləq nəzərə alınmasını tələb edir ki, bunun da dövlət tərəfindən yerinə yetirilməsi olduqca mürəkkəb, böyük zəhmət tələb edən məsələdir. Bütün bu məqamlar Heydər Əliyev tərəfindən uğurla əlaqələndirilmişdir.
Ümummilli liderin xarici siyasətinin maraqlı cəhətlərindən biri də ideal və real məqamların nisbətidir. Heydər Əliyev milli ideologiyanın mahiyyətini zəngin təcrübəsinə əsaslanaraq yaxşı başa düşürdü. Artıq hakimiyyətdə olduğu ilk illərdə bu mövzunu dövlətin taleyi üçün aktual məsələ kimi qaldırırdı. 1994-cü ilin dekabrında ümummilli lider deyirdi: "Biz öz milli ideologiyamız haqqında düşünməliyik. Milli ideologiya heç şübhəsiz bizim tarixi keçmişimizlə, millətimizin adət və ənənələri ilə, bizim xüsusiyyətlərimizlə, xalqımızın və dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır".
Heydər Əliyev hamıdan yaxşı bilirdi ki, dünyanın aparıcı dövlətləri ilə əməkdaşlıq modelini hazırlayarkən risk hədlərini mütləq nəzərə almaq lazımdır. Belə bir tələb də məhz bu məntiqdən doğur: Azərbaycan dövlətinin xarici siyasəti özündə mənəvi dəyərləri nümayiş etdirən məqamları əks etdirməlidir. Heydər Əliyev deyirdi: "Biz çalışmalıyıq ki, yenidən müstəqilliyini əldə etmiş Azərbaycan bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqı bu mənada həm tarixi, həm də müasir potensiala malikdir". İqtisadiyyatın da aid olduğu bu potensiala Heydər Əliyev "bizim elmimizi, mədəniyyətimizi, ənənələrimizi və islam dinini" daxil edirdi.
Azərbaycan dövlətinin əsasını təşkil edən tarixilik, realizm, mənəvilik, mədəniyyəttutumlu müstəqillik millətin xarici siyasi mentallığı ilə təmin edilir. Bu cəhət Heydər Əliyev tərəfindən intuitiv olaraq nəzərə alınmışdır.
Heydər Əliyevin siyasi kursu Realpolitik ruhu ilə səciyyələnir. O, dünya reallıqlarının qiymətləndirilməsində müxtəlif resurslarla təmin edilən milli dövlətlərin maraqları mövqeyindən çıxış edir. Dünyanı maddi maraqlar idarə edir və bu, müxtəlif ideoloji sistemlərdə özünü göstərir. Realpolitik istiqamətli bu yanaşma sayəsində Heydər Əliyev Azərbaycan dövlətinin neft strategiyasını formalaşdırdı və bu təsəvvür bu gün də xarici siyasətin əsas konseptual cəhətini təşkil edir. Prezident İlham Əliyevin xarici siyasət kursunun çoxvektorluğu da Realpolitik yanaşma prinsiplərinə söykənir.
Müasir dünyanı ciddi problemlər narahat edir. Geniş mənada
bunlar bəşəriyyətin yaşamaq uğrunda mübarizəsi,
dünya sivilizasiyasının nailiyyətlərinin qorunub
saxlanması ilə bağlıdır. Məsələn,
dünyanın ən kəskin problemlərindən biri enerji təhlükəsizliyi
problemidir. Bizim ölkəmiz mühüm
enerji ixracatçısıdır. Azərbaycan
dövlətinin bu sahədə real imkanları onun xarici siyasətini
lövbər kimi saxlayır, ona özünəməxsus məna
və dəyər verir. Ölkəmizin
enerji baxımından əhəmiyyəti həyat tərzimizi,
təsisatlarımızı qoruya bilən müstəqil xarici
siyasət həyata keçirməyə imkan verir və bununla
da millətin öz məqsədlərini həyata keçirmək
hüququnun aliliyini təmin edir. Bununla bərabər,
Azərbaycanın enerji siyasəti yuxarıda adıçəkilən
dəyər motivasiyalarını ehtiva edir. Bunu tarixi hadisə - "Əsrin müqavilə"sinin
imzalanması faktından görmək olar. Bu, ilk baxışdan sırf iqtisadi xarakterli akt, eyni
zamanda, dünyagörüşü baxımından hadisə
oldu. 1994-cü il sentyabrın 20-də
Heydər Əliyev deyirdi: "1920-ci ildən başlayaraq, Azərbaycanın
həyatında mühüm dəyişikliklər baş
vermişdir. Azərbaycanın iqtisadiyyatı inkişaf
etmiş, respublikada güclü sənaye potensialı
yaradılmışdır, bizim neft sənayemiz böyük
tarixi yol keçmişdir. Mən bu gün
bunu bizim qonaqlarımızın diqqətinə
çatdırmağı, Azərbaycan xalqına
xatırlatmağı zəruri hesab edirəm. Çünki bütün bunlar Azərbaycan xalqının
fəxri və şöhrətidir, bizim xalqımızın,
neftçilərimizin dünya iqtisadiyyatında böyük
xidmətlərindən xəbər verir".
Heydər Əliyevin hakimiyyət konsepsiyasında "Əsrin
müqaviləsi" onun əsas məqsədini - ictimai rifaha
xidmət edən dəyər ideyasını əks etdirirdi. "Əsrin
müqaviləsi" insan enerjisinin azad olunması kimi başa
düşülən müasirləşmənin mühərrikinə
çevrilsə də, proseslərə nəzarət dövlətin
himayəsində qalırdı.
Azərbaycanın digər mühüm taleyüklü
xüsusiyyəti dünya və regional maraqların kəsişməsində
yerləşməsidir. Biz bir çox dövlətlər və
nüfuzlu transmilli təşkilatların maraqlarının
toqquşduğu mürəkkəb geosiyasi məkanda yerləşirik.
Çox vacib haldır ki, Azərbaycan dövləti
bu gün dünya siyasətinin təhlükəli dəyişikliklərinin
qarşısını almağa və konfliktogen
situasiyaları müxtəlif siyasi sistemli ölkələrlə
əməkdaşlıq məcrasına keçirməyə
müvəffəq olmuşdur.
Azərbaycanın
həyata keçirdiyi dəyərtutumlu və məqsədyönlü
çoxvektorlu xarici siyasət, sözün tam mənasında,
MDB-yə üzv dövlətlər üçün model ola bilər. Çünki bu kurs
milli maraqların, Azərbaycan dövlətinin
maraqlarının maksimal təminatına yönəlmişdir
və müasir beynəlxalq münasibətlərdə
mövcud çağırış və təhdidlərə
adekvat reaksiya kimi özünü uğurla doğruldur. Azərbaycanın həyata keçirilməkdə
olan milli və dövlət maraqları ümumi inkişaf və
tərəqqi, xalqın maddi rifahının yüksəldilməsi,
eyni zamanda, Azərbaycanın dünyada mövqelərinin
möhkəmləndirilməsi deməkdir. Azərbaycan
dövlətinin bugünkü nailiyyətlərinin
kökü ümummilli lider Heydər Əliyevin 10 illik islahatçı
fəaliyyətinin üzvi tərkib hissəsi olduğu ölkəmizin
XX əsrdəki tarixi nailiyyətdir.
Diqqətəlayiq haldır ki, ümummilli liderin müəyyən
etdiyi inkişaf strategiyasını böyük müvəffəqiyyətlə
davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən xarici siyasət bu gün
müstəqil Azərbaycanın dünya miqyasında
mövqelərinin daha da güclənməsinə gətirib
çıxarıb. Xalqın iradəsi əsasında Azərbaycan
Prezidenti seçildikdən sonra cənab İlham Əliyev bir
siyasətçi olaraq dünyada böyük hörmət və
nüfuz sahibinə çevrilib. Təkbətək və
çoxtərəfli görüşlərdə, eləcə
də müxtəlif beynəlxalq tribunalardan etdiyi
çıxışlarda Azərbaycanın milli
maraqlarını bütün sahələrdə uğurla
müdafiə və təmin edən dövlət
başçısının həyata keçirdiyi xarici siyasət
ölkəmizin regional, beynəlxalq mövqelərini
davamlı olaraq daha güclü hala gətirir. Onun
qətiyyətli mövqeyi Cənubi Qafqazda hər hansı
taleyüklü məsələnin həllində, transmilli
layihənin reallaşmasında Azərbaycanın
iştirakı və razılığı olmadan konkret nəticə
əldə olunmasını mümkünsüz edir. Azərbaycan təkcə mövcud olduğu yox, MDB,
Şərqi Avropa kimi böyük bir coğrafi ərazidə
də əsas nüfuz sahiblərindən biri kimi
çıxış edir. Son illərdə
sülh danışıqları prosesində Ermənistanın
tamamilə çıxılmaz vəziyyətə
salınması, beynəlxalq təşkilatlarda Azərbaycan ərazilərinin
işğalını pisləyən sənədlərin qəbul
edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi
siyasətin məntiqi nəticəsi, Azərbaycanın
diplomatik sahədə böyük uğurlarıdır.
Ötən ilin oktyabrın 24-də Azərbaycanın
diplomatik uğurları sırasına növbəti əlamətdar
hadisə əlavə olundu. BMT Baş Məclisinin
plenar iclasında gizli səsvermənin nəticələrinə
əsasən respublikamız 2012-2013-cü illərdə Şərqi
Avropa regionunu Təhlükəsizlik Şurasında təmsil
edəcək yeni üzv seçildi. Azərbaycanın
BMT TŞ-nin üzvü seçilməsi həm
ölkəmizdə, həm də xarici dövlətlərdə
haqlı olaraq respublikamızın beynəlxalq müstəvidə
qazandığı son dərəcə böyük siyasi və
diplomatik qələbə kimi qəbul edilir. Bu
uğur həm də Azərbaycanın öz milli
maraqlarının beynəlxalq səviyyədə müdafiəsi
üçün daha geniş imkanlar yaradır. Bu
baxımdan Azərbaycanın BMT TŞ-nin
üzvü seçilməsi ölkəmizdə həyata
keçirilən siyasətin məntiqi nəticəsi olmaqla
milli və dövlət maraqları baxımından çox
mühüm siyasi məsələdir. Prezident
İlham Əliyevin bununla əlaqədar verdiyi bəyanatda
çox aydın şəkildə ifadə edilib ki, bu, bizim
üçün tarixi əhəmiyyət kəsb edən bir
hadisədir. BMT TŞ-yə üzv olmaq üçün
BMT dövlətlərinin üçdə ikisinin, təxminən
129 dövlətin səsini qazanmaq lazım idi. Lakin
təsəvvür edin ki, quruma 193 üzv dövlətdən
155-i Azərbaycanın TŞ-yə üzv olmasına səs
vermişdir. 20 illik müstəqillik
dövrünü yaşayan gənc dövlətin beynəlxalq
miqyasda, dünyanın ən aparıcı beynəlxalq təşkilatında
bu qədər səs toplaması doğrudan da mühüm bir
məsələdir.
Bu
kontekstdə daha bir önəmli amil ondan ibarətdir ki, indi
dünyada Azərbaycanı tanıyırlar, onun
inkişafı və mədəniyyəti haqqında məlumatları
var. Azərbaycanın "Eurovision-2011" beynəlxalq
mahnı müsabiqəsindəki tarixi qələbəsini yada
salaq. Ölkəmiz 56 illik tarixə malik bu musiqi
yarışına cəmi dörd ildir qatılmasına
baxmayaraq, ötən dövrdə yüksək pillələrdə
qərarlaşıb, daim ilk onluqda yer alıb. 2011-ci ildə isə mötəbər
yarışdan qalib kimi ayrılıb. Bir
çox Avropa ölkələrinin "Eurovision"da 40-50
illik təcrübələrinə baxmayaraq, uzun illər həsrətində
olduqları, lakin hələ də dada bilmədikləri qələbə
sevincini Azərbaycan bu mahnı bayramını cəmi dörd
illik iştirakı ilə yaşadı. Tamaşaçı
səsverməsi Azərbaycanı 43 ölkə arasında qələbə
zirvəsinə ucaltdı. Bununla da ölkəmiz
dünyada daha bir möhtəşəm mədəniyyət
uğuruna imza atdı.
Bu böyük nailiyyət Azərbaycanın dünyada
artan nüfuzunun, regional və beynəlxalq aləmdə
yeritdiyi siyasətin təntənəsinin əyani göstəricisidir. Şübhəsiz
ki, yarışmanın qalibini seçən sadə insanlar bu
və ya digər ölkənin təmsilçisini dəstəkləməyi
qərara alarkən həmin ölkənin beynəlxalq əlaqələrdə
rolunu, mədəniyyətlərin, sivilizasiyaların dialoquna
verdiyi töhfəni nəzərə alırlar. Bütün bunların fonunda Azərbaycanın yenidən
öz mədəniyyəti ilə dünyanı fəth etməsi
tamamilə qanunauyğundur.
Qeyd edilənlər belə bir nəticəyə gəlməyə
əsas verir ki, ikinci dəfə dövlət müstəqilliyini
əldə etdikdən sonra 1993-cü ildən başlayaraq Azərbaycan
kifayət qədər uğurlu xarici siyasət strategiyası
həyata keçirib. Ölkəmiz daim dəyişən beynəlxalq
mühitə uyğunlaşmaqla yanaşı, eyni zamanda,
regional liderə çevrilməyə nail olaraq milli
maraqların həyata keçirilməsi, müstəqilliyin və
suverenliyin gücləndirilməsi, ərazi
bütövlüyünün bərpasına istiqamətlənmiş
fəal xarici siyasət yürüdüb.
Novruz
MƏMMƏDOV,
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Xarici əlaqələr
şöbəsinin müdiri, YAP Siyasi
Şurasının üzvü
Azərbaycan.-
2012.- 26 aprel.- S. 5.