Fuad Ələsgərov: Azərbaycanda bütün sahələrdə gənclərin iştirakının artması prosesi sürətlə gedir

 

Aprelin 26-29-da Bakıda gənc hüquqşünasların Beynəlxalq forumu keçiriləcəkdir.  Bu münasibətlə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq- mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov AzərTAc-a müsahibə vermişdir.

- Azərbaycan daha bir beynəlxalq tədbirə - gənc hüquqşünasların forumuna ev sahibliyi edəcəkdir. Bu tədbirin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Artıq Azərbaycan bütün sahələrdə beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirildiyi məkandır. Bu baxımdan gənc hüquqşünasların forumunun keçirilməsi təsadüfi deyildir. Bildiyiniz kimi, son dövrlərdə respublikamızda elm, mədəniyyət, idman, təhsil və digər sahələrdə silsilə beynəlxalq tədbirlər, dünya çempionatları, qlobal forumkonfranslar keçirilməkdədir. Bu, ölkəmizin artan beynəlxalq nüfuzunun, iqtisadi inkişafının və nailiyyətlərinin təcəssümüdür. Avropaya inteqrasiya istiqamətində görülən işlər və əldə edilmiş nailiyyətlər artıq Azərbaycanı beynəlxalq səviyyədə birgə tədbirlərin keçirilməsi üçün etibarlı partnyora çevirmişdir. Ölkəmiz Avropa hüquq məkanına qoşulmuş, hüquq, məhkəmə, dövləti idarəetmə sistemini yenidən qurmuşdur. Avropa İnsan Hüquqları Konvensiyası və 50-yə yaxın digər Avropa konvensiyası ölkəmizin daxili hüququnun tərkib hissəsinə çevrilmişdir.

Gənc hüquqşünasların Beynəlxalq forumunun Azərbaycanda keçirilməsi bizi çox sevindirir. Bu, dövlətimizin gənclərə göstərdiyi qayğının, onlara yaratdığı münbit fəaliyyət mühitinin və gənclərin təşəbbüskarlığının nəticəsidir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-2015-ci illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramını təsdiq etmişdir. Həmin  tədbirlərə dəstək və onların təşviq edilməsinin nəticəsi olaraq bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini təsdiqləyir və göstərilən etimadı doğruldurlar.

- Bakı forumunun təşkilatçısı Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan bölməsidir. Təşkilat və bu tədbirin məqsədi barədə ümumi məlumat almaq istərdik.

- Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (European Law Students Association - ELSA) dünya üzrə tələbə hüquqşünasların ən böyük təşkilatıdır. Bu təşkilat Avropanın 41 ölkəsində, 300 universitetində 32 mindən çox tələbə hüquqşünası və gənc hüquqşünası özündə birləşdirir. ELSA-nın baş qərargahı Brüssel şəhərindədir. Təşkilat tələbə hüquqşünaslara bacarıqlarını inkişaf etdirmək, yeni biliklər əldə etmək və Avropa üzrə tələbə hüquqşünaslar və peşəkarlar ilə əlaqələr qurmaq üçün platforma yaradır. Azərbaycan təşkilata 2011-ci ildə üzv olmuşdur və ELSA-Azərbaycan adı altında fəaliyyətə başlamışdır. Yerli bölməsi fəaliyyətə başladığı dövrdən ELSA Azərbaycanda bir sıra layihələr, o cümlədən rəmzi məhkəmə prosesləri və elmi dərnəklər təşkil etmiş, onlarla gənc hüquqşünasın Avropada təşkil olunmuş beynəlxalq tədbirlərdə və yay məktəblərində iştirakına dəstək vermişdir. ELSA-Azərbaycan tərəfindən tələbə hüquqşünaslar arasında təşkil edilən rəmzi məhkəmə prosesləri müsabiqəsi tələbələrin böyük marağına  səbəb olmuşdur. Gənc hüquqşünasların Beynəlxalq Bakı forumu çərçivəsində Azərbaycan Respublikasının Ali Məhkəməsində bu müsabiqənin final mərhələsi keçiriləcəkdir.

Gənc hüquqşünasların Beynəlxalq Bakı forumunun keçirilməsi ideyasının müəllifləri və təşkilatçıları gənc hüquqşünaslardır. Bu gənclər bir qədər əvvəl Avropa Hüquqşünas Tələbələr Assosiasiyası ilə sıx əməkdaşlıq əlaqələri qurmuşbu təşkilatın Azərbaycan bölməsini təsis etmişlər. Tədbirin keçirilməsində əsas məqsəd Avropanın müxtəlif ölkələrində yaşayan gənc hüquqşünasları bir araya gətirmək, onların təhsil və peşə problemlərini, perspektivlərini, regional və beynəlxalq miqyasda gedən hüquqi prosesləri müzakirə etməkdir.

- Son vaxtlar Azərbaycanda məhkəmə-hüquq sahəsində geniş islahatlar həyata keçirilmişdir. Bu proseslərdə gənclərin iştirakı hansı səviyyədədir?

- Azərbaycanda bütün sahələrdə gənclərin iştirakının artması  prosesi sürətlə gedir. Bu proses dövlət siyasətinin bir hissəsidir və Prezident İlham Əliyev tərəfindən tam dəstəklənir. Digər peşələr kimi, hüquq peşəsi də bu prosesdən kənarda qalmamış,   əhəmiyyətli dərəcədə gəncləşmiş və yenilənmişdir. Hazırda məhkəmə sistemində fəaliyyət göstərən hakim heyətinin 50 faizi son illər hakim fəaliyyətinə başlayan şəxslərdir. Yeni hakimliyə namizədlərin 66 faizi gənclərdir. Bu gün prokurorluq, ədliyyə və polis orqanlarında çalışanların 50 faizi gənclərdir. 2006-cı ildən ədliyyə orqanlarında çalışanların 80 faizi gənclərdir. Vəkillər Kollegiyasına üzv olan 850 vəkilin 30 faizi 40 yaşadək olan şəxslərdir. Bildirməliyəm ki, bu rəqəmlərin son illər üzrə artım dinamikası müsbətdir və gənclərə münasibətdə həyata keçirilən bugünkü dövlət siyasəti qarşıdan gələn illər üzrə həmin rəqəmlərin daha da artacağını deməyə əsas verir. Avropa standartlarına uyğun şəkildə, şəffaf qaydalar əsasında formalaşdırılmış müasir hakim korpusu, vəkillik, prokurorluqpolis gənc peşəkarların hesabına daha dinamik, dəyişikliklərə münasibətdə daha həssas və çevik olmuşdur.

- Sizin Beynəlxalq Bakı forumunun iştirakçıları olan gənc hüquqşünaslara arzularınızı öyrənmək istərdik.

- Əminəm ki, bu forum hüquq peşəsinə yiyələnmək, bu sahədə  karyera qurmaq istəyən gənclər üçün yeni cəlbedici, ümidverici üfüqlər açacaqdır. Forumun mövzusu da belə düşünməyə əsas verir.  Bu tədbir indiyə qədər görülən işlərin məntiqi davamı olaraq, həm də beynəlxalq əməkdaşlıqda yeni səhifə açacaq, bizi ümumi məqsədlərimizə çatmağa daha da yaxınlaşdıracaqdır. Ümid edirəm ki, gənclərin təşəbbüskarlığı, sərhədləri aşan dostluq münasibətləri və gənc hüquqşünasların maariflənməsi üzrə həyata keçirdikləri fəaliyyət qısa müddət ərzində müsbət nəticəsini verəcəkdir. Bütün iştirakçılara peşəkar həyatlarında uğurlar arzulayıram.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 26 aprel.- S. 6.