Azərbaycan və
Koreya arasında əməkdaşlığın
inkişafı məsələləri müzakirə olunmuşdur
Koreya Respublikası ilə Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə işçi qrupunun 4-cü iclası keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan və Koreya tərəfdən aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak etmişlər.
Nazirliyin Aparat rəhbəri Samir Vəliyev ölkəmizin qazandığı sosial-iqtisadi nailiyyətlər barədə ətraflı məlumat vermiş, Azərbaycanda xarici ölkələrlə, o cümlədən Koreya Respublikası ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verildiyini qeyd etmiş, mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırmışdır.
Koreya Respublikasının Bilik İqtisadiyyatı Nazirliyinin baş direktoru Taehee Voo ölkəsinin Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulamış, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Koreya Sənaye Kompleksi Korporasiyasının bölmə rəhbəri Hyeyoung Cho "Xüsusi iqtisadi zonalar və sənaye parkları üzrə əməkdaşlıq", Koreya Ticarət Sığorta Korporasiyasının baş meneceri Subuem Park "İxrac Kredit Agentliyi vasitəsilə ixracın maliyyələşdirilməsi", "SK C&C" şirkətinin baş meneceri Seongpil Yang "Dəmiryolu sisteminin inkişafı", Koreya Yeni və Bərpa Olunan Enerji Korporasiyasında bölmə rəhbəri Jungtae Pak "Bərpa olunan enerjinin inkişafı üzrə əməkdaşlıq" mövzularında təqdimatlarla çıxış etmişlər.
Komissiyanın iclasında ölkələrimiz
arasında sənaye, kənd təsərrüfatı, tikinti, informasiya-kommunikasiya
texnologiyaları, energetika, və s. sahələrdə əməkdaşlığın
inkişafı, iş adamları
arasında əlaqələrin gücləndirilməsi məsələləri
müzakirə edilmişdir.
Azərbaycan.- 2012.- 26 aprel.- S. 6.