Azərbaycanlı deputatın çıxışı Avropa Şurası Parlament Assambleyasının sessiyasında maraqla qarşılanmışdır

 

İşini davam etdirən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA ) yaz sessiyasında "Qadın və kişi bərabərliyi - ərəb  baharı  uğurunun şərtidir" məsələsi müzakirə olunmuşdur. Bu mövzu ətrafında müzakirələrdə azərbaycanlı deputat Sahibə Qafarova da çıxış etmişdir.

Deputat qeyd etmişdir ki, qadınların hüquqlarının təmin olunması, bu sahədə qarşıya çıxan problemlərə qarşı birgə mübarizənin gücləndirilməsi demokratik cəmiyyətlərdə prioritet məsələlərdən biridir. Bu gün burada bununla bağlı müzakirələrin  aparılması da Avropa Şurasının bu məsələdə ortaya qoyduğu haqlı iradənin nümunəsi hesab oluna bilər. Amma düşünürəm ki, müzakirə olunan məsələ ilə bağlı obyektiv qənaətə gəlmək üçün hadisələri düzgün dəyərləndirmək lazımdır.

"Sirr deyil ki, Yaxın Şərq və Şimali Afrika ölkələrində insanların siyasiiqtisadi məsələlərdən doğan narazılığı və etiraz dalğaları daha sonra yerini kütləvi iğtişaşlara və vətəndaş müharibəsinə verdi. Təbii ki, məqsədin nə olmasından asılı olmayaraq, kənar müdaxilələr də bu prosesin daha təhlükəli nəticələrə gətirib çıxarmasına şərait yaratdı. Qanlı qırğınların, minlərlə günahsız insanların qətlə yetirilməsinin heç bir məntiqli izahı ola bilməz. Çox təəssüf ki, bu günqeyd olunan bölgədə oxşar hadisələr yaşanmaqda davam edir. Belə bir şəraitdə, insan hüquqlarının, gender bərabərliyinin, təmin olunması daha da mürəkkəb, hətta deyərdim, müşkül bir məsələyə çevrilir.

Mən burada bir haşiyə çıxıb hadisələrə fərqli rakursdan baxmaq istəyirəm. Azərbaycan dövləti 20 ildən artıqdır ki, istəmədiyi münaqişəyə cəlb olunmuşdur. Bu münaqişənin fəsadlarının, ağır nəticələrinin nə olduğunu yaşayaraq görmüşük. Ermənistanın işğalçılıq siyasəti və torpaqlarımızı işğal etməsi nəticəsində minlərlə vətəndaşımız şəhid olmuş, yüz minlərlə insan öz dədə-baba torpağından didərgin düşmüşdür. Onların əksəriyyətini qadınlar təşkil edir. Ona görə də münaqişə şəraitində yaşayıb, insan hüquqlarının, gender bərabərliyinin təmin olunmasının nə dərəcədə mürəkkəb bir olduğunu bir çoxlarına nəzərən daha yaxşı bilirik. Mən Yaxın Şərqdəki həmcinslərimi yaxşı başa düşürəm. Ona görə də düşünürəm ki, istənilən halda problemlərin həllinə nail olmaq üçün sabitliyin yaranması birinci məsələdir.

Münaqişənin davam etdiyi bir vaxtda insan hüquqlarının ali dəyər və normalara uyğun olaraq müdafiəsinin təmin olunmasını gözləmək sadəlövhlük olardı. Eyni zamanda bunu onların daxili işi hesab edib, hadisələrə göz yummaq da doğru bir davranış olmazdı. Hamılıqla orada əziyyət çəkən, hər gün hüquqları tapdalanan insanlara, o cümlədən qadınlara, yardımçı olmalıyıq. Bunu edərkən də başqa maraqlarımızı bir kənara qoyub, səmimi, xoş niyyət göstərməliyik, maksimum ehtiyatlı olmalıyıq ki, o insanlar üçün yeni problemlər yaratmayaq", -deyə azərbaycanlı deputat bildirmişdir.

 

 

Əsgər ƏLİYEV

 

Azərbaycan.- 2012.- 26 aprel.- S. 6.