Gülüstana dönən sərhəd rayonu

 

Azərbaycan 2020: Güclü dövlət, yüksək rifah

 

  Son illər ərzində burada aparılan işlər nəticəsində Balakənin siması dəyişib, şəhər gözəlləşib, müasirləşib. Dünya səviyyəli inkişaf etmiş şəhərlərin sırasına daxil edilib. Nəzərə alsaq ki, Balakənin çox gözəl təbiəti, gözəl təbii şəraiti var, bu, doğrudan da, dünya miqyasında özünün xüsusi yeri olan bir şəhərdir. Mən çox istəyirəm ki, burada abadlıq, quruculuq işləri bundan sonra da sürətlə getsin.

 

İlham ƏLİYEV

 

 

 Ölkəmizin sərhəd rayonu olan Balakən yüksək dövlət qayğısı sayəsində öz inkişafında qazandığı uğurları ildən-ilə daha da artırır. Balakənin də sərhəd rayonlarına xas olan özəllikləri çoxdur. Tarix boyu bu bölgədə gərginliklər az olmayıb. Dövlət sərhədini məkrli niyyətlə keçmək istəyənlər, ayrı-ayrı xalqların nümayəndələri arasında nifaq salmağa, ixtilaf yaratmağa cəhd edənlər, məmləkətimizin inkişafını gözü götürməyənlər balakənlilərin rahatlığını pozmağa çalışıblar.

Hər dəfə də bu mənfur xislətlilər vaxtında və yerində susdurulublar. Bu baxımdan yerli əhalinin ayıq-sayıqlığı, sərhədçilərimizə arxa-dayaq olmaları çox önəmli məsələdir.

Balakənlilər tikilənin, qurulanın, yaradılanın qədrini bilməyə, qorumağa, yeniliyə, quruculuğa işgüzarlıqla yanaşmağa çalışırlar. Bütün bunlar isə rayonun inkişafına təsir edən amillərdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin uğurlu icrası Balakənin simasını tamamilə yeniləşdirib, müasirləşdirib.

Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkının bölgədə çətin ki, bənzəri olsun. Rayona gələn qonaqlar, o cümlədən turistlər bu gözəl məkana böyük maraqla baxırlar.

Baharın gəlişi bu bölgənin füsunkarlığını daha da artırıb. Burada dağlar daha əzəmətli, təbiət daha əsrarəngiz olur. İnsanların qurub-yaratdıqları, tikib ərsəyə gətirdikləri nə varsa, təbiət ecazkarlığının fonunda daha yaraşıqlı, daha baxımlı görünür.

Bu günlərdə yolumuzu Balakəndən saldıq. Dövlət bayrağının ucaldığı yerdən şəhərin Heydər Əliyev prospekti başlanır. Geniş və yaraşıqlı, hamar asfalt döşənmiş prospektdə hər iki istiqamətə avtomobillər rahat hərəkət edirlər. Abadlaşdırılmış geniş səkilər, müasir işıq dirəkləri, insanların nizamlı və rahat davranışları bir daha xatırladır ki, bura müasir və gözəl Balakən şəhəridir.

Görülən işləri müşahidə edə-edə prospektlə irəliləyirdik ki, xeyli insanın rayon icra hakimiyyətinin binasına tərəf getdiyini gördük. Şübhəsiz ki, peşə marağı üstün gəldi, yaxınlaşdıq və ...

RİH başçısı İslam Rzayevə məlumat verilən kimi hamını elə öz otağındaca qəbul etdi, əyləşmək üçün yer göstərsə də, dedilər özümüz də tələsirik, sizin də vaxtınızı almayaq, bu tezdən kənd əhalisinin ürək sözlərini deməyə gəlmişik.

Otuz nəfərə yaxın olardılar. Rayonun Hənifə və Qazma kəndlərindən gəlmişdilər. İlk sözə Qazma kəndinin ağsaqqallarından olan Əhməd Əliyev başladı: -Yol sarıdan çox əziyyət çəkirdik, xüsusilə qarda-yağışda gediş-gəlişimiz müşkülə çevrilirdi. Hansısa bir iş dalınca vaxtında gedə bilmirdik. Möhtərəm  Prezident İlham Əliyevin Balakən-Qazma-Darvazbinə avtomobil yolunun tikintisi məqsədi ilə üç milyon manat vəsait ayrılması barədə imzaladığı sərəncamı televiziyadan eşidəndə sevincimizin həddi-hüdudu olmadı, hamı bir-birinə gözaydınlığı verdi. Səhər-səhər bura gəlməkdə də məqsədimiz bu diqqətə və qayğıya görə bütün kənd sakinləri adından cənab Prezidentə dərin minnətdarlığımızı bildirməkdir. Söz veririk ki, vətənimizin daha da inkişafı üçün bundan sonra da canla-başla çalışacağıq.

Əhməd Əliyevdən sonra həmkəndliləri Mustafa Əliyev, Məhəmməd Şakirov, Kamal Zohorov, Hizbullah İbrahimov, Hənifə kəndinin nümayəndələrindən Aydın Hüseynov, Rəşid Çiraqi, Rizvan Şabanov və digərləri də ürək sözlərini söyləyərək dövlət başçısının təkcə yol tikintisində deyil, bütün sahələrdə Balakən rayonuna göstərdiyi qayğıya görə təşəkkür etdilər.

Bəli, regionların hərtərəfli inkişafına daim yüksək səviyyədə qayğı göstərən ölkə Prezidenti İlham Əliyevin on altı min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazma-Darvazbinə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Balakən Rayon İcra Hakimiyyətinə 3 (üç) milyon manat vəsait ayrılması barədə 28 mart 2012-ci il tarixli sərəncamı balakənlilərin böyük sevincinə və ruh yüksəkliyinə səbəb olmuşdur. Hər bir balakənli bu qayğıya öz əməli işi ilə cavab verməyə çalışır.

Balakənin respublika və rayon əhəmiyyətli avtomobil yollarında ötən il salınan 10,7 km asfalt-beton örtüyünün 6,6 kilometri şəhər  yollarının payına düşür. Ümumilikdə asfalt-beton qarışığı ilə 4996 kvadratmetr cari təmir işləri görülüb. Rayonun Şərif kəndində uzunluğu 14, eni 5 metr olan körpü tikilib istifadəyə verilib. İsaxlıgirmə yaşayış məntəqəsində Mazımçay üzərində 36 metr uzunluğunda körpünün tikintisinə başlanılıb.

Balakən selə-daşqına həssas rayondur. Bu yöndə mübarizə işlərinə də ciddi fikir verilir. Balakənçay sistemində 180 metr uzunluğunda, 700 kubmetr həcmində daş-beton bəndlərin təmir olunması rayonun Mahamalar və Hənifə kəndlərinin xeyli ərazilərini sel sularından xilas edib.

2011-ci ilin 20-21 avqustunda yağan güclü leysan yağışları nəticəsində İnter çayı öz məcrasından çıxmış, Şərif kəndi və ona qonşu olan digər kəndlər sel sularına məruz qalmışdılar. Müvafiq tədbirlər görüldükdən sonra İnter çayının məcrası 5 km məsafədə təmizlənərək yatağı dərinləşdirilib. Çayın üzərində təhlükəli vəziyyətdə olan körpülər təmir olunub. Katex kəndinin seldən mühafizəsi üçün 500 metr uzunluğunda daş-qumdan ibarət maneə yaradılıb.

Balakən kimi rayon üçün bənd tikintisinə diqqət çox önəmli məsələdir. İndiyədək Balakənçay sistemində Salban yaşayış ərazisinin, Heydər Əliyev adına parkın, Balakən şəhərinin, Mazımçay sistemində Mazımçay Gömrük Postunun, Şərif kəndinin sel sularından müdafiəsi üçün ümumilikdə 805 p/m daş-beton bənd tikilib. Ancaq mütəxəssislər bildirirlər ki, əhalinin və təsərrüfatlarının sel sularından mühafizəsi üçün dağ çaylarında sahilbərkitmə işlərinin həcmi artırılmalı, yaşayış məntəqələrində əvvəllər mövcud olmuş su kanalları və arxları bərpa olunmalıdır.

Balakən ölkənin iri kənd təsərrüfatı rayonlarından sayılır. Əlverişli iqlim şəraiti qarğıdalı, xurma istehsalına müsbət təsir edir. Ölkə Prezidentinin boş torpaqlardan səmərəli istifadə olunmasına dair tapşırığından sonra Balakəndə intensiv alma bağları salınmasına diqqət artırılıb. RİH başçısı İ.Rzayev söhbət əsnasında bildirdi ki, Balakən müdriklərin "cənnət meyvəsi" adlandırdığı xurması ilə məşhur olsa da, indiyə qədər onun yığımında və satışında problemlər mövcud idi.

Əksər hallarda bu "cənnət meyvəsi" ağacların başında qalıb qurda-quşa yem olur, sahibi ondan heç bir mənfəət götürə bilmirdi. Artıq bu məsələlərin həlli ilə bağlı müəyyən layihələrimiz var, itkilərin aradan qaldırılması üçün gərəkli tədbirlər görəcəyik.

Ötən il rayonda 9126 hektar sahədə yazlıq və payızlıq bitkilər əkilib, onun 356 hektarında payızlıq taxıl əkilməklə cəmi 494 ton məhsul, o cümlədən 346 ton buğda, 148 ton arpa məhsulu götürülüb. İqtisadi cəhətdən daha səmərəli olan qarğıdalı istehsalına daha çox üstünlük verən Balakən fermerləri 4865 hektar sahədə dən üçün qarğıdalı əkiblər. Bu da əvvəlki ildəkindən 269 hektar çoxdur. Ümumilikdə ötən il 2010-cu illə müqayisədə 2,6 min ton qarğıdalı, 13 ton lobya, 13 ton tərəvəz, 1130 ton meyvə məhsulları, o cümlədən 16 min ton xurma, 3,6 min ton fındıq istehsal olunub.

İstehsal olunan fındıq emal müəssisələri tərəfindən xarici bazarlara çıxarılır. Xurmanın satışındakı problemi aradan qaldırmaq üçün Katex kəndində gücü 4,5 min ton olan soyuducu və qurutma kameralarının, "Balacans" MMC-nin əlavə soyuducu kameralarının tikintisinə başlanılıb. Bu kameralar fəaliyyətə başlayandan sonra xurma ilə yanaşı, digər meyvə və tərəvəz məhsullarının satışı və saxlanılması ilə bağlı problemlər də aradan qaldırılacaq və eyni zamanda yeni iş yerləri açılacaqdır.

Rayonda quşçuluq-inkubasiya, yeni konserv məhsullarının istehsalı sahələrinin yaradılması istiqamətində də müvafiq işlər görülür.

Balakəndə heyvandarlığın inkişaf etdirilməsi də diqqətdə saxlanılır. İki ilin müqayisəsinə görə, qaramalın sayı 342 baş, ana malın sayı 732 baş, davarın sayı 577 baş artıb. Ət, süd, yun, yumurta, bal istehsalında da xeyli artıma nail olunub.

Heyvandarlığın inkişafı ilə əlaqədar  damazlıq işlərinə, o cümlədən süni mayalandırma tədbirlərinin həyata keçirilməsinə diqqət artırılıb. Rayonda arıçılıq üzrə 3 damazlıq təsərrüfatı fəaliyyət göstərir. Görülən tədbirlər nəticəsində bu təsərrüfatlarda arı ailələrinin sayı 300-ə çatdırılıb.

Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı çərçivəsində tikilib istifadəyə verilmiş "Azəryemsənaye" MMC-də ötən il ərzində 1100 ton qüvvəli yem istehsal olunaraq Balakənin və digər rayonların fermerlərinə satılıb. Bu müəssisə tərəfindən ətlik heyvandarlığın inkişaf etdirilməsi istiqamətində də layihə həyata keçirilir. Katex kəndində yaradılan heyvandarlıq fermasına xaricdən ətlik üçün 418 baş qaramal gətirilib. Bu da rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və ət istehsalının artırılmasına imkan verəcəkdir.

2011-ci ildə rayonda aqrar sahədən 48,9 milyon manatlıq gəlir əldə edilib ki, bu da əvvəlki ilə nisbətən 400 min manat çoxdur.

Rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları bu yaxınlarda lizinq yolu ilə 6 ədəd texnika alıb gətiriblər. Bu da kənd təsərrüfatı işləri üçün texnikaya olan tələbatın ödənilməsini xeyli yaxşılaşdırıb.

Balakəndə tikinti-quruculuq, abadlıq işləri də geniş vüsət alıb. Balakən şəhərinin 7 küçəsində abadlıq işləri başa çatıb, arxlar, bardür və səkilər yenidən qurulub. Heydər Əliyev prospekti 1,6 km məsafədə hər iki tərəfdən 2,5 metrdən çox genişləndirilib, səkilərə üzlük daş döşənib. Prospekt boyunca sahibkarlıq obyektləri, yaşayış binaları aqlayla üzlənib. Əvvəlki görkəmi tamamilə dəyişib gözəlləşən Heydər Əliyev prospektində nəqliyyatın hərəkətinin ikitərəfli olması üçün görülən işlər əhalinin böyük razılığına səbəb olub: avtomobillərin hərəkəti və piyadaların yolu keçməsi üçün xeyli rahatlıq yaranıb.

Heydər Əliyev prospektində, R.Səmədov və M.Əsədov küçələrində 5,5 km məsafədə yeni işıqlandırma sistemləri qurulub, elektrik və optik rabitə xətləri yeraltı kabel xətti ilə əvəz edilib.

Şəhərin Dövlət Bayrağı meydanında dövlət atributları ilə bəzədilmiş abidə ucaldılıb. N.Nərimanov adına park müasir üslubda yenidən tikilərək sakinlərin istifadəsinə verilib. 12 kommunal yaşayış binasında təmir işləri görülüb. Şəhərdə 4 bulaq kompleksi inşa edilib. 4 yol qovşağının əsaslı təmir olunması da abadlıq işləri sırasındadır.

Rayonda bir çox yeni obyektlər tikilib istifadəyə verilib: rayon baytarlıq idarəsinin inzibati binası, Gənclər evi, Katex kənd 2 nömrəli tam orta məktəb üçün 220 şagirdlik, Qazbölük kənd tam orta məktəbi üçün 180 şagirdlik yeni binalar bu qəbildəndir. Ümumilikdə rayonda ötən il ərzində ümumi sahəsi 11660 kvadratmetr olan 106 fərdi yaşayış evi və ümumi sahəsi 810 kvadratmetr olan 18 xidmət və sahibkarlıq obyekti tikilərək istifadəyə verilib. Xalatala kəndində 360, Katexdə 180, Qullar kəndində 80 yerlik yeni məktəb binalarının təməli qoyularaq tikintisinə başlanılıb. Təhsil şöbəsinin, 9 məktəbin, 3 kənd uşaq bağçasının binaları büdcə vəsaiti, 7 uşaq bağçasının binası isə bələdiyyə vəsaiti hesabına təmir olunub. Nizami adına şəhər 1 nömrəli tam orta məktəbin, 1 və 3 nömrəli şəhər uşaq bağçaları binalarının əsaslı təmiri davam edir.

Tarix-diyarşünaslıq muzeyində, mərkəzi və uşaq kitabxanalarında, Hənifə kənd Mədəniyyət evində və Uşaq İncəsənət Məktəbində də təmir işləri görülüb.

Rayonda qazlaşdırma sahəsində xeyli irəliləyişlər var. 1800 evə qaz xətti çəkilməklə  rayon üzrə abonent sayı ötən ilin əvvəlinə olan 4491 nəfərdən 6291 nəfərə çatdırılıb. Şəhərin və 8 kəndin qazlaşdırılması yekunlaşmaq üzrədir. Qazma və Püştətala kəndlərinə qaz xətlərinin çəkilməsinə başlanılıb. Püştətaladakı qazpaylayıcı stansiyadan şəhərədək olan 530 mm-lik orta təzyiqli qaz xətti itkilərin aradan qaldırılması məqsədi ilə 9 km məsafədə polietilen borularla çəkilib. İ.Rzayev söhbət əsnasında dedi ki, qazlaşdırma bu il tam başa çatdırılmalıdır.

Əhalinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı Siltikçay su mənbəyindən şəhərə gələn və eyni zamanda şəhərdaxili su xətlərində müvafiq təmir işləri görülür. Talalar kəndindəki subartezian quyusu da təmir olunub. Tülü, Qazma, Hənifə, Xalatala və Qazbölük kəndlərində 6 artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib və 2700 metr uzunluğunda kənd su şəbəkəsi qurulub.

Əhaliyə elektrik enerjisi verilişinin keyfiyyətinin artırılması üçün 35 transformator cari, 14-ü isə əsaslı təmir olunub. Istismar müddəti bitmiş yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi üçün 656 ədəd dayaq gətirilib, yüksək və aşağı gərginlikli elektrik hava xətləri üçün yararsız olan dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunub. Şəhər ərazisində 1,7 km məsafədə açıq məftil SİP kabellə dəyişdirilib. 110 kilovoltluq Katex və 35 kilovoltluq Qabaqçöl yarımstansiyalarında cari təmir işləri görülüb. Ancaq qeyd etmək lazımdır ki, bu sahədə xeyli görüləsi iş var.

Rabitə xidmətinin yaxşılaşdırılması ilə əlaqədar Yeni Şərif kəndində 128 nömrə tutumlu EATS istifadəyə verilib. Qazma üçün 256 nömrə tutumlu elektron stansiyada montaj işləri başa çatıb və stansiyanın yerləşdiyi otağın təmiri də başa çatmaq üzrədir. 172 evə telefon çəkiləndən sonra abonentlərin sayı 6604-ə çatıb. Katex, Kortala, Qazbinə, Qabaqçöl, Hənifə EATS-lərinin hər birində 32 portluq genişzolaqlı internet avadanlığı quraşdırılıb və istifadəyə verilib. Sürətli internet istifadəçilərinin sayı 144 nəfər artaraq 336-ya çatıb. Bunun da 48-i kənd abunəçisidir.

Qarşıda balakənliləri çox işlər gözləyir. Ümumi əkin sahələrinin 22-24 faiz, o cümlədən qarğıdalı sahələrinin 27-30 faiz artırılması nəzərdə tutulub. Fermerlər və torpaq mülkiyyətçiləri güzəştli kreditlərdən istifadə edərək daha iri layihələr həyata keçirmək niyyətindədirlər.

Bir çox tikinti, yenidənqurma və təmir işləri, o  cümlədən Balakən şəhərinin su və kanalizasiya xətlərinin tikintisi də qarşıdakı layihələr sırasındadır.

Çıxışlarının birində Prezident İlham Əliyev demişdir: "Biz istəyirik ki, Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılsın, elektrik xətləri, qaz kəmərləri, su kəmərləri çəkilsin, yollar salınsın, müasir nəqliyyat infrastrukturu möhkəmlənsin. Əlbəttə ki, insanları ən çox narahat edən sosial problemlər də uğurla həll edilsin".

Ölkə rəhbərinin bu diqqət və qayğısı balakənlilərin də qurub-yaratmaq, ölkəmizin rifahı naminə çalışmaq əzmini daha da artırır.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2012.- 26 aprel.- S. 7.