Şuşadan başlanan...
işğal
Şuşanın
işğalından 20 il ötür
...Doğrudur, məkrli düşmən Şuşayadək çoxlu sayda kənd-obamızı odlara qalamışdı. Xocalı kımi bir şəhəri yer üzündən silmiş, azərbaycanlılara qarşı misli görünməmiş vəhşiliklər törətmişdi. Lakin inamla deyə bilərik ki, Vətən müharibəmizin tarixində əsl məğlubiyyət Şuşanın düşmən əlinə keçməsindən sonra başladı. Çünki Şuşa təkcə Vətənimizin billur tacı, mədəniyyətimizin parlaq incisi deyildi, həm də qürurumuz, heysiyyətimiz idi...
...Düz 20 ildir ki, Şuşamız düşmən pəncəsində sızlamaqdadır. Düz 20 ildir ki, Şuşanın həsrəti ilə qovruluruq, onu xilas edəcəyimizə söz verib, and içirik. Əlbəttə, andımıza əməl edəcəyimizə zərrə qədər şübhə etmirik! Amma bunun nə vaxt və hansı yolla reallaşacağını dəqiq bilmirik. Yalnız onu bilirik ki, Şuşa ilə bağlı xatirələrimizi çözələməkdən yorulmuruq...
Bəxtiyar diyarın bədbəxt taleyi
Mən Aşağı Qarabağda doğulduğumdan uşaqlığımın və ilk gənclik illərimin yay fəsilləri, daha doğrusu, yaylaq dövrü Yuxarı Qarabağda keçib. Yuxarı Qarabağ deyəndə indiki "Dağlıq Qarabağ" adı ilə məşhurlaşan əyalət nəzərdə tutulurdu. Köklü qarabağlılar bu ərazini "dağa-arana" bölməyiblər. Yaşlı nəslin nümayəndələri danışırlar ki, qarabağlılar payız-qış fəslini mülayim havalı Aşağı Qarabağda, yaz-yay aylarını isə buz bulaqlı Yuxarı Qarabağda keçirərdilər. İmkanlı qarabağlıların həm Aşağıda, həm də Yuxarıda malikanələri olub. Yaşlıların bir deyimi də yadımda qalıb: "Çörəyi Aşağı Qarabağda bişir, süfrəni Yuxarı Qarabağda aç". Bir sözlə, gözəl Qarabağ özündə yaylağı və qışlağı birləşdirən bəxtəvər diyar olub. Öz neməti və səfası ilə nəinki yerlilərini, həm də gəlmələri xoşbəxt edib...
Lakin xalq deyiminə görə, "hansı harınlamışın günahı ucbatındansa bəxtəvər Qarabağ bir gün ulu Tanrının qarğışına düçar olub, hansı zaval küləyi isə bu yerlərə "hay" adlı tayfa gətirib və həmin "hayların" hay-həşiri sayəsində Qarabağın xoşbəxtliyi göyə çəkilib..."
Doğrudan da, ermənilər bu diyara köçəndən (daha doğrusu, köçürüləndən!) sonra Qarabağın xoşbəxtliyinə su calandı. Gəlmələr tədricən ərazinin səfalı dağlıq hissəsini (yaylağını!) "zəbt edəndən", başqa sözlə, kompakt halında məskunlaşandan sonra Aşağı Qarabağın sakinlərini də "burunlamağa" başladılar. Ermənipərəst rus siyasəti isə onların bu hərəkətinə nəinki mane olur, əksinə, erməni azğınlığına rəvac verirdi...
Bolşeviklərin hakimiyyətə gəlişi ilə ermənilər üçün Qarabağda daha bir "sipər" yaradıldı. Qiyafəsi dəyişsə də, məzmunu dəyişməz qalan sovet siyasəti nəticəsində 1923-cü ildə Qarabağ ərazisində "Dağlıq Qarabağ Muxtar Vilayəti" adlı inzibati qurum yaradıldı. Bu qurum rəsmi dairələrdə Azərbaycan Respublikası tərkibində bir əyalət kimi qələmə verilsə də, əslində, ermənilərin toxunulmazlığını və bu yerlərdə daim-qaim olmalarını təmin edən təsirli mexanizm rolunu oynayırdı. DQMV bu ərazidə yaşayan millətlərin, o cümlədən köklü azərbaycanlıların vilayəti sayılsa da, burada "hegemonluq" edən ermənilər oldular. "Hayların" həyasızlığı, havadarlarının köməyi və "ev sahiblərinin" (azərbaycanlıların!) hədsiz yumşaqlığı sayəsində ağuşumuzda bəslədiyimiz ermənilər get-gedə "cızıqlarından çıxdılar..." Nəticəsi artıq bizə bəllidir. Amma mən Şuşa ilə bağlı xatirə boxçamı açmaqla erməni siqlətini anlamaqda oxuculara yardımçı olmaq istəyirəm.
Cıdır düzündə "döyüş"
...Şuşanın Cıdır düzündən Xan kahasına enən səmtdə Qırxpilləkən deyilən bir qayalıq vardı. Uşaqlıqda oranı "Qıl körpü" adlandırırdıq. İki uçurumun arası ilə yuxarıdan aşağı sallanan ensiz sal qayanın üzərində oyulmuş qırx pillədən ibarət bu keçid nədənsə uşaqların diqqətini daha çox çəkirdi. Analarımızın yasaq etməsinə baxmayaraq, fürsət düşən kimi gözdən yayınıb Qırxpilləkənə qaçırdıq. Təhlükə hissini unudaraq, "Qıl körpü" üzərində aşağı-yuxarı şütüyürdük. Bununla da cəldliyimizi və cəsarətimizi bir-birimizə göstərirdik. Ən yaddaqalanı isə o idi ki, "Qıl körpü" bizdən olan və bizdən olmayan uşaqlar üçün əsl yarış meydanına çevrilmişdi. Daşaltı kəndi tərəfdən gələn dığalar (erməni oğlanlarını, sadəcə, belə adlandırırdıq) üzərində hər qələbəmiz bizi ruhlandırırdı. Bu cür yarışlar çox vaxt tərəflərin savaşı ilə qurtarırdı. Bir dəfə isə...
Bizdən olmayan uşaqlar həmin gün özləri ilə tanımadığımız bir dığa gətirmişdilər. Çəlimsiz və bir ayağı gödək olsa da, hərəkətlərində quş cəldliyi vardı. Həmin dığa bir ayağı üstündə qırx pilləni sürətlə enib-qalxandan sonra qayanın başında qürurla dayanaraq bizə meydan oxudu. Doğrudan da, tək ayaqla Qırxpilləkəni birnəfəsə enib-qalxmaq ağlasığmaz idi. Bu bizim üçün acı məğlubiyyət barədə xəbərdarlığa bənzəyirdi. Dığalar rişxəndlə qımışaraq biz tərəfdən cavab gözləyirdilər...
Dəstəmizdə Səfa adlı bir oğlan vardı. Adi vaxtlarda onu
yoldaşlarından kəskin fərqləndirən elə bir cəhət görməmişdik. Odur ki, dığaların
çağırışına cavab olaraq, Səfa qabağa
çıxanda hamımız təəccübləndik. Onun sonrakı hərəkətləri isə
nəinki bizi, həm də rəqiblərimizi
heyrətə saldı...
Səfa
asta yerişlə Qırxpilləkənin qaşına
yaxınlaşdı. Sonra aşağı əyilərək, əllərini
yastı qaya parçasına dayaq elədi və qəflətən
ayaqlarını qaldıraraq, əlləri üzərində
mil dayandı. Başıaşağı şaquli vəziyyətdə
bir anlığa donub qaldı... Sonra tədricən hərəkətə
gələrək, qolları üstündə "yeriməyə",
pillələri bir-bir enməyə
başladı...
Dostumuz
əlləri üstündə Qırxpilləkəni enib
qalxanadək sanki il keçdi. Nəfəsimizi içimizə
çəkərək, kipriyimizi qırpmadan onun hərəkətlərini
izləyirdik. Səfanın əlləri altında bir-bir arxada
qalan daş pillələr qurtarmaq üzrə idi. Daha bir
neçə pillədən sonra biz fərəhdən
atılıb düşəcək, dığalar komandası
üzərində qələbəmizi bayram edəcəkdik...
Səfa
əlləri üstündə Qırxpilləkənin
qaşına çatar-çatmaz gödəkqıç
dığa qırğı kimi ona tərəf
şığıdı. Var gücü ilə itələyib,
Səfanı uçuruma yuvarladı...
Biz məğlub olduq.
Alban kilsəsi necə erməniləşdi?
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində 470 maddi-mədəniyyət abidəsi qeydə alınmışdı. Bu abidələrin yarıdan çoxu türk-azərbaycanlıların, bir qismi qədim albanların, az bir qismi isə son iki əsrdə burada məskunlaşmış ermənilərin adətləri, dini ənənələri ilə bağlı abidələr idi. Vilayətdə qeydiyyatdan keçən maddi-mədəniyyət abidələrinin demək olar ki, hamısının bərpaya və təmirə ehtiyacı vardı. Odur ki, ötən əsrin 80-ci illərində Azərbaycan hökumətinin qərarı ilə bu abidələrin təmiri və bərpası üçün büdcədən xeyli vəsait ayrılmışdı.
Mən o zaman "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsində çalışırdım. Redaksiya heyətinin qərarı ilə Nazirlər Sovetinin DQMV ilə əlaqədar fərmanının icrasını müxbir nəzarətinə götürmüşdük. Bu məqsədlə Şuşada "müxbir postu" da yaratmışdıq...
Hökumət qərarının icra müddəti başa çatdıqdan sonra "Azərbaycan gəncləri" qəzeti bu mövzuda genişhəcmli analitik yazı dərc etdi. Məqalənin "canı" ondan ibarət idi ki, vilayətin 470 abidəsi üçün ayrılan maliyyə vəsaitinin 80 faizi tək bir abidənin - Şuşadakı Qazançılar alban kilsəsinin yenidən qurulmasına sərf olunmuşdu. Özü də bu "yenidənqurma" alban abidəsini Qriqoryan elementləri ilə əvəzləyərək "erməni kilsəsi" yaratmaqdan ibarət olmuşdu.
Şuşada "Diyarşünaslıq muzeyi"
adı ilə fəaliyyət çöstərən Gövhər
Ağa Məscidi uçmaq
təhlükəsi qarşısında qaldığı, onlarca tarixi-memarlıq abidəsinin xilasa ehtiyacı olduğu halda bir kilsənin
"yenidən qurulmasına" (bununla da tarixi keçmişimizin
təhrif olunmasına!) bu qədər
dövlət vəsaiti xərclənməsini məqalədə
"lüzumsuz tədbir və
israfçılıq"
adlandırırdıq...
Qəzetin
tənqidi çıxışı
("üstüörtülü" və ehtiyatlı olsa
da) muxtar vilayətin rəhbər dairələrində bomba
kimi partladı. Bizdən Mərkəzi Komitəyə
"ittiham" raportu yazdılar, "milli münasıbətlərə
zərbə vurduğuna görə" qəzetimizi məhkəməyə
verdilər.
Ən
qəribəsi o idi ki, DQMV rəhbərləri
bizi öz azərbaycanlılarımızın -
Şuşanın o zamankı azərbaycanlı katiblərinin əli
ilə vururdular...
Erməni
"şikəstəsi"
Hafizəmdə
ilişib qalan uşaqlıq xatirələrindən biri də
Gülüstan yaylağında eşitdiyim "Kəsmə
şikəstə" ilə bağlıdır...
Böyük
qardaşım yük maşını sürürdü. Hərdən
əsas işindən "oğurlanıb" çörək
pulu qazanmaq üçün "xaltura" edirdi.
Payızda-qışda dağ kəndlərindən odun gətirib
satırdı. Yazda-yayda isə yaylağa qalxanlara, yaylaqdan enənlərə
xidmət edirdi. Belə səfərlərə hərdən məni
də aparırdı. Mən bu cür səfərlərdən
xüsusi ləzzət alırdım. Həm qardaşıma
komək edir, həm də Azərbaycanın səfalı yerlərini
könlümə-gözümə həkk edirdim.
Bir dəfə Gülüstana köç aparmışdıq. O zaman bu yerlərin rəsmi adı Şaumyankənd rayonu idi, camaat arasında isə ona Başkənd deyirdilər. Yükümüzü boşaldıb qayıdanda maşınımız xarab oldu, daha doğrusu, sağ tərəfdən arxa çarxın "resoru" qırıldı və onu çıxarıb, təmir edib, yerinə bərkidənədək iki gün dağlarda ləngiməli olduq. Yaxşı ki, məcburi dayanacaq yerimiz kənddən çox aralı deyildi və maşınımız bir erməni həyətinin lap qarşısında durmuşdu. Qardaşım qırılmış "resoru" yenidən yığdırmaq üçün rayon mərkəzinə aparmalı idi, məni isə maşının yanında tək-tənha qoyub getmək istəmirdi. Odur ki, həyətə girib, ev sahibləri ilə danışmağı, haqqını verib, kirayə sığınacaq tutmağı qərara aldı. Həyətdən çıxanda mənə bərk-bərk tapşırdı:
- Mən gəlincə bu həyətdən
heç yerə çıxmazsan... Hərdən maşına
baxarsan ki, soyub aparan olmasın...
Mən də tezliklə qayıdıram...
Amma qardaşım
getdiyi yerdən gec qayıtdı. Sabahısı gün də tezdən gedib axşam gəldi. Və beləliklə, iki gün ərzində
mən bu həyətdə, erməni
ailəsində qalmalı
oldum...
Ailədə başıpapaqlı yox idi. Kişilər dağlara
ot biçininə
qalxmışdılar, cavanlar
və gəlinlər isə onların köməyinə getmişdilər.
Evdə ortayaşlı bir qadın və əmzikli körpə qalmışdı. Qadın olduqca
qaraqabaq və sərt idi. Bizim dildə təmiz danışırdı. Sübh
tezdən oyanıb donquldana-donquldana həyət-bacanı
dolaşır, mal-heyvanı,
toyuq-cücəni yemləyəndən,
yerbəyer edəndən
sonra içəridən
qundağı gətirib
armud ağacından asılmış
nənniyə qoyurdu. Südəmər körpə ilə
böyük adamlar kimi danışırdı.
Özü də bizim dildə.
- Nə vaxtacan yatacaqsan, ayılsana... Belə yatağan olsan, yurd-yuvanı çapıb-talayarlar...
Öz dilimizdə
səslənsə də,
erməni qadının
körpəsi ilə danışığından bir
şey anlaya bilmədim. Amma öz anamdan
eşitdiklərimi xatırladım.
O deyirdi ki, erməni qadınları beşik başında söylədikləri oxşamaları,
laylaları, bir də qarğışları
bizim dildə, yəni Azərbaycan dilində söyləyirlər.
Səbəbi də ondan ibarətdir ki, bu deyimlər bizim dildə daha həzin, daha "yağlı" səslənir. Lakin evində kirayə qaldığım qadının
söylədikləri nə
oxşama idi, nə də layla...
Bərk darıxırdım. Gözlərimi darvazaya (həm
də maşınımıza)
zilləyib, qardaşımın
nə vaxt gələcəyini gözləyirdim.
Birdən tanış
melodiya eşidib səksəndim. Kimsə "Kəsmə şikəstə" oxuyurdu.
Biz tərəflərdə dəbdə olduğundan bu nəğməni ilk ahəngindən tanımaq
olurdu. Cəld səs gələn
tərəfə boylandım.
Müğənni qiyafəsində elə bir kimsə
görmədim. Yalnız evində
qaldığım erməni
qadını armud ağacından asılmış
nənnini ağır-ağır
yelləyir, yelləncəyin
ahənginə uyğun
zümzümə edirdi.
Hə, başa düşdüm.
Erməni qadını "Kəsmə şikəstə"
üstündə körpəsinə
beşik laylası deyirdi. Sözləri də bizim dildə idi.
Layla dedim, yatasan,
Daviddən güc alasan...
Top-tüfəngə
sarılıb,
Türkün yurdun çapasan...
Eşitdiklərimdən canım ürpəşdi. Deyəsən, qorxdum da. Ancaq təsəllim o oldu ki, içərimdə
öz-özümə dedim: "Bizim türklə nə əlaqəmiz, biz ki azərbaycanlıyıq". O zaman
başımıza belə
yeritmişdilər və
biz azərbaycanlılar "türk" sözünü
düşüncəmizə yaxın buraxmırdıq.
Lakin bir də dönüb
armud ağacına tərəf baxarkən erməni qadının qəzəbli baxışları
ilə rastlaşdım.
Tərs-tərs məni
süzərək ermənicə
dedi: "İnç
dığa, turkes..."
("Oğlan, sən
də türksən...")
Bu dəfə həqiqətən qorxdum.
Nədənsə bir yay günündə taxıl
zəmisində başaq
yığarkən iki
addımlığımda körpə
buzovu parçalayan qancıq canavarın gözlərini xatırladım.
Sürətlə qaçıb darvazadan
çıxdım. Maşının kabinəsinə girib qapılarını bərk-bərk
bağladım.
Yaxşı ki qardaşım
tez qayıtdı...
Moskvada erməni poeziyası günü
O zamankı ümumi vətənimiz olan
SSRİ-nin paytaxtı Moskva şəhərində ezamiyyətdə
idim. Eşitdim ki,
Puşkin meydanında
poeziya günü keçiriləcək. Getdim.
Çoxlu sayda insanın dilindən çoxlu şeir eşitdim həmin gün.
Əlbəttə, müxtəlif mövzuda,
müxtəlif üslubda
deyilən bu şeirlər arasında xoşuma gələni də oldu, gəlməyəni
də. Lakin bir şairin ədalı çıxışı
və oxuduğu şeirin məzmunu məni çox təəccübləndirdi...
Erməni
mənşəli moskvalı
şairə Silva Kaputikyan az qala qaça-qaça,
pırpız
saçlarını başında saxlaya bilmirmiş kimi, yellənə-yellənə
tribunaya qalxdı. Özünəməxsus qart
səsi ilə hayqırdı:
"Erməni qadınları,
Ermənistan üçün
erməni oğlanları
döğun, qisas günümüzdə gərəyimiz
olarlar..."
Düşündüm ki, erməni şairəsi çıxış etdiyi məkanın ünvanını
səhv salıb. Moskvanın poeziya xiyabanı hesab edilən Puşkin meydanı hara, erməni qadınlarına
ünvanlanan bu cür qisasçı
çağırış hara?! Amma mən yanılmışdım.
Silva Kaputikyan harada
nə deyəcəyini
yaxşı ölçüb-biçmişdi.
O, hər misrasından
zəhər daman şeirini bu misralarla bitirdi: "Mənə dolu qədəh verin, şərab əvəzinə türk qanı olsun..."
Bəli, "dostluq qalası"
sayılan Sovetlər İttifaqının
ən
möhtəşəm dövründə və yerində, çoxmillətli
ölkənin əmin-amanlıq
qarantı olan Moskva şəhərində
bu cür qana çalxayan qisasçı şeirlər
səslənirdi. Beləsini
nəinki susdurmurdular,
tənbeh etmirdilər, əksinə,
alqışlayırdılar...
Onda nə Qarabağ münaqişəsi
vardı, nə də Şuşanın işğalı.
Yusif KƏRİMOV,
əməkdar jurnalist
Azərbaycan.- 2012.- 26 aprel.- S. 9.