AzərTAc “İnternet-portal” nominasiyasında Azərbaycanda ilin bir nömrəli brendi hesab edilmişdir

 

Aprelin 25-də "Buta Palace" konsert kompleksində "Brand Award Azerbaijan-2011" milli mükafatlarının təqdim edilməsinə həsr olunmuş dördüncü rəsmi mərasim keçirilmişdir.

"İnternet-portal" nominasiyasında "Brand Award Azerbaijan-2011" mükafatı Azərbaycan Dövlət Teleqraf Agentliyinə - AzərTAc-a verilmişdir.

"Azərbaycanda ilin bir nömrəli brendi" nominasiyasında www.brandaward.az saytında internet-səsvermə nəticəsində qalib gəlmiş Azərbaycan brendləri də təltif olunmuşdur. Mükafatın təsisçisi Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubudur (CEIBC). Ənənəyə görə, bu mükafat Azərbaycanın ən populyar mal və xidmət brendlərinə verilir.

CEIBC klubunun prezidenti Telman Əliyev qeyd etmişdir ki, 2011-ci ilin may ayından 2012-ci ilin aprel ayına qədər saytda dünyanın 50 ölkəsindən 100 mindən çox səs qeydə alınmışdır. Bu mükafat birinci dəfə təqdim edilərkən ona layiq görülmüş Azərbaycan şirkətlərinin sayı 35 faiz təşkil edirdisə, bu il həmin göstərici 70 faizə çatmışdır. T.Əliyev demişdir: "Regionlarda sahibkarlığa göstərilən diqqət sayəsində istehsal müəssisələrinin sayı artır. Hazırda bu şirkətlər öz məhsullarını dünyanın 50-dən çox ölkəsinə ixrac edirlər. Bu, Azərbaycan Prezidenti, Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun fəxri sədri İlham Əliyevin uğurlu iqtisadi strategiyasının nəticəsidir".

Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıça Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə mükafat təqdim edilmişdir. Bundan əlavə, ölkənin müxtəlif şirkətləri və media qurumları müxtəlif nominasiyalar üzrə təltif edilmişlər.

Nominantlara mükafatları Türkiyə, Rusiya, Niderland, Gürcüstan və Moldovanın ölkəmizdəki səfirləri Hulusi Kılıc, Vladimir Doroxin, Aryen Uyterlind, Teymuraz Şaraşenidze və İqor Bodyu, habelə Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun prezidenti Telman Əliyev təqdim etmişdir.

 

 

Azərbaycan.- 2012.- 26 aprel.- S. 10.