Moskvada Xəzər dialoqu – 2012 İkinci Beynəlxalq İqtisadi Forumu açılmışdır

 

Moskvada, Beynəlxalq Ticarət Mərkəzində "Xəzər dialoqu - 2012" İkinci Beynəlxalq İqtisadi Forumu açılmışdır. Rusiya Federasiyası Ticarət-Sənaye Palatasının, Rusiya Elmlər Akademiyasının və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin dəstəyi ilə "Elm və Xəzər innovasiyaları" Şurası tərəfindən təşkil edilmiş forumun işində Azərbaycanın müxtəlif idarə və nazirliklərinin mütəxəssislərinin daxil olduğu nüfuzlu nümayəndə heyəti də iştirak edir.

Artıq ənənəyə çevrilmiş Xəzər Enerji Forumu bu Beynəlxalq tədbir çərçivəsində ən mühüm hadisə olacaqdır. Forumun məqsədi Xəzər regionunda qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə yönəlmiş səyləri əlaqələndirmək üçün Xəzər dənizinin birləşdirici imkanlarından istifadə etməkdir.

RF Ticarət-Sənaye Palatasının vitse-prezidenti Georgi Petrov forum iştirakçılarını salamlayaraq, əsas məruzə ilə çıxış etmiş, müzakirələrin başlıca parametrlərini göstərmişdir.

Azərbaycan Sənaye və Energetika Nazirliyinin nümayəndəsi Tələt Əliyev Azərbaycanın Xəzərdə əməkdaşlıq sahəsində siyasəti barədə məlumat vermiş, ölkəmizdə Xəzər dənizinin bioloji ehtiyatlarının qorunub saxlanmasına yönəlmiş müxtəlif ekoloji layihələrin həyata keçirilməsi məsələlərinə toxunmuşdur.

Forumda keçiriləcək diskussiyalarda ekspertlərin əsas diqqəti innovasiya, mineral-xammal ehtiyatlarının mənimsənilməsi, infrastruktur obyektlərinin, sənaye, neft-qaz, neft-qaz-kimyaelektrotexnika qurğularının layihələşdirilməsi,  tikintisi və modernləşdirilməsi, Xəzər regionunun ekologiyasının qorunması sahəsində əməkdaşlıq məsələlərinə yönəldiləcəkdir.

Dövlətlərarası müstəqil qeyri-kommersiya təşkilatı olan "Elm və Xəzərin innovasiyaları" elmi-texnikiinnovasiya əməkdaşlığı Şurasının mənzil-qərargahı Moskvada yerləşir. Xəzər regionu ölkələrində bölmələri fəaliyyət göstərən bu şuranın təsisçiləri sırasına həmin ölkələrin elmlər akademiyalarının, ticarət-sənaye palatalarının, sənaye, maliyyə və investisiya şirkətlərinin, ittifaq və assosiasiyaların nümayəndələri, aparıcı elmiictimai təşkilatlar daxildir.

 

 

Asya HACIZADƏ

 

Azərbaycan.- 2012.- 26 aprel.- S. 10.