AzərTAc Minskdə
keçirilən “Belarusda
KİV-lər” sərgisində
təmsil olunur
Minskdə 16-cı ixtisaslaşdırılmış "Belarusda KİV-lər" sərgisi açılmışdır. Sərgidə ölkəmizi Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) təmsil edir.
AzərTAc-ın təqdim etdiyi
məhsulların rəngarəngliyi, multimedia
vasitələrinin köməyi ilə informasiyanın
çatdırma üsullarının nümayişi
sərgi iştirakçılarının böyük
marağına səbəb olmuşdur.
Sərgidə
agentliyin videoxəbərləri, audio-slaydşouları
nümayiş olunur. Burada agentliyin Azərbaycanın
uğurlarını və nailiyyətlərini əks etdirən,
habelə Belarus-Azərbaycan əlaqələrindən bəhs
edən fotoşəkilləri də yer almışdır.
Ekspozisiyada AzərTAc-ın müxtəlif illərdə nəşr
etdirdiyi çap məhsulları, o cümlədən bu il
çapdan çıxmış "Xocalı. XX əsrin
soyqırımı" kitabı sərgi
iştirakçılarına təqdim olunur.
Bundan
əlavə, Heydər Əliyev Fondunun buraxdığı
çap məhsulları, o cümlədən "Qarabağ
xanəndələri" musiqi albomu, "Azərbaycan
xalçaları" kitabı nümayiş etdirilir.
Azərbaycan
haqqında geniş təsəvvür yaratmaq üçün
"Eurovision" Fan-klubunun və Milli Olimpiya Komitəsinin təqdim
etdiyi videomateriallar, şəkillər və eksponatlardan da
geniş istifadə olunur.
Artıq "Eurovision" kimi nüfuzlu mahnı
müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycanın,
sabah Olimpiya Oyunlarını da keçirməyə hazır
olması AzərTAc-ın stendinin əsas fabulasını təşkil
edir.
AzərTAc-ın
stendi Belarus Respublikasının Prezidenti
Administrasiyasının rəsmilərinin və Belarusun
İnformasiya Nazirliyinin rəhbər heyətinin də
böyük marağına səbəb olmuşdur.
Sərgi
dörd gün davam edəcəkdir. Builki sərgi
telekommunikasiya, informasiya və bank texnologiyaları üzrə
"Tibo-2012" Beynəlxalq forumu ilə birgə
keçirilir. Bu sərgidə Azərbaycanın Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi öz stendi ilə
çıxış edir.
"Belarusda
KİV-lər" sərgisi çərçivəsində
"Ənənəvi KİV-lərin sosial şəbəkələrdə
imkanları", "Regional KİV-lər və internet",
"Sosial media vasitəsilə informasiyanın yayımında
operatorların rolu" kimi mövzular barədə seminarlar
keçiriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2012.- 26 aprel.- S. 11.