Qondarma erməni soyqırımı ilə
əlaqədar fotosərgi açılmışdır
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə (BŞGİBİ) Abşeron Rəsm Qalereyasında qondarma erməni soyqırımı ilə əlaqədar "Gerçəyin özü" adlı fotosərgi açılmışdır.
BŞGİBİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sərgidə dünyanı aldadan ermənilərin yalançı əməllərini, eləcə də onların azərbaycanlılara qarşı törətdikləri cinayət aktlarını çılpaqlığı ilə göstərən 70-dək foto nümayiş etdirilir.
Sərginin açılışında BŞGİBİ-nin rəisi Raqif Abbasov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının əməkdaşı, sənətşünas Ziyadxan Əliyev, o cümlədən Türkiyə İş Adamları Birliyi və "Gənclərin Töhfəsi" İctimai Birliyinin nümayəndələri çıxış etmişlər.
Bildirilmişdir ki, türk milləti heç bir zaman ermənilərə qarşı soyqırımı həyata keçirməyib. Böyük bir coğrafi məkanı idarə edən Osmanlı imperiyası heç bir millətin dilinə, dininə toxunmamışdır. Bu, bir tarixi gerçəklikdir. Dəfələrlə Türkiyə bütün arxivlərin açılması ilə bağlı tarixçilərdən ibarət komissiyanın yaradılmasını Ermənistana təklif etmişdir. Ancaq erməni diasporu bunu qəbul etməmişdir. Çünki o zaman bütün gerçəkliklər ortaya çıxa bilər.
Qeyd olunmuşdur ki, sərginin məqsədi ərazi iddialarını əsaslandırmaq üçün əsassız tezislər uyduran ermənilərin məkrli siyasətinə, ideoloji təxribatlarına qarşı gənclərin ayıqlığını gücləndirməkdən ibarətdir.
Tədbirdə həmçinin müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, vandalizm aktları, azərbaycanlıların milli-mədəni irs abidələrinin, qəbiristanlıqlarının dağıdılması, dinc əhaliyə qarşı apardığı soyqırımıları haqqında da danışılmışdır.
Sərgi aprelin 27-dək davam edəcəkdir.
Azərbaycan.- 2012.- 26 aprel.- S. 11.