Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki
bazasının gücləndirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan xalqının zəngin maddi-mədəni irsinin üzə çıxarılması, dərindən və hərtərəfli öyrənilməsi üçün arxeologiya və etnoqrafiya sahəsində araşdırmaların müstəsna əhəmiyyəti vardır. Dünya elmində müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsi ilə əlaqədar meydana çıxan hazırkı tədqiqat üsulları arxeoloji və etnoqrafik tədqiqatların da keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün zəmin yaratmışdır. Respublikamızda bu istiqamətdə araşdırmaların səmərəliliyinin artırılması, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulması və kadr potensialının gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Azərbaycan Respublikası ərazisində 2012-2014-cü illərdə nəzərdə tutulan arxeoloji araşdırmaların maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ayrılmış vəsaitin Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təqdim olunmuş plana əsasən aidiyyəti üzrə istifadəsinə nəzarəti təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 26 aprel
2012-ci il
Azərbaycan.- 2012.- 27 aprel.- S. 1.