Qaçqın və
məcburi köçkünlərin böyük himayədarı
Azərbaycanın özü qədər
əbədi
Azərbaycan
xalqı xoşbəxtdir ki,
bu kiçik məmləkətin
adını bütün dünyaya tanıtmış bir
övladı - ümummilli lideri var.
Bu, Azərbaycan tarixinin yetirdiyi ən böyük,
dahi şəxsiyyət, Yeni Azərbaycan
Partiyasının yaradıcısı Heydər Əlirza oğlu Əliyevdir.
Xalqımızın
əbədiyaşar lideri Heydər Əliyev əsl ümumxalq
məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən,
dövlət xadimlərindəndir. O, Azərbaycana rəhbərlik etdiyi dövrdə
ölkənin həyatında, xalqın taleyində əfsanəvi,
əzəmətli rol oynamışdır. Məhz bunun nəticəsidir
ki, bu gün respublikamızın hər bir guşəsində
onun möhtəşəm
quruculuq siyasətinin silinməz izləri
açıq-aydın görünür.
Danılmaz
həqiqətdir ki, müstəqillik hər bir xalqın həyatında
ən dəyərli nemətdir. Bu dəyərli neməti əldə
etmək nə qədər çətindirsə, onu qorumaq,
möhkəmləndirmək bir o qədər ağır və
mürəkkəb prosesdir.
Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. Ümummilli lider yaxşı bilirdi ki, güclü dövlət olmayan yerdə müstəqillikdən danışmağa dəyməz. "Azərbaycan dövlət müstəqilliyi yolunda fədakarcasına çalışmaq mənim həyatımın mənasıdır" - deyirdi ulu öndər.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı xalqımızı o ağır, təlatümlü günlərdən, dövlətimizi isə məhv olmaq təhlükəsindən xilas etdi.
XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün oldu.
Böyük xilaskar 1993-2003-cü illərdə ölkəni yenidən qurdu, faktiki olaraq güclü dövlət yaratdı, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə xalqımızın ümummilli liderinə çevrildi.
Bütün mənalı həyatını Azərbaycanın tərəqqisinə, əhalinin güzəranının, rifah halının yaxşılaşdırılmasına həsr edən ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri də zəbt olunmuş torpaqlarımızın erməni işğalçılarından azad edilməsi, bir milyon nəfərədək soydaşımızın öz doğma ata-baba yurdlarına ləyaqətlə qaytarılması idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı.
Məhz Heydər Əliyevin mükəmməl diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti çox qısa zaman ərzində dünya ictimaiyyətinə çatdırıldı, münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun qətnamələri qəbul edildi.
ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində sənədlər təsdiq edildi. ABŞ Konqresinin müstəqil Azərbaycana yardım göstərilməsini qadağan edən ədalətsiz 907-ci düzəlişin icrası dayandırıldı.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına təcavüzü nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün problemləri Azərbaycan dövlətinin, ümummilli lider Heydər Əliyevin gündəlik qayğısına çevrilmişdi.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illər ərzində bu problemin həm siyasi yolla həlli, həm də qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı genişmiqyaslı işlərdən bəzilərini xüsusi qeyd etmək yerinə düşərdi:
- Ulu öndər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT rəhbərliyi, Minsk qrupunun təmsilçiləri ilə 200-dən artıq, 80 ölkənin dövlət başcıları ilə 500-dən çox görüşlər keçirmişdi;
- bu problemi ölkədə bir nömrəli
problem adlandırmışdı;
-
1994-cü ilin may ayında atəşkəsə nail olunmaqla
ölkədə sabitliyin bərqəqar edilməsinə, Azərbaycanın
iqtisadi cəhətdən möhkəmlənməsinə,
müdafiə qabiliyyətinə malik güclü ordunun
formalaşmasına imkan yaradıldı;
- qaçqın və məcburi
köçkünlərlə əlaqədar beynəlxalq
normalara uyğun tam hüquqi baza yaradıldı;
- 1998-ci ildə "Qaçqınların
və məcburi köçkünlərin problemlərinin həlli
üzrə" Dövlət Proqramı təsdiq edildi;
- əraziləri işğal olunmuş rayonların
ictimaiyyət nümayəndələri, qaçqın və məcburi
köçkünlərlə 20-dən çox
görüş keçirdi;
- 1998-ci
ildə Biləsuvardakı çadır düşərgələrinə
səfər etdi;
- 1999-cu
ildə Biləsuvardakı çadır düşərgələrində
müvəqqəti məskunlaşmış 4 gənc məcburi
köçkünün toy mərasimində iştirak etdi;
- 2002-ci ildə Goranboy
rayonunun Aşağı Ağcakənd qəsəbəsində
qaçqınlar üçün salınmış yeni qəsəbənin
açılış mərasimində iştirak etdi;
- Əsası
Heydər Əliyev tərəfindən qoyulan yeni neft
strategiyası öz bəhrəsini verməyə başlayan
andan, iqtisadi imkanlar yarandıqca dövlət tərəfindən,
digər sahələrdə olduğu kimi, qaçqın və məcburi
köçkünlərin sosial müdafiəsi ilə də
bağlı geniş tədbirlərin həyata keçirilməsinə
başlanıldı.
Ölkəmizdə mövcud olan və məcburi
köçkünlərin olduqca ağır vəziyyətdə
yaşadıqları çadır düşərgələrinin
ləğvi ideyası da xalqımızın ümummilli lideri
Heydər Əliyevə məxsusdur.
Təsadüfi deyildir ki, məhz Heydər Əliyev tərəfindən
ölkədə yaradılmış Dövlət Neft Fondunda
toplanan ilk vəsait də məhz onun müvafiq fərman və
sərəncamları ilə qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin həllinə,
çadır düşərgələrinin ləğvinə
yönəldildi. Onun 3 fərmanı ilə Dövlət Neft Fondundan ilk ayrılmış 74 milyon
ABŞ dolları məhz daimi məskunlaşmamış
qaçqınların, həmçinin çadır
düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin
mənzil-məişət şəraitlərinin
yaxşılaşdırılmasına sərf edildi.
Çox
qısa müddətdə 400
min kvadratmetr mənzil sahəsi olan 6410 fərdi
yaşayış evi, 3150 yerlik 18 məktəb, 18 uşaq
bağçası, 16 tibb məntəqəsi
tikildi, 195 km. uzunluğunda asfalt yol, 188 km. su xətti, 350 km.
elektrikötürmə xətti,
133 km. irriqasiya
su kəməri və s. sosial obyektlər istifadəyə
verildi. Biləsuvar rayonu ərazisindəki 5
çadır düşərgəsi ləğv edildi.
Qaçqın
və məcburi köçkünlərin sosial problemlərinin
həllinə yönəldilən vəsaitin həcmi
1993-2003-cü illər arasında 90 dəfə, yemək xərcləri
üçün müavinət 60 dəfə, kommunal xidmət
xərcləri 120 dəfə artırıldı.
Dövlət
ali və orta ixtisas təhsili müəssisələrində
ödənişli formada təhsil alan məcburi
köçkünlər təhsil haqqının, həmçinin
kommunal və digər xidmətlərin ödənişindən azad edildilər.
Bütün
bunlar bir daha sübut edir ki, qaçqın və məcburi
köçkünlərin problemi daim ümummilli liderimiz Heydər
Əliyevin
gündəlik diqqət mərkəzində
olmuşdur.
Olduqca təqdirəlayiq
haldır ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun
layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə də bu istiqamətdə
ardıcıl və məqsədyönlü tədbirlərin həyata
keçirilməsi uğurla davam etdirilir. Zaman, vaxt etibarilə
8 il o qədər də böyük bir
müddət deyil. Lakin ötən bu 8 il ərzində Azərbaycan
dövlətinin keçdiyi tarixi yola, görülən
işlərə qısa nəzər salsaq, bü
dövrün nə qədər əlamətdar siyasi, iqtisadi
hadisələrlə zəngin olduğunu, genişmiqyaslı,
mühüm nailiyyətlər əldə edildiyini, dövlət
quruculuğunun möhkəmləndirilməsində, xalqın
rifah halının yaxşılaşdırılmasında qətiyyətli,
sistemli, ardıcıl addımlar atıldığını
açıq-aşkar görərik.
Ölkəmizin iqtisadi həyatının
bütün sahələrini əhatə edən göstəricilər
bunu deməyə əsas verir ki, son 8 il Azərbaycanın
dinamik, strateji inkişafının ən uğurlu
dövrüdür. Bu dövr müstəqillik tarixi
baxımından gənc dövlətimizin iqtisadi qüdrətinin
artırılması, idarəetmə qabiliyyətinin daha da
möhkəmləndirilməsi, məqsədli sosial
proqramların planlı şəkildə həyata
keçirilməsi dövrüdür.
2003-cü
ildə "Əsl siyasət konkret, real iş görməkdən
ibarətdir" - deyən Prezident İlham Əliyev davamlı
sabitlik, iqtisadi inkişaf, tərəqqi və milli dövlətçilik
ənənələrinin bərqərar olması yoluna sadiq
qaldı.
Dünyada
tətbiq edilən iqtisadi modellər çoxdur. Amma müxtəlif
ölkələrdə inkişafın özünəməxsus
xüsusiyyətləri var. Azərbaycan dövləti heç
bir dövlətdən asılı olmadan öz müstəqil
inkişaf yolunu müəyyənləşdirdi və bunda Azərbaycan
modelini yaratdı. Bunun nəticəsində 8 il ərzində
Azərbaycan iqtisadi sahədə keçid dövrünü
uğurla başa vurdu, başqa ölkələrin neçə on illər ərzində
keçdiyi yolu çox qısa müddətdə inamla
addımladı. Buna görə də bu gün Azərbaycanın
təcrübəsindən dünyanın bir çox ölkəsi
bəhrələnmək, öyrənmək istəyir.
2011-ci ildə
gənc, müstəqil ölkəmizin 155 ölkənin səsini
qazanaraq BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi
üzv seçilməsi, mədəniyyət sahəsində
Avropa ölkələrini üstələyərək
"Eurovision" mahnı müsabiqəsində birinci yer
tutması Azərbaycanın dünyada getdikcə artan imicindən,
qazanılan möhtəşəm qələbələrindən
xəbər verir.
Buna
görə də Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi
üzrə məşğul olan, Ermənistana himayədarlıq edən dövlətlər,
xüsusən Ermənistan özü bundan ciddi nəticə
çıxarmalıdırlar.
Qazanılan
nailiyyətlər onu göstərir ki, cənab Prezident xalq
qarşısında verdiyi vədləri, ulu öndərin
xalqa müraciətindəki tövsiyələri layiqincə və
sədaqətlə yerinə yetirir. Azərbaycanın hərtərəfli
inkişafı təmin edilir, Avropaya və dünya dövlətlərinə
inteqrasiya uğurla həyata keçirilir.
Bu, ilk
növbədə xalqımızın ümummilli lideri, Azərbaycanın
memarı, müasir dövlətimizin və Yeni Azərbaycan
Partiyasının qurucusu Heydər Əliyev tərəfindən
əsası qoyulan siyasi xəttin Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
olduqca məharətlə, bacarıqla davam etdirilməsi,
düşünülmüş, təmkinli, eyni zamanda olduqca
çevik, qətiyyətli iqtisadi siyasətin uğurla həyata
keçirilməsi nəticəsində mümkün
olmuşdur.
Son 8 ildə
biz həmçinin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həlli
istiqamətində də ulu öndər Heydər Əliyevin
gördüyü və başa çatmayan işlərin
yüksək diplomatik yolla davam etdirilməsinin şahidi olduq.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
müxtəlif mötəbər tədbirlərdə öz
çıxışlarında problemin əsl mahiyyətini,
Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyi, bu ölkənin
separatçı rejiminin iç üzünü daim
açıb göstərir, ona
himayədarlıq edən beynəlxalq qurumların, dövlətlərin,
ATƏT-in Minsk qrupunun ikili standartlı
yanaşmalarını həmişə
konkret faktlarla tənqid edir.
Məcburi
köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi,
yaşayış şəraitinin
yaxşılaşdırılması ilə bağlı
ardıcıl, məqsədyönlü tədbirlərin həyata
keçirilməsi daim diqqət mərkəzində
saxlanılır, uğurla davam etdirilir. Cənab İlham Əliyevin seçkilər
ərəfəsində Biləsuvar rayonu ərazisində məcburi
köçkünlər üçün yeni
salınmış qəsəbələrin
açılış mərasimində iştirakı, 2004-cü il fevralın 17-də beynəlxalq
humanitar təşkilatların 10 illik fəaliyyətinə həsr
olunmuş konfransda iştirakı, 2004-cü il 1 iyul tarixli sərəncamı
ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı",
2007-ci il 31 oktyabr tarixli 2475
nömrəli və "Məcburi köçkün ailələrinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasına dair əlavə tədbirlər
haqqında" 2011-ci il 21 fevral
tarixli 1346 nömrəli sərəncamları ilə həmin
Dövlət Proqramına edilmiş Əlavələr və
s. buna bariz nümunədir.
Cənab
İlham Əliyev 2003-2012-ci illərdə 27 dəfə məcburi
köçkünlərlə bağlı keçirilən
müxtəlif tədbirlərdə, o cümlədən 19 dəfə
məcburi köçkünlərlə görüşlərdə
iştirak etmiş, həmçinin yeni yaşayış qəsəbələrinin:
-
2004-cü il 8 iyun tarixdə Yoxsulluğun Azaldılması
üzrə Yaponiya Fondu hesabına maliyyələşdirilən
"Mingəçevir şəhərində məskunlaşmış
məcburi köçkünlərə yardım" layihəsi çərçivəsində 412 ailə üçün
salınmış qəsəbənin,
-
2006-cı il 1 mart tarixdə Ağdam rayonu ərazisində
salınmış "Bənövşələr" qəsəbəsinin,
- 2007-ci
il 4 may tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisindəki
"Zuğulba" sanatoriyasında müvəqqəti məskunlaşmış
450 məcburi köçkün ailəsi üçün
Sabunçu rayonunun Ramana qəsəbəsində
salınmış qəsəbənin,
- 2008-ci
il yanvarın 17-də Ağdam rayon Quzanlı Olimpiya İdman
Kompleksinin,
- 2008-ci
il aprelin 18-də Füzuli rayonunun "Zobucuq" adlanan ərazisində
salınmış 2104 ailəlik 5 qəsəbənin və
Biləsuvar rayonu ərazisində 1858 ailəlik 5 qəsəbənin,
- 2008-ci
il oktyabrın 4-də Xocavənd
rayonundan olan 500 məcburi köçkün ailəsi
üçün Beyləqan rayonu ərazisində
salınmış qəsəbənin,
- 2009-cu
il 17 noyabr tarixdə Binəqədi rayonu ərazisində 369 məcburi
köçkün ailəsi üçün 5 ədəd hər
biri 63 mənzildən və 1 ədəd hər biri 54 mənzildən
ibarət doqquzmərtəbəli yaşayış
binalarının və 260 şagird yerlik orta məktəb
binasının,
- 2009-cu
il 20 noyabr tarixdə Goranboy rayonundakı fin tipli qurma evlərdən
ibarət qəsəbədə müvəqqəti məskunlaşmış
596 məcburi köçkün ailəsi üçün həmin
rayonun inzibati ərazisində salınmış qəsəbənin,
- 2010-cu
il fevralın 27-də Qəbələ rayonunun Zarağan Bələdiyyəsi
ərazisində 155 məcburi köçkün ailəsi
üçün salınmış məhəllənin,
- 2010-cu
il noyabrın 10-da Yevlax şəhəri
ərazisində 615 məcburi köçkün ailəsi
üçün inşa edilmiş yaşayış
binaları kompleksinin,
- 2010-cu
il noyabrın 11-də Füzuli
rayonunun Horadiz şəhərində İdman Kompleksinin, Tibb Mərkəzinin,
həmçinin Ağdam rayonu ərazisində 689 məcburi
köçkün ailəsi üçün yeni
yaşayış qəsəbəsinin,
- 2011-ci
il fevralın 10-da Goranboy rayonunda 165
məcburi köçkün ailəsi üçün
yeni salınmış 3 ədəd beşmərtəbəli
yaşayış binalarından ibarət məhəllənin,
- 2011-ci
il dekabrın 24-də Ağcabədi rayonunun "Taxta
Körpü" ərazisində Laçın rayonundan olan
552 məcburi köçkün
ailəsi üçün yeni
salınmış qəsəbənin,
- 2012-ci
il yanvarın 21-də Naftalan şəhərinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsi ilə əlaqədar "Azərbaycan",
"Goran", "Şirvan" və "Mil"
sanatoriyalarında müvəqqəti məskunlaşmış 525 məcburi köçkün ailəsi
üçün Goranboy rayonu ərazisində tikilmiş 9 ədəd
5 mərtəbəli yaşayış binası və musiqi məktəbindən ibarət məhəllənin açılış mərasimində
iştirak və çıxış etmişdir.
24 dekabr
2011-ci il Ağcabədi rayonunda müvəqqəti məskunlaşmış
laçınlı məcburi köçkünlərin
yaddaşından heç vaxt silinməyəcək. Həmin
gün Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin və Azərbaycanın birinci
xanımı, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın
Taxta-körpü qəsəbəsinə gəlməsi, bu ərazidə
yaşayan laçınlılarla səmimi
görüşü, onlar üçün salınmış
552 evlik qəsəbənin açılışında
iştirak etməsi, sözün əsl mənasında, məcburi
köçkünlər üçün tarixi bir gün,
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
və Yeni il bayramı ərəfəsində dəyərli
töhfə oldu.
Həmin
görüşdə cənab Prezidentin
çıxışında qeyd etdiyi "Mən adətən
ad günlərimi qeyd etmirəm. Ancaq bu il qərara aldım
ki, ad günümü öz ailəmlə və
yaxınlarımla bir yerdə keçirim. Bu gün mən
öz ailəmlə birlikdəyəm, mənim ailəm və
yaxınlarım sizsiniz" ifadəsi nəinki məcburi
köçkünlər, bütün ölkə ictimaiyyəti
tərəfindən rəğbətlə
qarşılandı. Bu, dövlət
başçısının ölkənin bir nömrəli
probleminə, qaçqın və məcburi
köçkünlərə diqqət və
qayğısının bariz nümunəsi olmaqla
yanaşı, həm də bütün dünyaya ciddi bir mesaj
idi. Ölkə rəhbəri bununla bütün dünyaya bir
daha bəyan etdi ki, qaçqın və məcburi
köçkün problemi ölkə üçün, şəxsən
onun üçün bir nömrəli problemdir və
münaqişənin həllində heç bir güzəştə
yol verilməyəcəkdir.
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli
sərəncamı ilə təsdiq edilmiş
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"nda, 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və
"Məcburi köçkünlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına dair əlavə
tədbirlər haqqında" 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamları
ilə həmin Dövlət Proqramına təsdiq edilmiş Əlavələrdə
nəzərdə tutulan tədbirlər vaxtlı-vaxtında və yüksək
keyfiyyətlə icra edilir.
2004-2011-ci
illərdə isə bu məqsədlə ölkə Prezidenti
tərəfindən 45 fərman və sərəncam
imzalanmış, Nazirlər Kabineti 141 qərar və sərəncam,
Milli Məclis isə 9 qanun qəbul etmişdir.
Ölkədə
mövcud olan çadır düşərgələrinin ləğvi
prosesi 2007-ci ildə, vaxtından bir il əvvəl yerinə
yetirilmiş, həmçinin fin tipli qurma evlərdən ibarət
6 qəsəbənin ləvği artıq başa
çatdırılmışdır.
8 il ərzində Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan (17 milyon manat), Dövlət
Neft Fondundan (799,4 milyon manat) və digər mənbələrdən
(47 milyon manat) ayrılan 863,4 milyon manat vəsait hesabına 15
min ailə 68 min nəfərdən çox məcburi
köçkün üçün 830 min kvadratmetr sahəsi
olan 45 qəsəbə və fərdi evlər inşa edilmiş,
109 məktəb, 5 musiqi məktəbi, 24 uşaq
bağçası, 22 tibb müəssisəsi, 22 rabitə evi
tikilmiş, 425,74 kilometr yol, 536,75 kilometr su, 835,0 kilometr hava
elektrik, 162,96 kilometr qaz, 41,4 kilometr kanalizasiya, 6,143 kilometr
istilik xətləri çəkilmiş, 456 müxtəlif
gücə malik olan elektrik transformatoru
quraşdırılmışdır.
Ümumiyyətlə,
2001-2011-ci illər ərzində Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan (17 milyon manat), Dövlət Neft
Fondundan (858 milyon manat) və digər
mənbələrdən (47 milyon manat) ayrılan 922 milyon manat
vəsait hesabına:
21600 ailə
110 min nəfərdən çox daimi məskunlaşmamış
qaçqın və məcburi köçkünlər
üçün 1218 min kvadratmetr sahəsi olan 70 qəsəbə
və çoxmərtəbəli
evlərdən ibarət məhəllə və fərdi evlər
inşa edilmiş, 128 məktəb, 5 musiqi məktəbi, 42
uşaq bağçası, 46 tibb müəssisəsi, 33 rabitə
evi tikilmiş, 582,5 kilometr yol, 702,5 kilometr su, 1130 kilometr hava
elektrik, 185,6 kilometr qaz, 38,4 kilometr kanalizasiya, 6,3 kilometr istilik xətləri çəkilmiş,
589 müxtəlif gücə malik elektrik transformatoru
quraşdırılmışdır.
Dövlət
Proqramının və ona Əlavələrin icrası ilə
əlaqədar fin tipli qurma evlərdən ibarət qəsəbələrdə,
məktəb binalarında, hərbi hissələrə məxsus
binalarda müvəqqəti məskunlaşmış məcburi
köçkünlər üçün bütün zəruri
sosial-texniki infrastruktura malik yeni qəsəbələrin, həmçinin
çoxmərtəbəli yaşayış binalarının
layihələndirilməsi və tikintisi ilə bağlı
müvafiq işlər həyata keçirilir.
2011-ci ildə
məcburi köçkünlərin sosial problemlərinin həllinə
399 milyon manat (235 milyon manatı büdcə, 140 milyon
manatı Dövlət Neft Fondunun, 24 milyon manatı isə beynəlxalq
humanitar və inkişaf təşkilatlarının vəsaiti) vəsait sərf edilmişdir ki, bu
da 2003-cü illə müqayisədə 3,7 dəfə
çoxdur.
Bu məqsədlə
ötən 8 ildə 2,215 milyard manat həcmində vəsait,
o cümlədən, 1,220 milyard manat dövlət büdcəsindən,
799,4 milyon manat Dövlət Neft Fondundan, 195 milyon manat isə
beynəlxalq humanitar təşkilatlar tərəfindən xərclənmişdir.
Ümumilikdə,
qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həllinə 1993-2011-ci illərdə
4,68 milyard ABŞ dolları həcmində vəsait xərclənmişdir.
O cümlədən:
- 2,7 milyard ABŞ dolları dövlət
büdcəsindən,
- 1,08 milyard ABŞ dolları Dövlət
Neft Fondundan,
- 900
milyon ABŞ dolları beynəlxalq
humanitar və bu sahədəki inkişaf təşkilatları
tərəfindən.
2012-ci ildə
məcburi köçkünlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına
Dövlət Neft Fondundan ayrılan vəsaitin həcminin əvvəlki
illə müqayisədə 3 dəfə artırılması
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
bu sahəyə diqqət və qayğısının əyani
təzahürüdür.
Dövlət
Proqramının və ona Əlavələrin icrasına
uyğun olaraq, 2004-2011-ci illər ərzində isə 82,5 min
nəfər məcburi köçkün müvafiq işlə
təmin edilmiş, 3200 nəfərə işsiz statusu
verilmiş, 1946 nəfər peşə
hazırlığı kurslarına, 1577 nəfər isə
haqqı ödənilən ictimai işlərə cəlb
olunmuşdur.
Azərbaycan
Respublikası İqtisadi İnkişaf Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 8
ildə 660 məcburi köçkün sahibkarlıq subyektinin
investisiya layihəsinin maliyyələşdirilməsinə 9,6
milyon manat, o cümlədən
2011-ci ildə 162 məcburi köçkün sahibkara 5,9
milyon manat məbləğində güzəştli kredit
verilmişdir.
Dünya
Bankı və Azərbaycan Hökuməti arasında
bağlanılmış kredit sazişi üzrə 2004-2011-ci illərdə
74,6 faizi, yaxud 215,2 min nəfəri məcburi
köçkün olan 288,5 min nəfərin
faydalandığı və dəyəri
34,5 milyon ABŞ dolları təşkil edən 478 icma
mikrolayihəsi icra edilmişdir.
Dünya
Bankı və Azərbaycan Hökumətinin maliyyə vəsaiti
hesabına Məcburi Köçkünlərin Sosial
İnkişaf Fondu vasitəsilə son 8 ildə 9,6 min nəfər
məcburi köçkünə 4,56 milyon manat məbləğində
mikrokredit verilmişdir ki, bu proqramlardan 44,5 min nəfər məcburi
köçkün faydalanmışdır.
2011-ci ildə
bir nəfər məcburi köçkünə xərclənən
vəsaitin həcmi təxminən 715 manat (894 ABŞ
dolları) təşkil etmişdir ki, bu da dünyanın digər
münaqişə zonaları ilə müqayisədə ən
yüksək göstərici olmaqla, 2003-cü illə
müqayisədə 5,9 dəfə çoxdur.
Həyata
keçirilən məqsədyönlü tədbirlər nəticəsində
məcburi köçkünlər arasında yoxsulluq həddi
son 8 ildə 74 faizdən 18 faizədək
azalmışdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin
dünya ictimaiyyətinin diqqətinə müntəzəm
çatdırılması ilə bağlı müvafiq tədbirlərin
həyata keçirilməsi də
davam etdirilir.
Qeyd etmək
lazımdır ki, fəaliyyətə başladığı
ilk gündən etibarən Heydər Əliyev Fondu da
qaçqın və məcburi köçkünlərin
üzləşdikləri çoxsaylı problemlərin
dünya ictimaiyyətinə çatdırılmasına və
onların həllinə daim diqqətlə yanaşır.
Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə yaradılmış "Azərbaycan"
internet portalı olduqca böyük əhəmiyyətə
malikdir. Həmin portalda Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi, Xocalı soyqırımı,
Ermənistanın hərbi təcavüzünün nəticələri
barədə də geniş, dolğun məlumat
toplanmışdır.
Bununla
yanaşı, Fondun xətti ilə hər il Xocalı
soyqırımı ərəfəsində dünyanın
müxtəlif ölkələrində soyqırımı
qurbanlarının fotoşəkilləri sərgilənir, beynəlxalq
mətbuatda soyqırımı haqqında yazılar dərc
etdirilir, hər il mütəmadi olaraq keçirilən Yeni il
şənliklərinə qaçqın və məcburi
köçkün uşaqları dəvət edilir.
Fondun
vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə
"Xocalıya ədalət" beynəlxalq məlumat-təşviqat
kampaniyası ilə bağlı silsilə tədbirlər təşkil
olunur, hal-hazırda 30-dan artıq ölkədə bu iş
uğurla davam etdirilir.
Heydər
Əliyev xalqımızın qürur mənbəyi,
qazandığımız bütün nailiyyətlərin səbəbkarı,
uğurlu gələcəyimizin təməlini qoyan millət
atasıdır. Müstəqil Azərbaycan və onun əldə
etdiyi uğurlar ümummilli lider Heydər Əliyevin fəaliyyətinin
şah əsərləridir.
Ulu
öndər qeyd edirdi: "Yaratdığım hər bir
şey mənim üçün əzizdir. Zavod da, fabrik də,
elektrik stansiyaları da, yol da, körpü də, ev də,
bina da, saray da - hər bir şey. Amma mənim
üçün hər şeydən əziz mənim
xalqımdır, mənim Vətənimdir, mənim
torpağımdır".
Bu müqəddəs
amala bütün həyatı boyu sadiq qalan Heydər Əliyev
elə böyük vətənpərvər, müdrik dövlət
xadimi idi ki, xalqının və dövlətinin müqəddəratını
yalnız qısa dövr üçün
düşünmürdü. Bütün parametrlərə
görə haqlı olaraq dünyanın ən böyük azərbaycanlısı
adını daşımağa layiq olan Heydər Əliyev Azərbaycanın
nailiyyətlərinin, zəfərlərinin sonrakı onilliklərdə
də davam etməsi, müəllifi olduğu milli inkişaf
strategiyasının bəhrələrinin gələcək nəsillər
üçün daha əlamətdar olması naminə fədakarlıqla
çalışmışdır.
Cənab
İlham Əliyevin son 8 ildə gördüyü bütün
işlərin təməlində ulu öndərin 2003-cü
il oktyabrın 1-də xalqa müraciətində əks olunan
tövsiyələrin icrası durur.
Məhz
ümummilli lider Heydər Əliyevin siyasi kursunun məharətlə
davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan daha
inamla, uğurla inkişaf edir, beynəlxalq səviyyədə
də öz mövqeyini ildən-ilə möhkəmləndirir,
ən ağrılı problemin, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması istiqamətində mühüm addımlar
atılır.
İnanırıq
ki, Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə bundan sonra daha böyük nailiyyətlər
qazanacaq və inkişaf etmiş ölkələr
sırasında öz layiqli yerini möhkəmlədəcəkdir.
Zəmanəmizin
ən görkəmli siyasi xadimi Heydər Əliyev öz əməlləri
ilə, xalqa əvəzsiz xidmətləri ilə tariximizdə
əbədiyaşarlıq qazandı. Ölkəmizin sabit və
dayanıqlı inkişafının təməlində ulu
öndərin ideyaları durur.
Əminliklə
deyə bilərik ki, dövlətimizin inkişafı
üçün onun hazırladığı strateji istiqamətlər
hələ uzun illər müstəqilliyimizin daha da möhkəmləndirilməsi
və gücləndirilməsi, iqtisadi qüdrətin
artırılması, xalqımızın layiq olduğu
xoşbəxt həyata qovuşması işinə xidmət
edəcəkdir.
Bütün
bunlar onu göstərir ki, əbədiyaşar liderimiz Heydər
Əliyevin siyasəti yaşayır və bundan sonra da daim
yaşayacaqdır.
Azərbaycan
dövlətçiliyi, azərbaycançılıq fəlsəfəsi
yaşadıqca ümummilli lider
Heydər Əliyev də əsrlər boyu, min illər
keçsə belə, Azərbaycan xalqının qəlbində
əbədi yaşayacaqdır.
Əli HƏSƏNOV,
Azərbaycan Respublikası
Baş nazirinin müavini,
Qaçqınların və Məcburi
Köçkünlərin İşləri
üzrə
Dövlət Komitəsinin sədri,
YAP Siyasi Şurasının
üzvü
Azərbaycan.- 2012.- 27 aprel.- S. 2.