Bolqarıstanın
Baş naziri Heydər
Əliyev Fondunu ziyarət etmişdir
Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 26-da Heydər Əliyev Fondunda olmuşdur.
Qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara nəzər yetirən qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş fotoşəkillərə maraqla baxmışlar. Ümummilli liderin zəkasının bəhrəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi qonaqlarda xüsusi maraq doğurmuşdur.
Bolqarıstanın Baş naziri Boyko Borisov Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazmışdır.
Qonağa Fondun hədiyyəsi təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2012.- 27 aprel.- S. 3.