Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü
Həştərxan şəhərində silsilə tədbirlərlə
qeyd edilir
Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Rusiya Federasiyasının Həştərxan şəhərində bir sıra tədbirlər keçirilir.
AzərTAc xəbər verir ki, Həştərxanda ulu öndər Heydər Əliyevin adını daşıyan məktəb və parkda, eləcə də digər ictimai yerlərdə keçirilən tədbirlərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən danışılmışdır.
Tədbirlərdə Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndə heyəti, Həştərxan vilayətinin rəhbərliyi, burada fəaliyyət göstərən Azərbaycan və digər ölkələrin diasporlarının üzvləri, ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr və yerli ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.
Bununla yanaşı, "Rossiya" telekanalında ulu öndər Heydər Əliyev haqqında süjetlər də yayımlanmışdır. Süjetlərdə Heydər Əliyevin hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən Həştərxan vilayətinə xüsusi diqqət və qayğı göstərdiyi vurğulanmışdır. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev Həştərxan vilayəti ilə əməkdaşlığa böyük önəm verir. Bunun nəticəsidir ki, Bakının Nərimanov rayonu ilə Həştərxan şəhəri arasında sıx dostluq və əməkdaşlıq əlaqələri yaranmışdır.
Prezident İlham Əliyevin
tapşırığı ilə dövlətimiz tərəfindən
Həştərxan şəhərində "Azərbaycan-Rusiya
dostluq körpüsü"nün tikintisi, Knyaz Vladimirin heykəlinin
ucaldılması və digər genişmiqyaslı sosial layihələrin həyata keçirilməsi
məsələləri də süjetdə yer
almışdır. Süjetdə həmçinin Heydər
Əliyev Fondunun təşəbbüsü
ilə Həştərxanda uşaq şəhərciyinin
salınmasından da söhbət
açılmışdır.
Azərbaycan.- 2012.- 27 aprel.- S. 4.