Qədim İçərişəhərlə tanışlıq Rusiya Federasiyasının Dağıstan Respublikası Baş nazirinin müavinində zəngin təəssürat doğurmuşdur

 

Bakıda səfərdə olan Rusiya Federasiyasının Dağıstan Respublikası Baş nazirinin müavini Rizvan Qazımaqomedovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 26-da İçərişəhəri gəzmişdir.

AzərTAc xəbər verir ki, əvvəlcə qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasının muzey konservasiyası işlərinə başlanılmışdır.

Yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekspozisiya da qonağın böyük marağına səbəb olmuşdur.

Elektromobillə gəzinti zamanı Rizvan Qazımaqomedova UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

Daha sonra Rizvan Qazımaqomedov Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - "İncəsənət bağı"nda olmuşdur.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Baş nazirin müavini təndir çörəyinə qonaq edilmişdir.

Gəzinti Orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanışlıqla davam etdirilmişdir. Qonağa məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi ansamblın tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür.

İçərişəhər gəzintisi qonaqlarda zəngin təəssürat doğurmuşdur.

 

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 4.