Dövlətin gücü artdıqca xalqın gücü, inamı da artır

 

 Ermənistanın işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalı, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bərpa olunmalıdır. Dağlıq Qarabağdan qovulan şəxslər öz yerlərinə qayıtmalı, sülh şəraitində yaşamalıdırlar.

 

         İlham ƏLİYEV

 

 

Dağlıq Qarabağda erməni separatçılarının Azərbaycana qarşı başladıqları işğalçılıq siyasətinin ən yaxın tarixi 20 ildən çoxdur. 1994-cü ildə atəşkəs rejimi elan olunsa da, hər gün cəbhə bölgəsindən güllə səsləri eşidilir, qara xəbərlər gəlir.

Atəşkəsin elan olunması ilə yanaşı, həmin ildən tərəflər arasında danışıqlara vasitəçilik səylərinə də start verildi. Danışıqların ilkin mərhələsində müvəqqəti də olsa döyüşlərdə uduzmuş, xaricidaxili qüvvələr tərəfindən zəiflədilmiş Azərbaycan dövləti vardısa, hazırda vəziyyət başqadır və qarşıya qoyulan şərtlər də tamamilə dəyişib. Çünki bu müddət ərzində Azərbaycan özündə güc taparaq nə qədər inkişaf edib çiçəklənirsə, bütün sahələrdə əzmlə möhkəmlənirsə, güclənirsə, erməni tərəfi bir o qədər solur, zəifləyir, iqtisadi-siyasi problemlər içərisində boğulmaqda davam edir.

Nəzərə alsaq ki, bütün dövrlərdə Ermənistanda demoqrafik vəziyyət acınacaqlı olub, bu ölkədə indiki ağır sosial-iqtisadi vəziyyəti təsəvvür etmək, sıravi erməni üçün nə qədər acınacaqlı olduğunu söyləmək çətin olmaz.

Hazırda Ermənistanda miqrasiya prosesi get-gedə sürətlənərək, qarşısıalınmaz prosesə çevrilib: doğulan az, ölən çox, ölkədən baş götürüb qaçanlarsa minlərlədir.

Azərbaycanın sosial-iqtisadi inkişafından, onun müxtəlif sahələrdəki uğurlarından danışan dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi ətrafında son dövrlər nəzərə çarpan fəallığa toxunarkən bəzi faktları açıqlamışdır: "Son altı ay ərzində 70 min erməni ölkəni birdəfəlik tərk edib. 5-10 ildən sonra orada 1 milyondan az erməni qalacaqdır. Yəni, hamı başa düşür ki, proseslər bu istiqamətdə gedir. Azərbaycanın maliyyə imkanları, siyasi çəkisi artır, regional vəziyyəti möhkəmlənir, ordu güclənir, demoqrafik göstəricilər yüksəlir. Bizim əhalimiz artır, onların əhalisi azalır. 5-10 ildən sonra bizim əhalimiz olacaq 11 milyon, onların əhalisi olacaq 1 milyon. Bunun nə demək olduğunu hamı yaxşı başa düşür".

Doğrudan da, Azərbaycanın artan gücü bütün sahələrdə özünü göstərir: təkcə yarım il ərzində ölkəmizin strateji valyuta ehtiyatları xeyli artmışdır. Bütövlükdə ölkənin strateji valyuta ehtiyatları 43 milyard dollar səviyyəsindədir ki, bu da Azərbaycanın iqtisadi uğurlarından, dünyada artan nüfuzundan, sabaha inamından xəbər verir. Son səkkiz il ərzində iqtisadiyyatımız üç dəfə artmış, yoxsulluq 49 faizdən 7,6 faizə, işsizliyin səviyyəsi 5,3 faizə enmişdi. Bu da, bütün dünyada olduğu kimi, keçmiş Sovet İttifaqı məkanında da ölkəmizin artan nüfuzundan xəbər verir. Azərbaycan bu ölkələr arasında adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə ilk yeri tutur.

Sosial məsələlərin, xüsusilə yaşlı və gənc nəslin problemlərinin həlli dövlətin daima diqqət mərkəzindədir. Bütün bunlarla bağlı atılan addımlar göz önündədir. Regionların, eləcə də Bakı və Bakıətrafı qəsəbələrin inkişafı üçün xüsusi proqramlar icra olunmaqdadır. Bu isə həm kənd təsərrüfatının inkişaf etdirilməsi, həm də yeni yerlərinin açılması deməkdir. Son illər 1 milyona yaxın yeni yerinin  açılması da sevindirici haldır.

Qonşu ölkədə baş verənləri təsəvvür etmək üçün elə onların özlərinin söylədiklərinə baxmaq kifayətdir. Avropadan sığınacaq istəyən 20 millətin siyahısında ermənilər birinci yeri tutur. Son iki ildə 11 mindən artıq erməni Qərbin inkişaf etmiş ölkələrinə müraciət edərək sığınacaq istəyib.

Azərbaycan qarşıdakı 10 ildə artıq üç dəfə artmış ÜDM-i qeyri-neft sektorunun hesabına daha iki dəfə artırmağı planlaşdırırsa, Ermənistanda əks proseslər gedir - cinayətkar rejimin idarəçiliyi dövründə ÜDM dövlət büdcəsi müvafiq olaraq 11,54 10,9 faiz azalıb. Ölkənin xarici borcu 1,5 milyard dollardan 3,8 milyarda yüksəlib. İnflyasiya 37,1 faiz təşkil edib, ərzaq məhsullarının kommunal xidmətlərin qiymətləri isə 45,7 faiz artıb. Yoxsulluq səviyyəsi Ermənistanı boğmaqdadır - bu illər ərzində yoxsulluq 12 faizdən 35 faizə qalxıb.

Bir sözlə, Azərbaycanın uğurları, iqtisadi yüksəlişi, dövlətin və hökumətin əzmkarlıqla apardığı islahatlar öz bəhrəsini verməkdədir. Bütün bunlar isə son nəticədə güclü dövlət - güclü vətəndaş, xalq anlamına gəlir, eyni zamanda ölkənin və hər bir vətəndaşın bir nömrəli vəzifəsi olan Dağlıq Qarabağ probleminin həllinə öz müsbət təsirini göstərmiş olur.

 

 

Bəxtiyar QARACA

 

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 6.