Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə bağlı yeni aksiyaya başlamışdır

 

 Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi (GB) Şuşa şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğal olunmasının 20-ci ildönümü ilə bağlı yeni aksiyaya başlamışdır. YAP GB-nin ofisində mayın 8-dək davam edəcək aksiya çərçivəsində ingilis dilində hazırlanmış müraciət elektron poçt vasitəsi ilə dünyanın müxtəlif dövlətlərinin deputatlarına, rəsmi şəxslərinə, beynəlxalq təşkilatlara və ayrı-ayrı nümayəndəliklərə göndəriləcəkdir.

YAP GB-dən AzərTAc-a daxil olmuş müraciətdə deyilir: "Biz ərazisinin 20 faizi işğal edilmiş, bir milyon vətəndaşı didərgin salınmış, minlərlə övladı şəhid olmuş ölkənin gəncləri sizə müraciət edirik. Məqsədimiz yaxın tarixin acı həqiqətlərini diqqətinizə çatdırmaqdır.

İyirmi il əvvəl qədim Azərbaycan torpağı Qarabağın incisi olan Şuşa adlı bir şəhər var idi. Bu şəhər dünyanın mədəni irsi kimi qorunan muğam sənətinin, Qarabağ xalçalarının, mədəniyyətin beşiyi olmuşdur. Şuşanın muzeylərində bəşər tarixinin daş dövrü, kitabxanalarında dünya ədəbiyyatı inciləri, qalalarında Azərbaycan xalqının qəhrəmanlıq tarixi qorunurdu.

Bizim ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa 20 il əvvəl dünya ictimaiyyətinin gözü qarşısında məhv edildi. Azərbaycanın ərazi bütövlüyünü pozan erməni silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhəri əhalisinə divan tutdu. Tarixi abidələr dağıdıldı, muzeylər, kitabxanalar yandırıldı, heykəllər sanki canlı imiş kimi güllələndi. Qafqazın ən qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri erməni vandalizminin qurbanı oldu. Şuşanın dinc sakinlərindən yüzlərlə insan öldürüldü, ağır yaralandı, əsir və girov götürüldü. 

Azərbaycanın mədəniyyət beşiyi Şuşa 20 ildir ki, erməni hərbçilərinin işğalı altındadır. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqlar bu günə qədər heç bir nəticə verməmişdir.

Vaxt ötdükcə erməni işğalçılarının nəzarətində olan Şuşa şəhəri də digər işğal olunmuş ətraf ərazilər kimi amansız istismara və dağıntılara məruz qoyulur. Bu ərazilərdən ermənilər qanunsuz silahnarkotik ticarəti üçün geniş istifadə edirlər. Nəticədə işğal altında olan bu ərazilər təkcə ölkə və region üçün deyil, bütövlükdə dünyada sülhün və əmin-amanlığın qorunması yolunda böyük təhlükə mənbəyinə çevrilir.

Biz gənc olaraq Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələri, beynəlxalq hüququn normalarını və prinsiplərini əsas tutaraq sizə müraciət edirik.

İnanırıq ki, siz Vətənimizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və Şuşa şəhərinin erməni silahlı qüvvələrinin işğalından tezliklə azad olunması üçün qətiyyətli mövqeyinizi ortaya qoyacaqsınız. Bu münaqişənin tezliklə həll edilməsi, minlərlə insanın doğma torpaqlarına qayıtması üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. 

Biz Yeni Azərbaycan Partiyasının gəncləri olaraq Sizə güvənir və ədalətin tezliklə zəfər çalacağına böyük ümidlər bəsləyirik".

 

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 6.