Azərbaycan və
Bolqarıstan arasında rabitə və informasiya
texnologiyaları sahəsində “Hökumətlərarası
saziş” layihəsi
hazırlanacaqdır
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvalyo Moskovski ilə görüş keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan danışan nazir Əli Abbasov bütün sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunda da qlobal, regional və ölkə əhəmiyyətli layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır. Ə.Abbasov Azərbaycan hökuməti tərəfindən irəli sürülən "Trans- Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi, ölkəmizdə kosmik sənayenin inkişafı, dövlətimizin başçısının sərəncamı ilə nazirliyin yanında bu yaxınlarda yaradılması nəzərdə tutulan Elektron Hökumət üzrə Dövlət Agentliyi, genişzolaqlı internet, mobil sektorun inkişafı ilə bağlı məlumat vermişdir.
Qarşılıqlı fikir mübadiləsi zamanı bolqarıstanlı nazir ölkəsində rabitə və informasiya texnologiyaları sahəsində əldə edilmiş uğurlar, xüsusilə "Elektron hökumət" istiqamətində aparılan islahatlar barədə məlumat vermiş, cari ilin noyabrında Bakıda keçiriləcək "BakuTel 2012" beynəlxalq telekommunikasiya sərgisində Bolqarıstanın milli pavilyonla iştirak edəcəyini bildirmişdir.
Sonra iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahəsində "Hökumətlərarası saziş" layihəsinin hazırlanması və sentyabr ayında komissiyanın növbəti iclasında müzakirəyə çıxarılması ilə bağlı razılıq əldə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2012.- 27 aprel.- S. 6.