Qubadlı rayonu üzrə ilin birinci rübündə görülmüş
işlər və qarşıda duran vəzifələr
müzakirə olunmuşdur
Aprelin 25-də Qubadlı Rayon İcra Hakimiyyətinin (RİH) Sumqayıtda yerləşən inzibatı binasında 2012-ci ilin birinci rübündə görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir.
Yığıncaqda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirmişdir ki, ilin birinci rübü qış mövsümünə təsadüf edir. Builki qış isə şaxta və çovğunu ilə bütün dünyanı sınağa çəkmişdir. Ərzaq və enerji təhlükəsizliyinin etibarlı təminatını yaradan ölkəmiz bu sınaqdan elə bir ciddi problem olmadan itkisiz çıxa bilmişdir. Rayonda da qışa hazırlıq dövründə həyata keçirilən qabaqlayıcı tədbirlər müsbət nəticələrini vermişdir. M.İsaqov RİH-də yaradılmış qərargah tərəfindən yaşayış massivlərində, yataqxana, pansionat və digər yerlərdə məskunlaşmış insanların fasiləsiz elektrik enerjisi və digər kommunal xidmətlərlə təminatı üçün operativ tədbirlərin görüldüyünü diqqətə çatdırmışdır.
Şaxtalı günlərdə çoxsaylı məcburi köçkün ailəsinin məskunlaşdığı Sumqayıt şəhər bərpa xəstəxanasının yanındakı binada küləyin dam örtüyünü atması nəticəsində yaranan ciddi çətinliklər qısa vaxtda aradan qaldırılmış, "İnşaatçılar" qəsəbəsi, 1 nömrəli peşə liseyinin binasında məskunlaşmış məcburi köçkünlərin istifadə etdiyi əsas içməli su xəttinin 90 metrlik hissəsi yenisi ilə əvəz edilmişdir.
Qeyd olunmuşdur ki, uzun müddət aparılan danışıqlar nəticəsində Sumqayıtın 26-cı məhəlləsində yerləşən "Şəfa" sanatoriyasının I və II mərtəbələrində yerləşən məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün bir sıra işlər görülməkdədir. Bu məqsədlə burada bütün ümumi istifadə sahələrinin - dəhlizlərin, sanitar qovşaqlarının, foyelərin əsaslı təmirinə başlanmışdır. Eyni zamanda, həmin sanatoriyanın istifadəyə yararsız vəziyyətdə olan yeməkxanası tamamilə yenidən qurularaq mərasim evi kimi istifadəyə hazırlanır.
Hesabat dövründə 12 mikrorayon, 7a və 8a binalarının həyətindəki mərasim evinin dam örtüyü əsaslı təmir edilmiş, burada yenidənqurma işləri aparılmaqla genişləndirilmiş və mərasim evi 100 nəfərlik mətbəx dəsti ilə təmin olunmuşdur.
Qubadlı RİH-in inzibati binası qarşısında və binanın ətrafında ümumilikdə 684 kvadratmetr tamet tava döşənməklə abadlıq işləri başa çatdırılmışdır.
Məcburi köçkünlərin yığcam məskunlaşdıqları ərazilərdə 11 su və kanalizasiya qəzaları operativ qaydada aradan qaldırılmışdır.
İlin əvvəlindən görülən işlər haqqında danışan məruzəçi bildirmişdir ki, mədəniyyət və turizm şöbəsinin inzibati binasının fasadının aqlay daşla üzlənməsi və binanın giriş hissəsinin memarlıq elementləri ilə yenidən qurulması işlərinə başlanılmışdır.
Həmçinin 7 nömrəli uşaq bağçasında məskunlaşan məcburi köçkün ailəsinə mənzilin təmiri və "beton zavodu" yaşayış massivində məskunlaşan məcburi köçkün ailəsinə isə yaşadığı mənzilin dam örtüyünün təmiri üçün tikinti materialları ilə kömək göstərilmişdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 8-ci mikrorayonda 32 məcburi köçkün ailəsinin məskunlaşdığı 17 nömrəli tam orta məktəb binasının 680 kvadratmetr dam örtüyü əsaslı təmir edilmişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən rayon sakini, hazırda Hacıqabul rayonu, Nəvai qəsəbəsində məskunlaşan şəhid ailəsi - Asya Məmmədova üçün ikiotaqlı ev tikilmişdir. Bakı Metropoliteninin Qara Qarayev stansiyasının ərazisində məskunlaşan 5 köçkün ailəsinə Mehdiabad qəsəbəsində yeni inşa olunmuş evlər verilmişdir.
Cari ilin birinci rübündə 66 yeni iş yeri açılmış, 64 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir.
İlin ilk 3 ayında ictimai-siyasi məzmunlu tədbirlərin həyata keçirilməsi ilə bağlı rayonda ardıcıl iş aparılmışdır. Kütləvi tədbirlərə geniş yer verilmiş, Novruz bayramında aztəminatlı və imkansız ailələrə ərzaq bağlamaları verilmişdir.
Çıxış edənlər görülən işlərdən bəhs edərək Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin rayon əhalisi tərəfindən dəstəkləndiyini bildirmişlər.
İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev çıxış etmişdir.
Sonda müzakirə edilən məsələlərlə bağlı qərar qəbul edilmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 27 aprel.- S. 6.