Azərbaycanlı deputatın məruzəsi Avropa Şurasında yüksək qiymətləndirilmişdir

 

Avropa Şurası son illərdə fəaliyyət dairəsini durmadan genişləndirir, yalnız Avropa təşkilatı olmaq çərçivəsindən çıxaraq daha çox ümumdünya təşkilatı funksiyalarını yerinə yetirməyə başlayır. Bunun ən bariz nümunələrindən biriAvropa Şurası Parlament Assambleyasının (AŞPA) hər sessiyasında 47 üzv dövlətdən savayı, təkcə Avropanın yox, Asiya, Afrika, Amerikanın da bir çox ölkələri ilə bağlı problemlərinin müzakirə olunmasıdır.

AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun Hüquqi işlər və insan haqları komitəsinin xətti ilə hazırladığı yeni məruzə də məhz Avropa Şurasının öz təsir və əhatə hüdudlarını genişləndirmək təmayülləri ilə bilavasitə əlaqədardır.

"Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması" adlanan bu məruzənin Parlament Assambleyasının yaz sessiyası çərçivəsində ilk təqdimatı olmuşdur.

Deputat Rafael Hüseynov problemin mahiyyəti ilə əlaqədar demişdir: "Təqdim olunan məruzə Avropanın bugünü və gələcəyi üçün ciddi əhəmiyyət kəsb edən bir problemə həsr edilmişdir. Ortaq Avropa evini formalaşdırmaq, ölkələri bir-birinə daha da yaxınlaşdırmaq, bütün Avropa cəmiyyətinin getdikcə daha geniş çərçivədə uyğun meyarlarla düşünməsi, yaşayıb fəaliyyət göstərməsini təmin etmək müştərək qanun müstəvisinin formalaşdırılması məsələsi ilə bilavasitə bağlıdır. Bu mənada Avropa Şurası konvensiyalarının yalnız bu təşkilatın üzvü olan 47 ölkədə deyil, həm də digər qeyri-üzv dövlətlərdə tətbiq edilməsi çox əhəmiyyətli ola bilər. Hazırda Avropa Şurasının 213 konvensiyası vardır ki, bunlardan yalnız 41-i qeyri-üzv dövlətlər üçün açıq deyildir. Bu sadə statistika açıq şəkildə göstərir ki, əslində, konvensiyaların əksəriyyəti lap başlanğıcdan məhz geniş əhatə üçün nəzərdə tutulmuşheç vəchlə üzv dövlətlərlə məhdudlaşa bilməz. Lakin təcrübədə biz fərqli mənzərənin şahidi oluruq. Avropa Şurası konvensiyalarının əksəriyyəti hüquqi baxımdan qeyri-üzv dövlətlərin də qoşulmasına açıq olsa da, həmin ölkələrin özlərinin bu prosesdə iştirakı heçarzulanan səviyyədə deyil. Lakin təəssüf doğuran haldır ki, qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarında iştirakı nadir hallarda müzakirə və müfəssəl tədqiq obyektinə çevrilir. Amma buna da ehtiyac böyükdür. Çünki konvensiyaların hamısının qeyri-üzv dövlətlər üçün açıq olmasını təmin etmək meyli vardır. Belə səylərin olması nə qədər müsbət dəyərləndirilsə də, təəssüf ki, həmin konvensiyaların bir qismi bütün dövlətlərə aid edilə bilmək üçün yetərincə işlənməmişdir. Qeyri-üzv dövlətlərin qoşulması üçün açıq olan ilk konvensiya 1953-cü ildə qəbul edilmişdir. Arxada qalan 60 ilə yaxın müddətdə belə konvensiyalar durmadan artsa da, qeyri-üzv dövlətlərin qoşulduğu, yaxud ratifikasiya etdiyi konvensiyaların sayı yalnız 76-dır. Həm də qeyri-üzv ölkələrin diqqəti daha çox 30 konvensiyaya yönəlmişdir. Bunların da, demək olar ki, yarısı birbaşa, ya dolayısı ilə hüquqi əməkdaşlıq məsələlərinə aiddir. Kvalifikasiyaların tanınması, mədəni və təbii irs, televiziyalarsair bu kimi konvensiyalar qeyri-üzv dövlətlərin nisbətən fəal qoşulduqları konvensiyalardır. Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması bu təşkilatın maraqları daxilindədir. Parlament Assambleyası, Nazirlər Komitəsi konvensiyalarla bağlı prioritetləri müəyyənləşdirməli, diqqət isə daha çox ehtiyac duyulan konvensiyalar üzərində cəmlənməlidir. Bizim qənaətimizcə, mədəniyyətlərarası dialoq və transsərhəd cinayətkarlığa qarşı mübarizə iki belə vacib istiqamət kimi seçilə bilər".

Müzakirələrə qatılan avropalı deputatlar R.Hüseynovun hesabatı yüksək səviyyədə hazırladığını qeyd etmiş, belə məruzələrin Avropa Şurasının inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulamışlar. Fikir mübadiləsində iştirak edən komitə üzvü, AŞ PA-nın sabiq sədri deputat Mövlud Çavuşoğlu məruzədə təhlil edilən problemin son illərdə daim Avropa Şurasının diqqətində olduğunu bildirmiş və təqdim olunan məruzəni Avropa Şurasının gücnüfuzunun artmasına yardım edən mühüm töhfə kimi qiymətləndirmişdir. 

Məruzənin aktuallığı və problemin ciddiliyini nəzərə alaraq qərara alınmışdır ki, bu məsələ ilə bağlı yaxın gələcəkdə dəvət edilən mütəxəssislərin iştirakı ilə Avropa Şurasında ayrıca kollokvium təşkil edilsin.

 

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 6.