Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kənd Təsərrüfatı Nazirliyində olmuşdur

 

 Aprelin 26-da kənd təsərrüfatı naziri İsmət Abasov Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, görüşün məqsədi Aİ-nın Azərbaycan Respublikasında "Kənd Təsərrüfatı və Kənd Ərazilərinin İnkişafına Büdcə Dəstəyi Proqramı"nın icrasının müzakirəsi olmuşdur.

Nazir İsmət Abasov Azərbaycanın Avropaya inteqrasiyası yolunda çox ciddi addımlar atdığını və Aİ-nın ölkəmizə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində həmişə öz dəstəyini göstərdiyini diqqətə çatdırmışdır. O, Bakıda keçirilmiş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransında Aİ-nın nümayəndələrinin iştirakını yüksək dəyərləndirmişdir.

İsmət Abasov nümayəndə heyətinə aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, ölkəmizdə ümumi daxili məhsulun 2 dəfə artırılması qarşımıza məqsəd kimi qoyulmuşdur. Bu da əsasən qeyri-neft sektorunun payına düşür. Bu məqsədlə kompleks işlərin həyata keçirilməsi nəzərdə tutulur. Artıq Bb işlərin həyata keçirilməsinə başlanılmışdır. Aqrar sahənin inkişafına dəstək məqsədilə beynəlxalq maliyyə qurumlarının köməyinə ehtiyac duyulur. Bu məqsədlə Aİ tərəfindən tədbirlərin həyata keçirilməsi təqdirəlayiqdir.

Görüşdə "Kənd Təsərrüfatı və Kənd Ərazilərinin İnkişafına Büdcə Dəstəyi Proqramı" çərçivəsində müzakirələr aparılmış, Proqramın ölkəmizdə tezliklə həyata keçirilməsi üçün müvafiq təkliflər irəli sürülmüşdür.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia Proqramın qısa zamanda həyata keçirilməsinin vacibliyini vurğulayaraq,  gələcəkdə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirmişdir.

Nazir İsmət Abasov Proqramın Azərbaycanda uğurla həyata keçirilməsi üçün birgə səylərin gücləndirilməsinin vacibliyini bildirərək onun icrasının sürətləndirilməsi məqsədilə  təkliflərini diqqətə çatdırmışdır.

 

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 6.