Azərbaycanda internet resursları inkişaf etmişdir

 

 Aprelin 25-də öz işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında "İnternetə dair informasiyafikir azadlığı" mövzusu ətrafında müzakirələr keçirilmişdir.

Mövzu ətrafında çıxış edən Azərbaycanın Avropa Şurası Parlament Assamleyası (AŞ PA) yanındakı daimi nümayəndə heyətinin üzvü Fazil Mustafa bildirmişdir ki, son on ildə ölkəmizdə internet resursları sürətlə inkişaf etmişdir. Artıq bu problem qanunvericilik səviyyəsində öz həllini tapmışdır. Azərbaycanda ən azad fəaliyyət göstərən media növü də məhz internetdədir.  

Deputat demişdir: "Ümumilikdə isə hamımıza aydındır ki, ifadə və məlumat azadlığının qorunması problemini mövcud qanunların gücü ilə çözmək imkansızdır. Bu, bilavasitə hər bir cəmiyyətin və ayrıca olaraq hər bir internet istifadəçisinin mədəni səviyyəsi ilə bağlı problem olduğundan daha çox ictimai institutların təsir mexanizmləri üzərində düşünmək faydalı olardı. Buna misal olaraq, "Difamasiya haqqında" qanun layihəsinin müzakirəsi zamanı ortaya çıxan narahatedici sualları göstərmək olar. Bu layihədə böhtan və təhqirə görə cinayət məsuliyyətinin ortadan qaldırılması müsbət bir hal kimi qiymətləndirilsə də, televiziya və yazılı mediada tədricən azalan belə  elementlərin artıq internetonline mediaya sızması haqlı olaraq narahatlıq doğurmaqdadır.

Qanunvericiliyin hələ ki, mənfi mənada müdaxilə etməyə çətinlik çəkdiyi internetonline mediada ifadə və söz azadlığının qorunması qənaətbəxş olsa da, buradan insanların şəxsi həyatına müdaxilə, naməlum ünvanlardan gələn böhtan və təhqirlər, şəxsiyyət əleyhinə qanunazidd çağırışlar təhlükəli həddə çatmışdır. Bir sözlə, ifadə və məlumat azadlığından sui-istifadə etmə halları daha çox önə çıxmağa başlayır. Məncə, beynəlxalq qurumlarda belə məsələlər də ciddi müzakirəyə çıxarılmalıdır. Çünki demokratiyanın inkişaf səviyyəsindən asılı olmayaraq, əksər hökumətlər internetonline mediyaya girişi məhdudlaşdırmaqdan və beynəlxalq insan hüquqları təşkilatlarının hədəfinə çevrilməkdən çəkinirlər. Odur ki, gələcək raportlarda internetonline mediyada ifadə və məlumat azadlığından sui-istifadənin qarşısının alınması barədə təkliflərin yer alması da məqsədəuyğun olardı".

 

 

Əsgər ƏLİYEV

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 6.