Prezident İlham Əliyev xalqın
alternativsiz etimad ünvanıdır
Azərbaycan isə regionun lider
dövləti statusunu layiqincə daşıyır
Sürətli inkişaf dövrünü yaşayan Azərbaycanın
Cənubi Qafqazın lider dövlətinə çevrilməsi
və bu statusu uğurla daşıması bütün dünyanın,
xüsusən bu regionu özünün iqtisadi mənafeyi
baxımından vacib tərəfdaşı kimi görən
Avropanın qəbul etdiyi inkarolunmaz reallıqdır. Elə buna
görə təsadüfi deyil ki, Cənubi Qafqazı əhatə
edən hər hansı beynəlxalq layihənin Azərbaycanın
maraqlarını nəzərə almadan həyata keçirilməsi
mümkün deyil. Azərbaycanla
hesablaşır, məsləhətləşir və hər
bir əməkdaşlıq məsələsində əsas tərəfdaş
kimi qəbul edirlər.
Bütün bu amillər Azərbaycan
Respublikasının dünyada artan nüfuzunun və imicinin
birbaşa göstəricisidir. Əlbəttə, beynəlxalq
miqyasda qazandığımız yüksək etimadın
kökündə ilk növbədə ölkəmizin
etibarlı siyasi və iqtisadi tərəfdaş olması,
dünyanı narahat edən hər bir məsələdə qətiyyətli
və prinsipial mövqe tutması, sülhə və əmin-amanlığa
layiqli töhfələr verməsidir. Azərbaycan
ordusunun bölmələri ayrı-ayrı ölkələrdə
sülhün və əmin-amanlığın təmin
olunmasında iştirak edir, beynəlxalq terrorçuluqla
mübarizədə öz sözlərini deyirlər. Eyni zamanda, Azərbaycan bir sıra Avropa ölkələrinin
enerji təhlükəsizliyinin təmin olunmasında əsas tərəfdaşlardan
biridir. Ölkəmiz beynəlxalq
miqyaslı bütün məsələlərdə üzərinə
düşən öhdəlikləri layiqincə yerinə
yetirməklə etibarlı tərəfdaş olduğunu hər
zaman nümayiş etdirmişdir. Bunun da məntiqi
nəticəsi olaraq Azərbaycanın beynəlxalq nüfuzu
sürətlə yüksəlməkdədir.
Azərbaycanın dünyadakı yüksək siyasi
nüfuzunun ən bariz nümunəsi kimi ölkəmizin
ötən ilin oktyabrında BMT Təhlükəsizlik
Şurasına (TŞ) üzv seçilməsini misal göstərmək
olar. Nəzərə alsaq ki Təhlükəsizlik
Şurasının üzvü olmaq təyinatla və növbəlilik
prinsipi əsasında deyil, məhz səsvermə yolu ilə
baş verir, bu zaman Azərbaycana beynəlxalq ictimaiyyətin
etimadının nə dərəcədə olduğunu
görmək olar. BMT üzvü olan digər ölkələr
bu qədər səs ala bilmədikləri halda, Azərbaycan səsvermənin
ilkin mərhələlərində 100-dən çox, sonda isə
155 ölkədən səs toplamaqla faktiki olaraq
dünyanın bütün bölgələrinin
etimadını qazandı, iki il müddətinə BMT Təhlükəsizlik
Şurasının üzvü seçildi. TŞ-na
keçirilən səsvermədə Azərbaycana səs verənlər
sadəcə Cənubi Qafqazın sıradan bir ölkəsinin
deyil, beynəlxalq miqyasda özünün müsbət imici ilə
tanınan, bütün dünyada hər bir sahə üzrə
ciddi nüfuz qazanan bir respublikanın namizədliyini dəstəkləmiş
oldular. Bu səsvermə nəticəsində
BMT Təhlükəsizlik Şurasına seçilmək Azərbaycanın
dünyadakı nüfuzunun göstəricisi, beynəlxalq aləmdə
ciddi və etibarlı bir ölkə olduğunu nümayiş
etdirdi.
Azərbaycanın
BMT TŞ-nın üzvü seçilməsi
ilk növbədə Prezident İlham Əliyevin uğurlu
xarici siyasətinin göstəricisidir. Ölkəmizin
bu qələbəsini məhz Prezident İlham Əliyev təmin
etmişdir. Çünki məhz beynəlxalq münasibətlər
sistemini dəqiqliyi ilə bilmək, kontur mövqelər
hazırlamaq, Azərbaycanın xarici siyasətinin
doktrinasının tələblərinə müvafiq real,
çevik manevrlər etmək və bu planda BMT müstəvisində,
xüsusilə də BMT Baş Məclisinin sessiyalarında
ölkəmizin maraqlarını müdafiə edən
ardıcıl tədbirlər reallaşdırmaq məhz
dövlət başçısının iradəsinin,
mövqeyinin siyasi dəst-xəttinin nəticələridir. Odur ki, Azərbaycanın bu posta seçilməsi Prezident
İlham Əliyevin indiyədək apardığı
düşünülmüş və məqsədyönlü
siyasətin məntiqi sonluğudur.
Eləcə də bu ilin fevral ayında Meksikanın Los
Kabos şəhərində "Böyük iyirmiliyin"
(G-20) sammitində Azərbaycanın iştirakı ölkəmizin
artan nüfuzunun növbəti nümayişi, beynəlxalq
arenadakı uğurlarından biri oldu. Bu sammitə
keçmiş SSRİ məkanından yalnız Azərbaycan dəvət
olunmuşdu. BMT TŞ-na üzvlükdən sonra bu
cür mötəbər toplantıda iştirak etmək Azərbaycanın
artan nüfuzunun, beynəlxalq məsələlərdə mühüm rol oynayan ölkəyə
çevrilməsinin təsdiqidir.
Bu fakt
ondan xəbər verdi ki, dünyada qlobal
maliyyə böhranının hələ də davam etdiyi bir
şəraitdə sürətlə inkişaf edən Azərbaycanın
mövqeyini bilmək "Böyük iyirmiliyin"
marağındadır. Bu mənada Azərbaycanın
bu sammitdə iştirakı həm də bu, ölkəmizin
sürətli inkişafının, artan iqtisadi qüdrətinin
göstəricisidir. G-20 çərçivəsində
keçirilən tədbirlərə dəvət olunan ölkələr
öz inkişafları ilə diqqəti cəlb edirlər.
Prezident İlham Əliyevin yeni dövrün tələblərinə
uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi
düşünülmüş, sürətli və
davamlı inkişaf strategiyasının nəticəsi olaraq
son 8 ildən artıq müddətdə Azərbaycan
iqtisadiyyatı dinamik inkişaf edib. Bu
müddətdə Azərbaycan dünya miqyasında analoqu
olmayan inkişaf tempi ilə böyük sosial-iqtisadi
uğurlar əldə edib. Prezident İlham Əliyev
Koreya Respublikasında nəşr olunan nüfuzlu
"Diplomacy" jurnalına müsahibəsində ölkəmizin
iqtisadi vəziyyəti ilə bağlı suala cavabında bu
barədə deyib: "Azərbaycan dünyanın ən
sürətli inkişaf edən ölkələrindən
biridir. Son vaxtlar həyata keçirilən
uğurlu islahatlar nəticəsində Azərbaycan iqtisadi
inkişaf templərinə görə dünyada liderdir.
Ümumi daxili məhsulun artımı baxımından biz ən
yüksək göstəricilərə nail olmuşuq. Son bir neçə ildə ölkə iqtisadiyyatı
demək olar ki, 300 faiz artmışdır".
Dövlət
başçısı müsahibəsində həyata
keçirilən liberal iqtisadi siyasətin ölkədə
sahibkarlıq fəaliyyəti üçün münbit şərait
yaratdığını, iqtisadiyyatda özəl sektorun
payının artıq 80 faizdən çox olduğunu, bu
gün Azərbaycan iqtisadiyyatı ümumilikdə Cənubi
Qafqaz iqtisadiyyatının 75-80 faizini təşkil etdiyini diqqətə
çatdırmışdır. Qeyd edək ki, müsahibənin
əvvəlində jurnalın rəhbəri, doktor Thok-kyu Limb
oxuculara Azərbaycan Respublikası barədə məlumat verərək
bildirmişdir ki, uğurlu iqtisadi islahatlar nəticəsində
hazırda dünyanın ən sürətlə inkişaf edən
ölkələrindən birinə çevrilən Azərbaycan
bu iqtisadi sıçrayışa Prezident İlham Əliyevin
rəhbərliyi ilə nail olub.
Bu il Azərbaycan Prezidenti İlham Əliyev
dünyanın bütün dövlətlərinin maraqla izlədiyi
və vacib əhəmiyyət daşıyan beynəlxalq siyasi
və iqtisadi tədbirlərdə iştirak etmişdir. Buna misal olaraq Koreyada keçirilmiş Nüvə
Sammitini misal çəkmək olar. Azərbaycanda
nüvə sənayesinin, atom stansiyalarının olmamasına
baxmayaraq, Prezident İlham Əliyev bu mötəbər
toplantıya dəvət edilib və ölkəmizin bizim ədalətli
mövqeyi bu qurumun tribunasından səslənib, Ermənistanda
1976-cı ildə fəaliyyətə başlamış və
hazırda köhnəlmiş Metsamor atom elektrik
stansiyasının bütöv region və yaxınlıqda
olan qonşular üçün potensial fəlakət mənbəyi
olduğu bəyan edilib.
Bundan başqa, Prezident İlham Əliyevin iştirak
etdiyi Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik
Konfransı da dünyanın siyasi və iqtisadi mənzərəsində
öz yeri olan mühüm tədbirlərdir. Biri iqtisadi,
digəri isə təhlükəsizlik və siyasi məsələləri
əhatə edir. Bu tədbirlərin hər
ikisində Azərbaycan fəal təmsil olunub, Prezident
İlham Əliyev ölkəmizin baxışlarını,
mövqeyini və siyasi xəttini uğurla ifadə edib. Xüsusilə dünya birliyinin diqqəti Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətlərə, torpaqlarımızın
işğal altında qalmasına və bir milyon
soydaşımızın əziyyət çəkməsi məsələlərinə
cəlb olunub.
Aprel ayının əvvəllərində isə
Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyası
keçirildi.
Bu sessiyanı yüksək səviyyədə təşkil
etməklə Azərbaycan bir daha göstərdi ki, hər bir
beynəlxalq təşkilatın tədbirinə ev sahibliyi etməyə qadirdir. Sessiya
iştirakçıları da tədbirin təşkili məsələlərindən
razılıqlarını ifadə etdilər. Ən əsası
bu tədbir imkan verdi ki, Azərbaycan tərəfi
Avropa Parlamenti deputatlarına birbaşa müraciət edərək
ölkəmizin üzləşdiyi haqsızlıqlarla
bağlı mövqeyini bir daha bildirsin.
Bütövlükdə,
bu beynəlxalq tədbirlərin hər birində Azərbaycan
dünya birliyinin vacib oyunçusu kimi öz sözünü
dedi. "Bir sözlə, birinci rübdə beynəlxalq
aləmdə də Azərbaycanla bağlı çox
maraqlı və ciddi müzakirələr
aparılmışdır. Ölkəmiz
beynəlxalq aləmin dəyərli üzvü kimi öz
sözünü deyir və deyəcəkdir. Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi
davamıdır. Xarici siyasətimiz əməkdaşlığın
dərinləşməsinə hesablanıb. Biz bu istiqamətdə addımlar atırıq.
Bizim xarici siyasətimiz açıqdır,
aydındır və birmənalıdır. Bölgədə, dünyada rolumuz artır. Bu, həqiqətdir və bu həqiqətlə
hesablaşmaq lazımdır" - deyə Prezident İlham Əliyev
bildirib.
Belə uğurlu siyasətin həyata keçirilməsinin
nəticəsidir ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti
hər zaman Prezident İlham Əliyevi dəstəkləyir. Bu günlərdə
"Rəy" Monitorinq Mərkəzinin keçirdiyi ictimai rəy
sorğusunun nəticələri də cənab İlham Əliyevin
reytinqinin çox yüksək olduğunu təsdiqləyir.
Sorğunun nəticələrinə görə,
əgər qarşıdan gələn bazar günü ölkədə
prezident seçkiləri keçirilsəydi, seçicilərin
mütləq əksəriyyəti - 91 faizə yaxını
dövlət başçısı İlham Əliyevə səs
verərdi. "İlham Əliyev sizin
maraqlarınıza cavab verirmi?" sualını respondentlərin
87 faizi "bəli, cavab verir" - deyə
cavablandırıb. Həmçinin məlum
olub ki, qarşıdan gələn bazar günü prezident seçkiləri
keçirilsəydi, respondentlərin əksəriyyəti - 77
faizi birmənalı olaraq səsverməyə
qatılardılar.
Bir
neçə gün əvvəl Avropa Parlamentinin qəbul
etdiyi qətnamədə Azərbaycanın ədalətli mövqeyinin əks
olunması, Meksika və Pakistandan sonra Kolumbiya Senatının
Xocalı soyqırımını tanınması Azərbaycan
hakimiyyətinin apardığı uğurlu xarici siyasətin nəticəsi,
beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir. Gələn ay isə Azərbaycan BMT Təhlükəsizlik
Şurasında sədrlik funksiyasını üzərinə
götürəcək. Eyni zamanda, may
ayında Avropanın mühüm mədəni tədbiri olan
"Eurovision" mahnı yarışması keçiriləcək.
İstər BMT Təhlükəsizlik
Şurasının sədri, istər "Eurovision"
mahnı müsabiqəsinin təşkilatçısı kimi
Azərbaycan üzərinə düşən vəzifələri
layiqincə yerinə yetirəcək və beləliklə,
beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edən
növbəti uğurlara imza atacaq.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2012.- 27 aprel.- S. 7.