Avropa Parlamentinin qəbul etdiyi qətnamə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin dəyərli və məntiqi nəticəsidir

 

 Mübariz QURBANLI: "Bu xalq nə qədər çeynənmiş sözlər eşitməli,  nə qədər İsa Qəmbərin, Əli Kərimlinin yalan vədlərinə qulaq asmalıdır?"

 

Başa çatmaqda olan aprel ayı Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında mühüm hadisələrlə zəngin olub. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir daha aydın oldu ki, ölkəmiz ötən müddətdə də sosial, iqtisadi, mədəni, humanitar və digər sahələrdə davamlı inkişaf edib. Ölkəmiz bir çox uğurlara imza atıb. Aprelin 18-də Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Azərbaycanla bağlı  qətnamənin qəbulu, ölkəmizdə ilk dəfə olaraq partiyaların dövlət büdcəsindən maliyyələşməsini təmin edəcək "Siyasi partiyalar haqqında" qanuna edilən tarixi dəyişiklik ciddi müzakirə mövzusu olub.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı ilə söhbətimiz də bu barədədir.

-  Mübariz müəllim, Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev Azərbaycana qarşı informasiya müharibəsinin aparıldığını və bu informasiya təxribatının arxasında dayanan qüvvələrin təsnifatını verərək bir çox məqamlara aydınlıq gətirdi. Sizcə, bu qüvvələrin arxasında duran güclərin niyyətləri, məqsədləri nədir?   

- Azərbaycanın hər bir uğuru xalqın, millətin marağına xidmət edir. Azərbaycanın uğurundan narahat olan dairələr var. Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev Azərbaycana qarşı informasiya müharibəsinin aparıldığını və bu informasiya təxribatının arxasında dayanan qüvvələri bir daha xəbərdar etdi. Çox elmi, məntiqi bir təsnifat verildi. Bu, həm media, həm də politoloqlar üçün mühüm açıqlama idi və deyilən fikirlərin hər birindən yararlanaraq bizə düşmən olan şəxslərin müqavimətinə qarşı mövqelərimizi gücləndirməliyik.

Prezident qeyd etdi ki, Azərbaycan bölgədə, Ermənistan istisna olmaqla, bütün ölkələrlə mehriban qonşuluq siyasəti yeridir. Azərbaycan xarici siyasətində iki mühüm xətt seçib: Mehriban qonşuluq və açıq qapı siyasəti. Mehriban qonşuluq siyasəti beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək Azərbaycanın dövlətlərarası münasibətlərdə yerini müəyyənləşdirir. Bu, eyni zamanda dinc yaşamaq prinsipinə sədaqət deməkdir. Bu siyasət beynəlxalq münasibətlərdə ədalət prinsiplərinə əməl etmək və ətrafda olan ölkələrlə ikili əlaqələrə diqqət yetirməkdir. Prezident Azərbaycanın informasiya ilə bağlı hücumlara məruz qalmasından danışarkən onun arxasında dayanan qüvvələri də təsnif edib. Onların üst qurumunda erməni lobbisi dayanır. Erməni lobbisi Azərbaycanın inkişafına hər cür vasitə ilə əngəl olmaq istəyir. Bizim inkişafımızdan narahatlıq keçirən digər ölkələr də var. Bu ölkələr  Azərbaycanın müstəqil syasət yeritməsindən narahatdırlar.

Azərbaycan bölgədə tam müstəqil siyasət yeridir. Heç bir ölkə Azərbaycanda bizim maraqlarımıza zidd siyasət yeridə bilməz. Dövlətimiz başqa ölkələrlə müqayisədə barış məkanı rolunu oynayır. Azərbaycan böyük güclərin döyüş meydanı yox, barış meydanıdır. Azərbaycanın açıq qapı siyasəti isə ölkəmizin iqtisadiyyatının inkişafına təkan verəcək investisiyaların cəlb olunmasına xidmət edir. Ermənistan istisna olmaqla bütün dünya şirkətlərinə Azərbaycan investisiya üçün qapılarını açıb. Azərbaycan xaricə sponsorluq etmək gücünə malik olan ölkələr sırasındadır. Belə bir şəraitdə Azərbaycanda "Eurovision" musiqi yarışmasının keçirilməsi çox əhəmiyyətlidir. Bu, bizə düşmənçilik edən Ermənistan üzərində, Azərbaycan əleyhinə fəaliyyətdə bulunan dairələr üzərində mənəvi siyasi qələbəmizdir.

- Aprel aynın 18-də Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Azərbaycanla Avropa İttifaqı arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qətnamə qəbul olundu. İlk dəfədir ki, Avropa Parlamenti Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları işğaldan azad etməsini, həm hərbi, həmfiziki kontingenti çıxarmasını Assosiasiya sazişi üçün şərt olaraq ortaya qoyur. Sizcə, bunu Azərbaycanın diplomatiyasının növbəti uğurlarından biri hesab etmək olarmı?

- Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xətti ölkəmiz üçün müxtəlif sahələrdə çox əlverişli mühit yaradır. Eyni zamanda Azərbaycan getdikcə dünya miqyasında mövqeyini daha da möhkəmləndirir. Respublikamızın Cənubi Qafqazdakı lider mövqeyi, o cümlədən bu bölgədə aparıcı dövlətə çevrilməsi, Şərq-Qərb, Şimal-Cənub arasında mövcud olan nəqliyyat dəhlizində xüsusi rol oynamağımız dünya ölkələrinin Azərbaycana diqqətini daha da artırıb. Azərbaycanın yüksələn mövqeyi bütün sahələrdə özünü büruzə verir və Qərb dövlətlərinin ölkəmizə münasibətində biz getdikcə daha praqmatik, eyni zamanda qarşılıqlı maraq doğuran addımları müşahidə edirik. Avropa ölkələrinin əsas aparıcı qurumlarından biri Avropa Parlamentidir. Bu qurumun çıxardığı qərarlar, verdiyi tövsiyələr Avropa ölkələri tərəfindən yerinə yetirilməkdədir.

Avropa Parlamentində Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı bir neçə dəfə sənədlər qəbul edilib. "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Avropa İttifaqı Cənubi Qafqaz ölkələri ilə ikitərəfli əlaqələri genişləndirmək xəttini götürüb. Azərbaycan da bu proqramda iştirak edir, ölkəmiz Avronestdə fəal iştirak edən bir dövlətdir. Avronest PA-nın iclasının Bakıda keçirilməsi Azərbaycanın Avropa məkanında rolunu qabarıq şəkildə nümayiş etdirir. Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqşəsi ilə bağlı öz mövqeyinibildirib. Həmin sənəddə erməni silahlı qüvvələrinin birmənalı olaraq işğal edilmiş ərazilərdən çıxarılması və Ermənistan vətəndaşlarının həmin bölgədə hərbi xidmət keçməsinin məqbul olmadığı göstərilir. Əgər Ermənistan bu gün Dağlıq Qarabağı müstəqil qurum kimi təqdim etməyə çalışırsa, onda həmin əsgərlərin o ərazilərdə nə işi var?

Bu onu göstərir ki, Ermənistan Dağlıq Qarabağ ərazisində işğalçı ordu saxlayır. Ona görə də qəbul olunan bu qətnamə bütövlükdə işğalçı Ermənistana qarşı çevrilməklə, onu ittiham etməklə Azərbaycanın maraqlarını müdafiə edirPrezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin dəyərli və məntiqi nəticəsidir.

- Bir neçə gündən sonra, yəni may ayında Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik edəcək. Sizcə, bunun Azərbaycanın xarici siyasətində nə kimi üstünlüyü olacaq?  

- Azərbaycanın uğurlu xarici siyasətinin dəyərli nəticəsi kimi BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizi  xüsusi qeyd etməliyik. Bu da bizim üçün çox önəmli hadisədir. Bir ay müddətinə Azərbaycan bu quruma sədrlik edəcək. 20 illik müstəqilliyi olan bir ölkə dünya siyasətinin taleyüklü məsələlərini həll edən bir qurumda yüksək yer tutması qürurverici hadisədir və bütün bunlar Azərbaycanın məqsədyönlü, uğurlu siyasətinin nəticəsidir. 

- 1992-ci ilin aprel ayının 20-də qəbul olunmuş "Siyasi partiyalar haqqında" qanun layihəsinə tarixi bir dəyişiklik edildi. Partiyaların dövlət büdcəsindən maliyyələşməsi təmin olundu. Uzun müddət idi ki, həm hakim Yeni Azərbaycan Partiyası (YAP), həm də müxalifət partiyaları bu dəyişikliyi tələb edirdilər. 20 ildən sonra qanuna edilən dəyişikliyi necə qiymətləndirirsiniz?

- Azərbaycanda güclü inkişaf getdikcə ölkəmizin ictimai-siyasi həyatında da buya digər dəyişikliyə ehtiyacı olan qanunlar ortaya çıxır. Ölkəmizdə mövcud olan siyasi sistem getdikcə təkmilləşir, siyasi islahatlar dərinləşir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan siyasi sistemini daha da təkmilləşdirmək vacibdirbu istiqamətdə də fəaliyyət həyata keçirilməlidir. "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. Bu qanunun qəbulundan sonra Azərbaycan yeni Konstitusiya qəbul edib, Avropa Şurasına üzv olub, ATƏT, BMT çərçivəsində bir sıra öhdəliklər götürüb. Azərbaycan bütövlükdə siyasi sistemdə baş verən yeniliklərə uyğun qanunda müəyyən dəyişiklik etməyi zəruri sayıb. Bu qanunla bağlı Milli Məclisdə dəfələrlə müzakirələr aparılıb. Yeni Azərbaycan Partiyası da öz mövqeyini açıqlayıb. Aparılan söhbətlər, ekspertlərin araşdırmaları, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin fəaliyyəti, Milli Məclisin müvafiq şöbələrinin, komitələrinin fəaliyyəti nəticəsində belə bir əlavə və dəyişikliklər ortaya çıxıb. Bu əlavələr bir sıra fundamental dəyişikliyi özündə əks etdirib. Bu dəyişiklikləri sistemli şəkildə təhlil etsək, bir neçə məqam ortaya çıxır. Qanuna əsasən siyasi partiyaların yaradılmasının məqsədi və vəzifələri, nizamnaməsi, təsis edilməsində lazım olan şərtlər bir qədər təkmilləşib. Partiyaların maliyyə hesabatlarının açıq və şəffaf olması, üzvlük haqlarının, ianələrin toplanması forması daha təkmil formada müzakirə edilərək qanun layihəsində öz əksini tapıb. Digər istiqamət dövlət tərəfindən siyasi partiyaların maliyyələşdirilməsi məsələsi idi. Bu norma Azərbaycanın siyasi sistemində tətdiq olunan ilk normadır, mövcud qanuna edilən ən mühüm yenilikdir. Qanuna uyğun olaraq dövlət büdcəsinin müzakirələri zamanı  siyasi partiyalara vəsait ayrılması ilə bağlı  müddəa öz əksini tapacaq. Həmin vəsaitin məbləği hökumət tərəfindən təqdim olunacaqMilli Məclisdə müzakirəyə çıxarılacaq.

- Milli Məclisdə "Siyasi partiyalar haqqında" qanuna  dəyişiklik müzakirə olunarkən parlamentdə təmsil olunan digər partiyalarla yanaşı, Yeni Azərbaycan Partiyası da maliyyənin bölünməsi ilə bağlı narazılığını bildirdi. Sizcə, dövlət tərəfindən ayrılacaq maliyyə vəsaiti necə bölünməli idi və nəticə sizi qane etdimi?

- İndiki gerçəklik və siyasi sistemdə partiyaların inkişafına dövlət dəstəyi nəzərə alınmaqla Yeni Azərbaycan Partiyası təklif olunan variantı müdafiə edir. YAP ölkəmizin ən aparıcı siyasi partiyasıdır. Bu partiya ulu öndər Heydər Əliyevin qurduğu və Azərbaycanın milli ideologiyasını özündə birləşdirən, azərbaycançılıq ideologiyasını əsas götürən partiyadır. Partiyamızın sədri, Prezident İlham Əliyevin siyasəti əksəriyyət ölkə vətəndaşları tərəfindən müdafiə olunur. Ölkədə keçirilən bütün seçkilərdə biz uğurlar qazanmışıq. Yeni Azərbaycan Partiyası həm parlamentdə tutduğu yerə, həm də topladığı səslərə görə hökumət tərəfindən ayrılan vəsaitin mütləq əksəriyyətinə sahib ola bilər. Lakin biz yenə də gerçək vəziyyəti və digər partiyaların inkişafına dəstək istəyimizi nümayiş etdirərək təklif olunan varianta səs verdik. 

Qanunda göstərilir ki, maliyyə vəsaitinin  10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3 faizini  qazanan, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılan səslərin sayına proporsional olaraq bölünəcək. Büdcə vəsaitinin 40 faizi parlamentdə təmsil olunan siyasi partiyalar arasında bərabər paylanacaq. Qalan maliyyə vəsaitinin 50 faizi isə Milli Məclisə seçilən deputatların sayına proporsional olaraq bölüşdürüləcək. Hazırda parlamentdə 84 deputatın partiya mənsubiyyəti var. Onlar 11 partiyanı təmsil edirlər. Bu 84 nəfərin 71-i YAP üzvüdür. Yerdə qalan 13 deputat 10 partiyanı təmsil edir. YAP-ın deputatlarının sayı parlament üzvlərinin sayının 56 faizi qədərdir. Partiyalı deputatların isə 84,15 faizi YAP-çıdır. Biz bu bölgü tətbiq olunduqda ayrılmış vəsaitin 56 faizinə iddia edə bilərdik. Amma mövcud şəraitdə digər partiyaların maliyyə vəsaiti almasını məqsədəuyğun sayaraq bu dəyişikliyi ədalətli hesab etdik. Baxmayaraq ki, bəzi radikal meyilli partiyalar indiyə qədər bunun ədalətsiz olduğunu, guya bu dəyişikliyin YAP-a daha çox üstünlük verdiyini iddia etməkdədirlər. Çox təəssüf edirəm ki, bunu deyən şəxslər adi hesablama aparmadan yalnış fikir yürüdürlər.

Bütövlükdə qanuna dəyişiklik Azərbaycanda siyasi sistemin daha da təkmilləşməsinə, siyasi partiyaların təmərküzləşməsinə, partiyaların ayrı-ayrı ideyalar ətrafında birləşməsinə təkan verəcək Prezident İlham Əliyevin Azərbaycanda siyasi sistemin islahatları istiqamətində apardığı siyasətin tərkib hissəsi kimi özünü daha qabarıq şəkildə göstərəcək. Bu, çox uğurlu Azərbaycanın milli maraqlarına xidmət edən bir addımdır. 

- Azərbaycan hökuməti siyasi partiyalara dövlət büdcəsindən maliyyə vəsaiti ayırmaqla bağlı qanuna dəyişiklik etdiyi halda radikal müxalifət yenə öz ampluasından əl çəkməyərək mitinq aksiyalar keçirərək aranı qarışdırmaq  xüsusən "Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi bir vaxtda ölkədə arzuolunmaz vəziyyyət yaratmaq istəyir. Sizcə, Azərbaycanla bağlı mənfi fikir, imic formalaşdırmaq istəyən bu qüvvələrin məqsədi nədir onlar kimlərə xidmət edirlər? 

- Azərbaycan tolerant, mədəni ölkə olduğunu artıq sübut edib. Avropa Azərbaycanın bir neçə beynəlxalq toplantılara, idman yarışlarına ev sahibliyi etdiyinin şahidi olub artıq ölkəmizlə bağlı müsbət rəy formalaşıb. Hesab edirəm ki, Avropa musiqi yarışmasının Azərbaycanda keçirilməsindən ən çox narahatçılıq keçirən Ermənistandır. Bu ölkə Azərbaycan haqqında mənfi fikir formalaşdırmaq istəyir. Ona görə biz buna yol verməməliyik. Bunun üçünsə  mübariz olmalıyıq. Xarici media, beynəlxalq təşkilatlar miqyasında hücum diplomatiyası yeritməliyik bu xəttimizi hər yerdə göstərməliyik. Bu musiqi yarışmasına əngəl olmaq istəyənlər ölkəmizin daxilindəki bəzi radikal qüvvələri ələ alaraq onların vasitəsi ilə aranı qarışdırmaq, qarşıdurma yaratmaq istəyirlər. Musiqi yarışması  ərəfəsində ölkəmizdə bu ya digər formada müəyyən dairələrin casus şəbəkələrinin vasitəsi ilə hansısa fitnəkarlıq törətmək istəyirlər. Amma Azərbaycan xalqı, hüquq-mühafizə orqanları ayıqdır. Dövlət başçısının siyasəti fitnəkarlığın qarşısını almağa qadirdir.

Ölkəmizdə siyasi sistemin inkişafı həyatımızın bütün sahələrinə təsir göstərir. Bu gün Azərbaycanda hər bir şəxsin siyasətlə məşğul olması üçün böyük imkanlar yaranıb. Ölkə əhalisinin müəyyən hissəsi siyasi partiyalarda təmsil olunurlar. Azərbaycanda ictimai-siyasi sabitlik var. Ancaq bəzi dairələr, xüsusilə, vaxtilə xalqın etimadını itirmiş, bir növ hakimiyyətdən qovulmuş şəxslər revanş almaq üçün bütün vasitələrdən istifadə edirlər. Həmin dairələr makiavelizmin "məqsəd vasitəyə bəraət qazandırır" prinsipi ilə hərəkət edirlər. Yəni, onlar əsas məqsədə çatmaq üçün hər cür hərəkətə, təxribata yol verməyi məqbul sayanlardı. Onların prinsipləri bəllidir - hakimiyyət üçün nə qədər pisdirsə, bizim üçün o qədər yaxşıdır. Radikal müxalifətin nəzarətində olan mətbuat ölkədə baş verən təbii fəlakətləri də elə təqdim edir ki, guya bu, hansısa düşmən ölkədə baş verib.

Çox təəssüf ki, radikal müxalifətin liderləri Əli Kərimli, İsa Qəmbər, Pənah Hüseyn elə düşünürlər ki,  yalan çağırışları ilə guya Azərbaycan xalqı bunların tərəfinə keçəcək. Amma bu xalq milli marağı daha qabarıq şəkildə müdafə edir. Xocalı soyqırımının 20-ci ildönümündə  xalq böyük bir izdihamla meydanlara axışmışdı. Çünki xalq milli marağa əsaslanıb yürüşə qatılmışdı. Azərbaycanda insanların küçələrə çıxmaq problemi yoxdu. Sadəcə millət milli maraq ortada olduqda meydanlara, küçələrə axışır. Ancaq bu gün xalq radikal müxalifətin çağırışına səs vermir. Onların keçirdikləri son aksiyanı mitinq yox, miskin bir toplantı adlandırmaq olar.

Həmin miskin toplantıya yığılan insanlar  qədər çeynənmiş sözlər eşitməlidirlər? Nə qədər İsa Qəmbərin, Əli Kərimlinin yalan vədlərinə qulaq asmalıdırlar? Onlar xalqa yenə yalan vədlər verirlər. Onların proqnozlarına görə, Azərbaycan iqtidarı indiyədək ən azı 50 dəfə hakimiyyətdən getməli idi. Amma həyat göstərir ki, xalq Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və onun nəticələrini görür.

Azərbaycanın imicini korlamaq istəyən daxildəki və xaricdəki dairələr bir-birinə bağlı şəkildə fəaliyyət göstərirlər. Bu isə Azərbaycanın marağı baxımından yolverilməzdir. Bizm beynəlxalq uğurlarımıza sevinməyən qüvvələrin ermənilər olduğunu bilirik. Amma daxildəki qüvvələr də uğurlarımıza sevinmirlər. Onda maraqlı bir sual  yaranır - "siz kimsiniz daxildə olan radikallar?", "Siz kimsiniz daxildə olan dağıdıcı qüvvələr?", "Siz Azərbaycanı sevmirsinizmi?", "Əgər siz bu ölkəni sevmirsinizsə, onda Azərbaycan adından necə danışırsınız?".

- Onların keçirdikləri son aksiyada  hiss olundu ki, artıq sözü qurtaran "liderlər" xarici qüvvələrdən dəstək gözləyirlər. Ölkədə narazı olan bəzi insanlardan istifadə edirlər. Bu, nə dərəcədə doğrudur?

- Mən onların çıxışlarının xülasəsini oxudum. Qeyd edim ki, bir-birinə zidd olan tezislər səsləndirirlər. Başlanğıcda dediklərini axırda unudurlar və ya bir çıxışçı digər çıxışçının söylədiyi fikirləri başa düşmür, başqa məsələdən danışır. Digər tərəfdən dünyanın istənilən ölkəsində əhalinin müəyyən qismi narazı ola bilər. Bu normal bir prosesdir. Azərbaycanda olan narazı insanlar arasında bölgü aparsaq onları müxtəlif yerə bölə bilərik. Elə şəxslər var ki, ölkədəki bu və ya digər hadisədən narazıdır, amma bütövlükdə siyasətdən narazı deyil. Konkret hadisədən, subyektdən kimsə narazı ola bilər. Hər narazı adam müxalifətçi olmaq demək deyil. Hər narazı insan Prezidentdən narazı deyil. Onlar yerli icra sturukturlarından, hüququnu pozan bəzi aşağı icra orqanlarında  çalışan bir şəxsdən narazı ola bilərlər. Bu, o demək deyil ki, həmin şəxslər müxalifətin tərəfindədirlər.

Hesab edirəm ki, həmin miskin toplantıya gedənlər İsa Qəmbərlə, Əli Kərəmlinin ətrafındakı əməkhaqqı alan azsaylı işçiləri, qohumları və təsadüfən orada nəsə dinləmək istəyənlərdi. Ayrı-ayrı adamların, şəhidlərin, qaçqınların, evi quruculuq-abadlıq işləri zamanı söküntüyə məruz qalmış vətəndaşın adından istifadə etmək düzgün deyil. Bunlar artıq keçmir və belə şeylərdən siyasi divident qazanmaq dövrü keçmişdə qalıb. Bu siyasi "tryuklardan" İsa Qəmbər vaxtı ilə istiadə edibindi yenə ona can atsa da, istəyinə nail olmayacaq. İsa Qəmbər deyir ki, biz öz xarici partnyorlarımızla məsləhətləşib bundan sonrakı addımlarımızı müəyyənləşdirəcəyik. Bu ifadədən belə məntiq alınır ki, sənin xarici partnyorların erməni lobbisinin pulu ilə siyasətə gəlmiş dairələrdir. Onlar Fransa, İtaliya, Almaniya parlamentinə seçilmiş adamlardır. Sən, bu insanlarla partnyorluq edib xalqı yalan vədlərlə aldadırsan. Ancaq bu xalq artıq kimin kim olduğunu çox gözəl bilirbu siyasətlə radikal müxalifət heç nəyə nail olmaq gücündə deyil.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 7.