Azərbaycan ilə Böyük Britaniya arasında bütün sahələrdə əlaqələr gündən-günə inkişaf edir

 

Böyük Britaniyada işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Britaniya-Azərbaycan parlament qrupunun üzvləri ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir britaniyalı deputatlar ilə Azərbaycanda gedən dövlət quruculuğu prosesi və ölkəmizin Avropa məkanı üçün geostrateji əhəmiyyəti barədə danışmışdır. 

Azərbaycanın enerji siyasətinə və Avropanın enerji təhlükəsizliyində oynadığı roluna, ölkəmizin iştirakı ilə reallaşdırılmış irimiqyaslı layihələrə toxunan E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, məsələnin həlli istiqamətində aparılan sülh danışıqları barədə ətraflı məlumat vermişdir.

Azərbaycanın xarici siyasət sahəsindəki uğurlarından da danışan nazir vurğulamışdır ki, ölkəmiz ilə Böyük Britaniya arasında bütün sahələrdə əlaqələr gündən-günə inkişaf edir. Bundan əlavə, E.Məmmədyarov Azərbaycanın Əfqanıstanda sabitliyin bərpasına və inkişafına verdiyi töhfələri də britaniyalı deputatların diqqətinə çatdırmışdır.

Sonda nazir Britaniya-Azərbaycan parlament qrupunun üzvlərinin ölkəmizin xarici siyasəti ilə bağlı suallarını cavablandırmışdır.

 

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 8.