Akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilmişdir

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 23 nömrəli məktəbin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, "Əbədiyyətə qovuşanlar" adlı tədbirdə görkəmli alimin xatirəsi ehtiramla yad edilmiş, onun ömür yoluna nəzər salınmışdır.

Məktəbin direktoru İradə Rəhimli və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirin dəyərli, əvəzsiz qadınlara, müqəddəs analara, öz zəmanəsinin əbədi ilahələrinə həsr olunduğunu vurğulamışlar.

Çıxışlarda Zərifə xanım Əliyeva nəcib, qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanmışdır. Alimin oftalmologiya elmi sahəsində xidmətlərindən danışan natiqlər onun millətinə, Vətəninə, peşəsinə, ailəsinə bağlı bir ziyalı ömrü yaşadığını, xeyirxah əməlləri ilə örnək olduğunu söyləmişlər.

Bildirilmişdir ki, bütün bunlarla yanaşı, akademik Zərifə xanım  Əliyeva yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı kimi əbədiləşmişdir. 1923-cü ilin bir bahar günündə dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan Zərifə xanımın parlaq xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Məktəbin şagirdlərinin ifasında səslənən akademik Zərifə Əliyevaya həsr olunmuş şeirlər onun parlaq obrazını göz önündə canlandırmışdır.

Tədbirdə Azərbaycanın daha bir ziyalı qadınının, şərqşünas alim, professor Aida İmanquliyevanın da Azərbaycan elmi qarşısındakı xidmətləri hörmətlə xatırlanmışdır. Vurğulanmışdır ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu iki ailə arasında sanki bir mənəvi körpü rolu oynamışdır. Mehriban xanım Əliyevanın ölkəmizin dünya arenasında tanıdılmasında misilsiz xidmətlərindən də danışılmışdır.

Tədbir konsert proqramı ilə başa çatmışdır.

 

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 8.